Azərbaycanın torpaqlarını işğaldan azad etməklə regionda yeni geosiyasi vəziyyət yaratması öz təsdiqini bir daha tapıb. Cənubi Qafqazda böyük layihələr reallaşmaq üzrə olanda bu özünü daha qabarıq göstərir. Yaranmış şəraitə uyğunlaşmayanlar, adaptasiya oluna bilməyənlər, yaxud olmaq istəməyənlər çıxılmaz vəziyyətə salırlar. Düşdükləri hala görə başqalarını qınayırlar.
Son günlər Zəngəzur yolunun reallaşması istiqamətində Rusiyanın verdiyi açıqlamadan İran qıcıqlanır. Rəsmi Moskva bu yolun açılmasına 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda razılığını verib. Bu baxımdan onun məsələyə yenidən müsbət yanaşmasını mövqeyini təkrarlamaq kimi də dəyərləndirmək olar.
İran hakimiyyəti də bu ideya müzakirə olunandan “regionda sərhədlərin dəyişməsi, minillik yolun bağlanması” ilə razılaşmayacağını bildirərək bu məsələni “qırmızı xətti” elan edib.
Ötən gün İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Zəngəzur yolu ilə bağlı məsələni müzakirə etmək üçün Rusiyaya səfər edib.
Bildirilib ki, o, Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb. Kremlin nümayəndəsi iranlı həmkarının diqqətinə Zəngəzur yolu ilə bağlı ölkəsinin dəqiq və stabil mövqeyi olduğunu çatdırıb: “Moskva Tehranla Zəngəzur yoluna dair əvvəlki razılaşmalara sadiqdir və bizim bu istiqamətdə siyasətimiz heç bir şəkildə dəyişməyib”.
Şoyqu Birləşmiş Ərəb Əmirliyinin iddia etdiyi Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adalarla bağlı iddialara cavab olaraq bildirib ki, rəsmi Moskva bu əraziləri İranın torpaqları olaraq tanıyır: “Rusiya İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”.
Son günlər Rusiya və İran rəsmiləri, siyasiləri və analitikləri arasında Zəngəzur yolu ilə bağlı çox sərt müzakirələr aparılır.
Tehran hakimiyyəti yolun açılmasına qarşı çıxır, onu “Turan yolu”, “türk birliyi”, “NATO yolu” adlandıraraq bu layihənin gerçəkləşməsinə razılıq verdiyi üçün Rusiyanı qınayır. Bu kimi diplomatik açıqlamalar və söz güləşdirmələrdən belə nəticəyə gəlmək olar ki, bütün bu iddialar Azərbaycana deyil, Rusiyaya qarşı yönəlib.
Tehranla Moskva qərb blokunun təzyiqi və sanksiyası altındadır. Son günlər hər iki ölkəyə ABŞ, Böyük Britaniya yeni sanksiyalar tətbiq edib. ABŞ İranı Rusiyaya ballistik raketlər verməkdə ittiham edir, qarşı tərəf isə bunu inkar edir.
Bundan başqa, iki ölkə arasında neft və təbii qaz ticarətinə dair müəyyən anlaşma olduğu da gizli deyil.
Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 5-də Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, İran uzun müddətdir onlardan təbii qaz tədarük etmək istəyir: “İran uzun müddətdir bizdən qaz təchizatı istəyir. Bu, bizim üçün çox əlverişli yerdir, yataq yaxınlıqdadır. Güman edirəm ki, bu, tamamilə həyata keçirilə bilən layihədir. Bazarların çox böyük olduğunu nəzərdə tuturam. İranla qonşu ölkələrdə isə qaza böyük ehtiyac var”.
Onun sözlərinə görə, “Qazprom” həm yeni bazarlara, həm də Rusiya iqtisadiyyatının artımı ilə əlaqədar daxili bazara qaz ixracı həcmlərini bərpa edəcək.
Bu yaxınlarda yayılan xəbərə əsasən, “Qazprom” (MOEX: GAZP) boru kəməri təchizatı ilə İran bazarına çıxmaq istəyir. 2024-cü ilin iyununda Moskva və Tehran uyğun memorandum imzalayıb. Analitiklərin hesablamalarına əsasən, Rusiyadan İrana ildə 3 milyarddan 10 milyard kubmetrədək qaz ixrac oluna bilər.
Habelə, İran Rusiyadan 20 “Mi-26”, 12 “Mi-17” və üç “Ka-32A11M” ağır helikopteri almağı planlaşdırır.
Ehtimal etmək olar ki, Əli Əkbər Əhmədian bu kimi məsələləri Rusiya rəsmilərinin diqqətinə çatdırıb. Bu səfər üç adanın Rusiya tərəfindən İran ərazisi olaraq tanınmasına da səbəb olub.
