AZ

Nazirə cavab: “Azərbaycanda professorun maaşı sizin müşavirinizin maaşından azdır”

Zaur Əliyev: "Elmi görmək üçün elmlə maraqlanmaq lazımdır”

Elm və təhsil naziri Emin Əmrullayevin "Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu”nda çıxışı narazılığa səbəb olub.

Nazir çıxışında bildirib ki, Azərbaycanda elmin inkişafı üçün onilliklər lazımdır.

"Elmlə məşğul olan insanları biz tanımırıq, görmürük”, – nazir deyib.

Azərbaycan Milli Elmər Akademiyasının Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev nazirin dediklərinə münasibət bildirib: "Elmi görmək üçün elmlə maraqlanmaq lazımdır. Alim özü özünü tanıtmaq üçün nə etməlidir? Xüsusən ciddi alimlər mühüm əhəmiyyətə malik əsərlərini götürüb televiziyalara gedib, reklam edilməsini xahiş etməlidir? Alimləri görməməyinizin günahı sizdədir. Siz nə zaman Azərbaycanın tanınan alimləri ilə üz-üzə görüş keçirdiniz? Dinlədiniz, baxdınız? Gördünüz? Axı elm və təhsildə islahatların paralel və əlaqəli şəkildə aparılması daha müsbət nəticə verər. İttiham etmək asandır, gəlib görüb tanış olmaq isə ondan da asandır”.

"Xaricdə olan alimləri misal çəkirsiniz. Heç bilirsiniz orada elə elmi mərkəz, elə ali məktəb var ki, büdcəsi Azərbaycan büdcəsinə bərabərdir. Biz alimlərin aldıqları əmək haqqından xəbəriniz var? Azərbaycanda elmlər doktoru, professorun aldığı əməkhaqqı müşavirinizin maaşından da azdır. Belə əməkhaqqı ilə hələ də elmi atıb getməmişiksə, bizə minnətdar olmalısınız”, – Zaur Əliyev bildirib.

Sentyabrın 9-dan 11-dək Bakıda "Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu” keçirilir.

Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Meydan TV

Seçilən
46
1
arqument.az

2Mənbələr