Rusiya ordusuna yaxın sosial media hesabları Rusiya Silahlı Qüvvələrinin sentyabrın 10-dan 11-inə keçən gecə Kursk vilayətində əks-hücuma keçdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, avqustun 6-da Ukrayna İkinci Dünya Müharibəsindən sonra Rusiyaya qarşı ən böyük hücumu həyata keçirib və minlərlə əsgər Qərb istehsalı olanlar da daxil olmaqla, çoxlu PUA və ağır silahlarla sərhəddəki Kursk bölgəsinə daxil olub.
Təhlükəsizlik qüvvələrinə yaxın “Rybar” və “Dva Mayora” teleqram kanalları Rusiya qoşunlarının Kurskda ciddi əks-hücuma keçdiyini yazıb.
“Rusiya ordusu Kursk vilayətində düşmən cəbhəsinin qərb cinahında əks-hücum əməliyyatlarına başlayıb, Ukraynanın dövlət sərhədi yaxınlığındakı nəzarət zonasını daraldıb”, – “Dva Mayora” Teleqram kanalı yazıb.
Bloqqer Yuri Podolyakanın sözlərinə görə, Rusiya qoşunları bir neçə kəndi nəzarətə götürərək Ukrayna qüvvələrini Malaya Loknya çayının şərqinə və Snaqost kəndinin cənubuna doğru sıxışdırıblar.
Amma nə Rusiya Müdafiə Nazirliyi, nə də Ukrayna ordusu hələlik bu xəbəri şərh və ya təsdiq etməyib.