AZ

ABŞ-nin Ermənistana dəstəyi regionda Vaşinqtonun "boz zona" yaratmaq arzusunun bir hissəsidir - RƏY

ABŞ-nin Ermənistana dəstəyi regionda faktiki mübahisəli məsələlər üzərində Vaşinqtonun "boz zona" yaratmaq arzusunun bir hissəsidir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov deyib.

O bildirib ki, ABŞ-nin sonrakı planlarının dəqiq ölçüsünü müəyyən etmək çətindir, amma görünür ki, Vaşinqtonun əsas məqsədi Azərbaycan-Ermənistan münasibətləri üzərində Rusiyaya qarşı regional təbəqə yaratmadır.

"Proseslərdən ən böyük zərəri Ermənistan çəkir və davamlı mübarizənin ortasında qalan İrəvanın taleyi sual altına düşür. Ona görə ki, ABŞ regionda Rusiya ilə geosiyasi cəbhə xətlərini çəkməyə çalışdıqca, İrəvan Vaşinqtonla Moskva arasında sövdələşmə mövzusu olaraq qalacaq.

Yəni İrəvan regional mübarizənin ürəyində qaldıqca, Rusiya ilə ABŞ onu necə nüfuz dairəsinə bölməyin yollarını aramaq üçün eyni masa arxasına əyləşə bilər.

Bu, bəlkə də, gələcək regional geosiyasi konyunkturanı əhatə edən məsələdir və Azərbaycan da prosesi gözəl dərk edir. Belə olduğu təqdirdə, Azərbaycan "bölünən Ermənistan"ın özünə təsirlərini yoxa çıxarmaqdan ötrü sülh gündəliyində qırmızı xətlərin sayını çoxaldır.

Deməli, Azərbaycan Ermənistana hərbi, siyasi və iqtisadi dəstək kampaniyasının davam etməsinə qarşı "qırmızı xət"lərini artırmaqla effektiv reaksiya göstərir.

Bu, Ermənistanın davamlı silahlandırılması və ona verilən dəstəklər fonunda Azərbaycanın gələcək addımlarının xarakterini formalaşdırır.

Qısası, Ermənistan ya sülh gündəminə sadiq olduğunu praktikada nümayiş etdirməlidir, ya da o, Azərbaycanın daha sərt təzyiqləri ilə üzləşmək riskini qəbul etməlidir",- deyə ekspert qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
3
day.az

4Mənbələr