“Azərbaycan Gürcüstanla Rusiya arasında vasitəçi ola bilər”.
NOCOMMENT.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, son zamanlar Qərbin Gürcüstanla bağlı siyasəti çox dəyişib, buna səbəb isə “Xarici agentlər haqqında” qanundur:
“Gürcüstan hökumətinin Qərbdən uzaqlaşmaq siyasəti fonunda Rusiya ilə danışıqlara getməsi, Abxaziya və Cənubi Osetiyaya nəzarəti təmin etmək üçün rəsmi Bakının imkanlarından istifadə etməsi mümkündür. Gələn ay keçiriləcək seçkilərdə “Gürcü Arzusu” partiyası qələbə əldə etdikdən sonra bu istiqamətdə ciddi addımlar atıla bilər. Xüsusilə Prezident İlham Əliyev Tiflis və Moskvanın ortaq məxrəcə gəlməsində əsas vasitəçidir. Ötən ay Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərində Azərbaycanın bu məsələdə vasitəçi olması ilə bağlı məsələlərin müzakirəsi mümkün idi”.
M.Əsədullazadə bildirib ki, əgər Azərbaycan iki dövlət arasında vasitəçi olsa, müsbət irəliləyişlər əldə oluna bilər:
“Təkcə Gürcüstanla bağlı deyil, Ukrayna və Rusiya arasında da Prezident İlham Əliyev vasitəçi missiyasını həyata keçirir. Ötən gün Zelenski tatar əsirlərin qaytarılması istiqamətində Azərbaycanın vasitəçiliyindən istifadə edildiyini qeyd etmişdi. Təbii ki, bu proseslər Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət və geosiyasi imkanlarını genişləndirir. Ukrayna-Rusiya arasında humanitar sahədə vasitəçilik missiyası növbəti mərhələdə siyasi vasitəçiliyə çevrilə bilər”.