AZ

Rusiya Kurskda əks-hücuma keçdi - Ağır döyüşlər GEDİR

Rusiya ordusunun Kursk vilayətində Ukraynaya qarşı əks-hücum əməliyyatın başlaması barədə xəbərlər yayılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya ordusuna yaxın hərbi teleqram kanalı yazıb.

 

Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə əlaqəli "Rybar" kanalının məlumatına görə, Qluşkovski və Korenevski rayonlarının sərhədində Rusiya ordusunun iki bölməsi əks-hücuma başlayıb.

 

"Mash" kanalı isə iddia edir ki, rus qoşunları Ukrayna Silahlı Qüvvələrini Qordyevka kəndindən sıxışdırıb çıxarıb. Kanal, həmçinin yazır ki, hazırda Rusiya ordusu bölgənin 10 kilometrdən çox ərazisini nəzarətə götürüb.

 

"Rybar" kanalının məlumatına görə, Rusiya hücum briqadaları Ukrayna Silahlı Qüvvələrini Apanasovka kəndi və onun ətrafında bəzi mövqelərdən çıxarıb.

 

Kursk vilayətindəki vəziyyətlə bağlı son hesabatında Rusiya Müdafiə Nazirliyi əks-hücum barədə məlumat verməyib. Rəsmi açıqlamada Ukrayna Silahlı Qüvvələrinin bir neçə yaşayış məntəqəsi istiqamətində hücumlarının dəf edilməsindən və Ukrayna Silahlı Qüvvələrinin bir neçə bölməsinin darmadağın edilməsindən söz açılıb.

 

Ukrayna Silahlı Qüvvələri də Kursk vilayətində əks-hücumlarla bağlı məlumatları şərh etməyib.

 

Bəzi Ukrayna hərbi teleqram kanalları Rusiya ordusunun bu bölgədə hücuma keçmək cəhdini təsdiqləyib və ərazidə ağır döyüşlərin getdiyi bildirilib.

 

Qeyd edək ki, Ukraynanın Kursk vilayətində hərbi əməliyyatları avqustun 6-da başlayıb. Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq yüzdən çox yaşayış məntəqəsinin daxil olduğu 1300 km Rusiya ərazisinə nəzarət edir.

Seçilən
138
12
modern.az

10Mənbələr