Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Köçəsgər kənd yaşayış məntəqəsində keçirib.
"Unikal" xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəbin binasında təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizi tarixi qələbələrə, möhtəşəm uğurlara aparmaqda davam edir. Dövlət başçımızın verdiyi müstəqil siyasi, iqtisadi qərarları Azərbaycanı dünyada ən etibarlı, güvənli və nüfuzlu ölkəyə çevirib.
Qeyd edək ki, vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da hər kəs Ağstafa Rayon İcra Hakimiyyətinə öz müraciətlərini ünvanlaya bilər.
Qəbulda vətəndaşların müraciət və təklifləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıq və müvafiq tövsiyələr verilib.