AZ

Tehranın Qərblə “Zəngəzur dəhlizi” bazarlığının şifrələri

İran Təhlükəsizlik Şurasının katibi Rusiyaya gedib və dəhlizi müzakirə edəcək, eyni vaxtda İrəvandakı iranlı səfir Qriqoriyanla bu mövzuda danışıb; analitiklər qonşudakı isterikanın səbəblərini açıqladı
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya səfərə yola düşüb. “Yeni Müsavat” yazır ki, bu barədə sentyabrın 10-da İRNA məlumat yayıb. Əli Əkbər Əhmədian BRİCS-ə üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iclasında iştirak etmək üçün Rusiyaya gedib. Onun Zəngəzur dəhlizi ilə bağlı Rusiya rəsmiləri ilə ikitərəfli danışıqlar aparması da planlaşdırılır.
Dəhliz mübahisələrinin mürəkkəb dövrə daxil olduğu vaxtda İranın İrəvandakı səfiri Mehdi Sobhani də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Görüş zamanı səfir İranın istənilən geosiyasi dəyişikliyi qəbul etmədiyi, eləcə də qonşularının ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Qriqoryan İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Qriqoryan səfirə vəd edib ki, Ermənistan ərazisi daxilində nəqliyyat blokadalarının qaldırılması ölkənin daxili qurumlarının nəzarəti altında olacaq. O, Ermənistanın dəhliz məntiqi ilə bağlı istənilən blokadanın aradan qaldırılmasının əleyhinə olduğunu bildirib. 
İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin Moskvaya gedişi, iranlı səfirin isə Ermənistan TŞ katibi ilə görüşü Tehranın Zəngəzurla bağlı cidd-cəhdlə hərəkətləndiyini nümayiş etdirir. Eyni zamanda bu görüşlər müttəfiqlər olan Tehranla Moskva arasında Zəngəzur dəhlizi ilə bağlı yaranmış gərginliyin təzahürlərindən biridir. İran Rusiyanın dəhlizin açılması barədə bəyanatlarını qəbuledilməz hesab edir. Bu məsələdə Qərb də ənənəvi “düşməni” İranla eyni mövqe nümayiş etdirir.
Müşahidəçilərə görə, indi İranın kifayət qədər başqa, daha vacib problemləri var və “Zəngəzur məsələsi” Tehranın heç də kəskin qərarlar verməli olduğu mövzu deyil. Həm də indi təkcə söhbət Azərbaycandan deyil, həm də Rusiyaya münasibətdən gedir. Əvvəl Məsləhət Şurasının üzvü general Möhsün Rezayi Zəngəzur dəhlizinə görə Rusiya xarici işlər nazirini sərt tənqid edib: “Rusiya dövlət xadiminin davranışı qəbuledilməzdir və İranla dostluq bəyanatı ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu anlaşılmazlıqlar aradan qaldırılmalıdır”. Söhbət Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli sazişi sabotaj etməsi ilə bağlı bəyanatından gedir. İranın xarici işlər naziri Abbas Əraqçi də X səhifəsində bildirib ki, regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, həm də ölkəsinin milli təhlükəsizliyinin sütunlarındandır: “Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, milli təhlükəsizliyimizin sütunlarıdır. Şimaldan, cənubdan, şərqdən və ya qərbdən qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması qəbuledilməzdir. Bu, İranın “qırmızı xətti”dir”.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Fədahüseyn Maleki isə Zəngəzur dəhlizinin yaradılmasını dəstəkləməsindən sonra Rusiyanı İrana qarşı ziddiyyətli siyasət yürütməkdə ittiham edib. Fədahüseyn Maleki İranın Moskvanın Tehranla münasibətlərində paradoksal davranışlardan çəkinməsini gözlədiyini deyib. “İran diplomatiyası Rusiya prezidentinin Zəngəzur dəhlizinə dəstək verən son mövqeyinə qəti cavab verəcək”, – deyən deputat əlavə edib ki, İranın milli maraqları heç bir təhlükə ilə keçilə bilməyən “qırmızı xətt”dir. Maleki Rusiyanın regional məsələlərdə ikili standartlarını və Zəngəzur dəhlizi yaratmaq istəyini “arxadan zərbə” adlandırıb. Deputat deyib ki, marjinallaşdırılarsa və ya sərhədləri təhdid edilərsə, Tehran həlledici cavab nümayiş etdirəcək.
Bəziləri bu gərginliyi hətta İran-Rusiya yaxınlaşmasının sona çatması kimi dəyərləndiriblər. Halbuki bu bəyanatlar fonunda İran Rusiyaya bir neçə yüz qısamənzilli ballistik raket verib. Bəs Tehranı Moskvanın üzərinə getməyə vadar edən səbəb nədir? Təhlilçilərə görə, Rusiyaya “buynuz göstərməsinin” səbəbi İranın Qərblə, xüsusilə ABŞ-la barışmaq cəhdidir. Yəni Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə qarşı olan İran Vaşinqtona Tehran “Rusiya ilə münasibətlər bizim üçün çox da önəmli deyil, bunu nəzərə almanızı xahiş edirik…” mesajı vermiş olur. Eyni zamanda İran Rusiya ilə Əhatəli Razılaşma Müqaviləsi imzalanmasında da artıq tərəddüdlü mövqe sərgiləməyə başlayıb. Bu gedişlə Rusiya ilə münasibətlər gərginləşə bilərmi, yoxsa Moskva Tehranın oynadığı oyunun səbəbini bildiyi üçün bu hədələri ciddiyə almayacaq? 

