AZ

"Terror aktları Azərbaycanı antiterror tədbirləri həyata keçirməyə məcbur etdi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərini bir neçə istiqamətdə qiymətləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, bunlardan ilk növbədə strateji baxımdan Azərbaycanın suverenliyini və konstitusiya quruluşunun tam şəkildə bərpa edilməsi, növbəti olaraq Ermənistan və onun havadarlarının yüz ildən artıq bir müddətdə Azərbaycana qarşı yürütdükləri iyrənc siyasətin seperatizm və terrorçuluğun məhz Azərbaycan ərazisində tamamilə məhv edilməsini təmin etdi: "Hərbi aspektdən baxdığımız zaman isə ikinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfinin 10 noyabr bəyanatına əsasən üzərinə götürdüyü bir çox öhdəlik var idi ki, onları yerinə yətirmədi. Bunlardan biri də Qarabağda yerləşən seperatçı və terrorçu qruplaşmaların tərksilah edilərək oradan çıxarılması idi. Biz nəinki onların çıxarılmasını tam şəkildə, əksinə olaraq onların silahlandırılmasını, eyni zamanda şəxsi heyətlə təmin edilməsini müşahidə etdik. Zamanla Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması və son dövrlərdə bir az da irəli gedərək mülki insanlarımıza, mülki infrastruktura və polislərimizə qarşı həyata keçirilən terror aktları Azərbaycanı antiterror tədbirləri həyata keçirməyə məcbur etdi.

Antiterror tədbirlərinə gəldiyimiz zaman məhz Azərbaycan ordusunun qəhrəmanlığı və peşəkarlığı nəticəsində bir sutkadan az bir vaxt içində həmin seperatçı və terrorçu qruplaşmaların darmadağın edilməsi və təslim olunması təmin edildi. Burada əraziyə baxdığımız zaman 406 km², eyni zamanda 480 km-dən artıq təmas xəttinin olması əməliyyatın həyata keçirildiyi ərazinin nə qədər böyük, çətin relyefə malik olduğunun göstəricisidir. Ancaq Azərbaycan ordusu çox qısa zaman ərzində düşmənin 1700-dən artıq hədəfini sıradan çıxardı. Eyni zamanda idarəetmə məntəqələrində və onların əsasən təminat yollarını kəsməklə ümumilikdə seperatçı və terrorçu qruplaşmaların idarə edilməsində ciddi maneələr yaradaraq onları iflic vəziyyətə saldı. Bu da Azərbaycan ordusuna çox böyük üstünlüklər qazandırdı. Əsasən Şimal və Cənub istiqamətlərində və 13 istiqamətdən Azərbaycan ordusu müəyyən fəaliyyətlər həyata keçirdi. Bu fəaliyyətlərin eyni anda olması və kütləvi olaraq atəş zərbələri ilə həmin hədəflərin sıradan çıxarılması demək olar ki, seperatçı rejimi çıxılmaz vəziyyətə saldı. Onların təslim olunması ilə nəticələndi".

"Antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərə Azərbaycan əhalisinin köçürülməsi, həm də bərpa-quruculuq işlərinin aparılmasının tam şəkildə təhlükəsiz və sürətli olaraq həyata keçirilməsi təmin edildi. Ermənistan tərəfi də cari dövrdə yenidən silahlanmaya daha çox meyllənir. Hesab edirəm ki, Ermənistan tərəfinin və onun havadarlarının belə təhlükəli davranışları Ermənistanın özü üçün yaxşı nəticələr verməyəcək.

Bundan sonra Ermənistan silahlanmaya yox, daha çox sülhlə bağlı addımlar atarsa, Ermənistanın özü üçün də daha əlverişli olar. Əks təqdirdə bu günə qədər Ermənistanın təxribatları nə ilə nəticələnmişdirsə, bundan sonra da eyni aqibəti yaşamaq məcburiyyətində qalacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
148
sia.az

1Mənbələr