Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyi və “CƏNGİ” Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, sevilən cazmen, müğənni Cavan Zeynallı ilə gənclərin görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir “MədəniyyətimİZ” proqramı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutan görüşdə layihə müəllifi Riad Cəbrayılov çıxış edərək zəngin musiqi mədəniyyətimizin gənclər üçün təbliği və həyata keçirilən müxtəlif layihələrin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, artıq yeni mövsümdən etibarən çox saylı mədəniyyətsevərlərin ölkəmizdə və vətənin hüdudlarında teatr, kino, musiqi və digər incəsənət sahələri üzrə irimiqyalı tədbirlərin, proqramların tamaşaçısı olacaqlar. Sevindirici haldır ki, məhz bu tədbirlərdə yaradıcı gənclərin fəaliyyətinə daim xüsusi diqqət ayrılır, istedadlı gənclərin ictimaiyyətə tanıdılmasına dəstək göstərilir.
Görüşdə Xalq artisti Cavan Zeynallı Azərbaycan musiqi mədəniyyəti, estrada-vokal və caz sənətinin tarixi və inkişafı, “Qaya” Dövlət Vokal Ansamblının fəaliyyəti, populyar musiqi sənətinin təbliği və gənclərin sağlam ruhda yetişməsinə dair fikirlərini bölüşüb, habelə Səmray Əliyevanın moderatorluğu ilə “Caz ifaçılığı sənətinin inkişafı”, “Retro musiqi irsimiz” və “Səhnə yaradıcılığı” mövzularında panel müzakirə aparılıb.
Tədbirin bədii hissəsində Cavan Zeynallı ifasında müxtəlif sevilən nəğmələr tamaşaçılara təqdim olunub.
“MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili, ədəbi-bədii və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.