Sülhəddin Əkbər
Milli siyasət üzrə ekspert Sülhəddin Əkbərin sözlərinə görə, burada açıq narazı görünən tərəflər İran və ABŞ-dir: “İran Xarici İşlər Nazirliyi nəhayət aydınlıq gətirdi ki, Tehran nə sülhün, nə də yolların açılmasının əleyhinə deyil. O zaman narahatlıq nədən ibarətdir? Məncə, narahatlıq Putinin Bakı səfəri və aparılan danışıqlarla bağlıdır. Amma biz nələrin müzakirə edildiyi haqda məlumatlı deyilik və nəsə demək çətindir. Ona görə də Şoyqunun Tehran, sonra Bakı səfərini də nəzərə alsaq, belə güman etmək olar ki, dəhlizin açılması ilə əlaqədar İranı narahat edən və ictimai şəkildə müzakirə edilməyən bir plan var. Bu, sərhədlərin dəyişməsi və geopolitik planla bağlı ola bilər. İran hesab edir ki, dəhliz açılarsa, Ermənistanın suverenliyindən kənar eksterritorial ərazi olacaq və İrəvanın nəzarətində olmayacaq, geopolitik vəziyyət dəyişəcək. İranın narahatlığı bundan ibarətdir. Ağlıma gələn budur ki, Türkiyə-Azərbaycan-Rusiyanın müzakirə edilən bir planından söhbət gedir”.
S.Əkbər hesab edir ki, ABŞ-ın Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin nümayəndəsinin Bakıya səfərinin də bir səbəbi bununla bağlı ola bilər: “Yəni regionda yarana biləcək hərbi-siyasi risklərlə bağlıdır. Başqa səbəblər də ola bilər. Hər halda, hərbi-siyasi bir risk görürəm. Zəngəzurla bağlı İranı narahat edən iqtisadi məsələlər də ola bilər, amma əsas bu deyil. İran sərhədlərin dəyişməsi ilə bağlı narahatlığını dilə gətirir. Məncə, əsas səbəb İranın Ermənistanla quru əlaqəsinin itirilməsi, ərazinin eksterritorial zonaya çevriləcəyi ilə bağlı narahatlıqdır. Bunun iqtisadi itkiləri ilə bağlı məsələ İranı daha az narahat edən tərəfidir”.

Aqşin Kərimov
Siyasi icmalçı Aqşin Kərimovun fikrincə, İran dəhlizin açılmasının qaçılmaz olduğunu görür, lakin etirazlarını ona görə ucaldır ki, Azərbaycana qarşı olan Fransa ilə sövdələşmə damarı tapsın: “İran Zəngəzur dəhlizini özünün elan etdiyi regional nüfuz mənimsənilməsi məntiqində saxlaya bilməyəcək. Çünki İran gec-tez siyasətini Zəngəzur dəhlizinin iqtisadi və ticari imkanlarına adaptasiya etdirməyə məcbur qalacaq”.

Turab Rzayev
Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, İran istəyir ki, Zəngəzur dəhlizində Rusiyanın nəzarəti bərpa olunmasın: “Bu cür açıqlamaların hələ davamı olacaq. İranla Ermənistan arasında strateji ittifaqa qədər apara bilən müqavilələr mövcuddur. Hətta İran və Ermənistanı müəyyən məsələdə hərbi müttəfiq də saya bilərik. Ona görə də Ermənistanla münasibətlər İran xarici siyasətində əsas prioritet xətt olacaq və bu, Tehranın Bakı ilə münasibətinə daimi problem yaradacaq”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
arantv.az

10Mənbələr