1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şirvan Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Namiq Rəfizadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aydan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 16 avqust 2023-cü il tarixdə, saat 23 radələrindən 17 avqust 2023-cü il tarixə keçən gecə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinin həyətində qeydə alınıb. Belə ki, Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qardaşını itirən Namiq Rəfizadə sözügedən şöbənin qarşısına gəlib. O, "Toyota Prius" markalı avtomobilindən düşüb "morq"a daxil olmaq istəyərkən orada olan polis əməkdaşları ona qapının bağlı olduğunu, ekspertin isə hələ gəlmədiyini bildiriblər. Sonra Namiq səs-küy salıb şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən Eldar Məmmədova nalayiq ifadələr işlədib. Daha sonra o, həmin şöbənin arxa giriş qapısının cəftəsini əli ilə qəsdən vurub sındırıb və idarə etdiyi maşını qurumun yan tərəfinə qəsdən bir dəfə çırpıb. Beləliklə, Namiq Rəfizadə sözügedən şöbəyə ümumilikdə 280 manat maddi ziyan vurmaqla xuliqanlıq edib.