AZ

Azərbaycan ötən il keçirdiyi antiterror əməliyyatıyla ermənilərin iddialarının üzərindən xətt çəkdi - RƏY

Azərbaycanın ötən ilin sentyabrında suverenliyinin təmini üçün keçirdiyi antiterror əməliyyatı regiona qarşı iki əsrdir qurulmuş təcavüz aktını dağıtmış oldu. Azərbaycan təkcə suverenliyini təmin etmədi, həm də regional təhlükəsizlik üçün təhdid mənbəyi olan kritik çərçivələri sildi.

Bunu “Far.Az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib.

Politoloq Azərbaycanın bütün təhlükələrin öhdəsindən gələrək ölkənin suverenliyini bərpa etməsinin heç də göründüyü qədər asan olmadığını vurğulayıb:

“Geosiyasi cəhətdən olduqca mürəkkəb regionun ürəyində yerləşən Azərbaycanın ərazi bütövlüyünü, bunun məntiqi davamı olaraq isə suverenliyini təmin etməsini birinci növbədə özünün düzgün siyasəti ilə bacardı. Bu düzgün siyasət nəticəsində əvvəlcədən postsovet məkanındakı geosiyasi tənlikləri həll edərək proqnozlar çıxarıldı, ölkənin müdafiə və hərbi qüdrəti gücləndirildi, bunun ardınca isə ən uyğun şəraitdə hərb meydanında hərəkətə keçərək qələbə ilə nəticələnən aktlara imza atıldı. Proseslər ağır və təhlükəli olsa da Azərbaycan cəmi 24 saata yaxın davam edən əməliyyat ilə Qarabağın bütün ərazilərini separatçılardan təmizlədi. Beləliklə Azərbaycanın suverenliyi tam bərpa olundu”.

Siyasi təhlilçi Azərbaycana qarşı olan təzyiqlərin mənasız və boş olduğunu xüsusilə vurğulayıb:

“Antiterror əməliyyatlarından sonra Azərbaycanın geosiyasətdəki regional gücünü məhdudlaşdırmaq üçün cəbhələr aktivləşsə də bu, bir nəticə verməyəcək. Əksinə, Azərbaycan Ermənistanla sülh danışıqlarında diktələrini dəfələrlə artırıb və İrəvanın siyasi sistemində yer alan Qarabağ iddialarının üzərindən xətt çəkməyə nail olur”.

Aqşin Kərimov

A.Kərimov Azərbaycanın antiterror əməliyyatından sonra qarşıda duran hədəfləri barədə də fikirlərini bölüşüb: “Azərbaycan antiterror əməliyyatları ilə ona hücum çəkən qüvvələrə qarşı müdafiə qurmaq qabiliyyətini artırıb. Bu da Azərbaycanın gələcək addımlarında özünü aydın şəkildə göstərəcək. Antiterror əməliyyatı ilkin mərhələdə Ermənistanın rəsmi dairələrinə əhəmiyyətli sirayət etməklə yanaşı ikinci mərhələdə bütövlükdə Ermənistanın siyasi sistemini Qarabağa olan iddialarının üzərindən xətt çəkməyə məcbur edib. Çünki Azərbaycan Ermənistanın konstitusiyasındakı ərazi iddialarının aradan qalxmasını şərt kimi irəli sürür ki, bu da nəticədə siyasi sistemdəki bütün aspektlərin ideoloji xətləri dəyişdirməsi ilə səciyyələnəcək. Göründüyü kimi, Azərbaycan antiterror əməliyyatları ilə həm ona hücum çəkən qüvvələrə qarşı müdafiə qurmaq qabiliyyətini artırıb, həm də regional siyasətdə geosiyasi açar kimi səylərini gücləndirib”.

Xatırladaq ki, 2023-cü il sentyabrın 19-20-də bir gündən də az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.

Seçilən
96
1
far.az

2Mənbələr