İran Zəngəzur yolunu bəhanə edərək Rusiyaya qarşı təzyiqlər edir. Belə qənaətə gəlmək olar ki, o, bununla RF əleyhinə siyasətini uzlaşdırmağa cəhd edir. Ona görə də guya Rusiyanın Zəngəzur yolunun açılmasına razılıq verməsini heç zaman əməl etmədiyi “qırmızı xəttin” tapdanacağı kimi sırımağa çalışır. Çünki rəsmi Tehranın cızdığı xətt qonşu ölkənin suveren hüquqlarının pozulması deməkdir. Tehran bu addımı ilə Rusiyadan Qafqazda müstəqil oyunçu olaraq fəallaşmasını, maraqlarının nəzərə alınmasını istəyir.
İran bu regionda Rusiyanın maraqlarına üstünlük verib. Daha dəqiq desək, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra Tehran bölgə siyasətini “öncə Rusiya” (“Russia first”) prinsipi üzərində qurub. Belə görünür ki, Zəngəzur yolunu bəhanə etməklə İran bu prinsipdən uzaqlaşmağa çalışır.
Heç şübhəsiz Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. Rəsmi Bakı başqa dövlətə qarşı ərazi iddiası olmadığını dəfələrlə vurğulayıb. Zəngəzur yolu isə sırf nəqliyyat marşrutudur. Yolun açılması isə İranla Ermənistan arasında nəqliyyat xəttinə mənfi təsir etməyəcək. İran əvvəllər olduğu kimi Ermənistan üzərindən Gürcüstana və Qara dəniz hövzəsinə çıxa bilər və s.
Əli Əkbər Əhmədian
Bu baxımdan Tehran rəsmiləri və təbliğat maşınının yol layihəsi yersizdir. Ona görə ehtimal etmək olar ki, İran bu məsələni alver vasitəsi olaraq görür. Başqa sözlə, Tehran Zəngəzur layihəsinin reallaşmasına qarşı çıxmayacağı qarşılığında “mənə nə çatacaq?” eyhamını vurur. O, Rusiyaya çatdırmaq istəyir ki, Qərblə Moskvaya qarşı mövqelərini uzlaşdıra bilər. Bu halda isə Ukrayna cəbhəsində, perspektivdə Rusiyanın İranda reallaşdırmağı planlaşdırdığı təbii qaz bazarında problemi yaranacaq. Belə bir vəziyyət RF-nin həm də perspektivdə beynəlxalq aləmdə tərəfdaşlarından birini itirməsi ilə nəticələnər.
Ona görə də Əli Əkbər Əhmədianla görüşdə Şoyqu bir neçə ay öncə mübahisəli saydıqları üç adanı birmənalı olaraq İran torpaqları olaraq tanıyıb. Bunu Moskvanın Tehrana ilk hədiyyəsi kimi də qiymətləndirmək olar.
Belə görünür ki, İran bəhs etdiyimiz layihə ilə bağlı Qərbdən də pay, güzəşt gözləyir. Tehran Rusiya üzərinə yeriməklə özünü onlara göstərib. İslam Respublikasının bu davranışını Qərbə güzəşt əldə etmək üçün anons da saymaq olar.
İran hakimiyyəti qonşular və müsəlman dövlətləri ilə əlaqələri inkişaf etdirmək istədiklərini bildirir. Bu baxımdan onun türk dövlətləri əlaqələrdən daha çox qazana bilər. Onda Rusiya ilə Qərb arasında variasiya etməsinə ehtiyac da yaranmaz.
Bundan başqa Azərbaycan Şimal-Cənub istiqamətində dəhlizin yaradılmasının fəal iştirakçısıdır. Layihənin reallaşmasına respublika milyonlarla dollarlıq maliyyə vəsaiti qoyub. Odur ki, rəsmi Bakı bütün istiqamətlərdə marşrutların reallaşmasında maraqlıdır. Bu, region və kənar ölkələrin əməkdaşlığının, əlaqələrinin genişlənməsi üçün əlavə fürsət yaradır. Zəngəzur yolundan İran özü də Avropa bazarlarına çıxmaq üçün alternativ yol kimi faydalana bilər.
İranın Rusiyaya hücumu hər iki tərəfə ziyan verər. Tehran və Moskva üçün Zəngəzur yolunda ortaq məxrəcə gəlmək ən uğurlu çıxış yolu sayılır. Odur ki, bu dəhliz hamıya açıq olacaq. Xeyirli açıq qapıları üzünə bağlayanlar adətən uduzub.(Report)