AZ

Köçürülən “Qadın həbsxanası”nın yerində yaşayış binası tikiləcək? - FOTOLAR

Bir müddət öncə köçürülən 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsinin (“Qadın həbsxanası”) əvvəlki ünvanında mövcud olan tikililərin sökülməsinə başlanılıb. 


Sfera.az xatırladır ki, 4 saylı “Qadın həbsxanası” əvvəllər Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi ilə Fəzail Bayramov və Natiq Əliyev küçələrinin kəsişməsində yerləşirdi. Dəniz sahilinə yaxın olan bu ünvanda “Qadın həbsxanası” 1948-ci ildən 2022-ci ilə qədər fəaliyyət göstərib. 


2022-ci ildən isə müəssisənin məhkumları Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa olunan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinə köçürülüb. Yeni müəssisənin inşası təxminən 10 il müddətinə (2009-2019) tamamlanıb və 350 nəfərlik qadın cəzaçəkmə, həmçinin 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulub. 


Zabratda yerləşən cəzaçəkmə müəssisəsinin tikintisini "TTŞ" İnşaat şirkəti aparıb. Şirkətin məlumatına əsasən, yeni həbsxana 74,4 milyon manata başa gəlib. Bu məbləğə müəssisəyə aid binaların, yardımçı sahələrin tikintisi, təmiri, su, elektrik, kanalizasiya, ventilyasiya və isitmə sistemləri, mebel və avadanlıqların təchizatı daxildir. 


Köçürülmədən sonra bir müddət istifadəsiz qalan Xətai rayonundakı köhnə tikili artıq sökülüb və ərazi tamamilə boş sahəyə çevrilib.

 

Sahəsi 15 min kvadrat metrdən çox olan bu ərazi çoxmərtəbəli yaşayış, biznes və inzibati binalarla əhatə olunub. Ərazi şəhər mərkəzinə, həm də yeni salınmış Ağ Şəhər bulvarına çox yaxındır. 

 


İndi hamını maraqlandıran sual Bakının mərkəzi hissəsinə yaxın olan bu boş ərazidən hansı məqsədlərlə istifadə ediləcəyidir. Bununla bağlı aidiyyəti qurumlara, yəni Ədliyyə Nazirliyi, Xətai və Bakı şəhər icra hakimiyyətləri, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik lakin məlumat ala bilmədik. 

 

Həm sosial şəbəkələrdə yayılan məlumatlara, həm də əraziyə yaxın binalarda yaşayan insanların bildirdiyinə görə köhnə “Qadın həbsxana”sının yerində bir neçə yeni çoxmərtəbəli yaşayış binası inşa olunacaq.

 

 

İddialara görə “Qadın həbsxanası” mövcud olmuş tikililərin sökülməsi, ərazinin söküntü materiallarından təmizlənməsi də bununla bağlıdır. 

 


Onu da bildirək ki, bu ərazidə mövcud olan yeni binalardakı mənzillərin qiyməti çox yüksəkdir. Binalarda mənzillərin bir kvadrat metrinin dəyəri təmir vəziyyətindən asılı olaraq 2500-3500 manat arasında dəyişir. Burada ən ucuz təmirsiz mənzillər 200 min manatdan, təmirli məzillər isə 280 min manatdan başlayır. 

 


Altay   

Seçilən
743
4
sfera.az

5Mənbələr