Türk Akademiyası Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Mərkəzi Qazaxıstanın paytaxtı Astanada olan Türk Akademiyasından verilən açıqlamada Türk Akademiyası və Türk Dil Qurumunun əməkdaşlığı ilə 9-11 sentyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclasının keçirildiyi bildirilib.
TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Ortaq Əlifba Komissiyası üzvlərinin iştirak etdiyi toplantı uğurla başa çatıb.
İclasın əsas məqsədi bu sahədə əldə olunan biliklərdən və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işi yekunlaşdırmaq olub.
Xatırladaq ki, ilk dəfə 1991-ci ildə alimlər tərəfindən irəli sürülən latın əlifba əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli nəzərdən keçirilib və komissiya üzvləri bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı əsas qərarları verib.
“Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir", - deyə Türk Akademiyasından verilən açıqlamada bildirilir.