Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin enerji daşıyıcılarının dünya bazarına çıxarılmasına xüsusi önəm verildi. Bu prosesdə İtaliyanın mühüm müsbət rolu indi də qalmaqdadır. Bu gün ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlər çoxşaxəlidir. Prezident İlham Əliyev uzun illər ərzində Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd edib, iki dövlət arasında müvafiq bəyannamənin təqribən 10 il əvvəl qəbul edidiyini bildirib. “Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.
Xarici siyasətində ikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın tarixi Zəfərimizdən sonra bu istiqamətdə qazandığı uğurların miqyası genişliyi ilə diqqətdədir. Möhkəm təməl üzərində qurulan əlaqələrin inkişafı üçün yeni imkanlar açılır. Hazırkı dövrdə ölkəmizin əsas hədəflərinin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması məsələsidir. Azərbaycanın İtaliya ilə iqtisadi-ticarət sahəsində əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın mühüm ticarət və ixracat tərəfdaşıdır. Azərbaycanın Avropaya neft ixracı İtaliya üzərindən gerçəkləşir. İki ölkənin enerji sahəsində əməkdaşlığı yüksək səviyyədədir.Azərbaycan müxtəlif Avropa ölkələri ilə, xüsusilə də İtaliya ilə əlaqələri sıx qurur. Bu gün ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Bu dialoqun mühüm səciyyəvi cəhətlərindən biri onun mütəmadi olaraq yeni və olduqca vacib mövzularla genişlənməsidir. Əlbəttə ki, Avropanın ən böyük iqtisadiyyata malik olan ölkələrindən olan İtaliya ilə əməkdaşlıq əlaqələrini genişləndirmək Azərbaycan üçün olduqca önəmlidir.Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq, iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə genişləndiyini və dərinləşdiyini əks etdirir. Bu tərəfdaşlıq, enerji, iqtisadiyyat, ticarət, mədəniyyət və siyasi sahələrdə inkişaf edən əlaqələri əhatə edir və hər iki ölkənin qarşılıqlı maraqlarını təmin etmək məqsədini daşıyır. İqtisadi əlaqələr Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlığın digər mühüm bir istiqamətidir. İtaliya, Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan xarici sərmayəçilərdən biridir.Əməkdaşlığın ən mühüm sahəsini enerji sahəsi əhatə edir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan və İtaliya arasında imzalanmış “Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə” iki dövlət arasında həm siyasi, həm iqtisadi, həm də strateji əməkdaşlığın daha da inkişaf etdirilməsini özündə ehtiva edən ən mühüm sənədlərdən biridir. Bunu da qeyd etmək yerinə düşər ki, bu gün İtaliya Azərbaycanla beynəlxalq layihələrdə əməkdaşlıq edir, belə ki, Azərbaycan qazı Cənubi Qaz Dəhlizi vasitəsilə (TAP Avropa hissəsi) İtaliyaya çatır. Sənədin digər önəmli tərəfi isə hər iki dövlətin qarşılıqlı olaraq, bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmasıdır. Bu sənəd Avropa Birliyi ilə münasibətlərə də töhfə verməsi danılmazdır.
Qarşılıqlı dövlət əhəmiyyətli sənədlərin mübadiləsi hər iki dövlətin gələcəkdə də əməkdaşlıqdan məmnunluğunun bariz nümunəsidir.
Cənab Prezident İlham Əliyev xalqın güvəndiyi şəxsiyyətdir. O, praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənfəətlərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə nümayiş etdirir. O, dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi prezidentimizə böyük nüfuz qazandırmışdır.
Raifə Musayeva,
YAP Gədəbəy rayon təşkilatının fəalı