AZ

Mətbuat: Almaniya Türkiyənin strateji məqsədlərinə maneələr törədir

Mətbuat:

Ankara, 12 sentyabr, AZƏRTAC

Almaniya Türkiyənin strateji hədəflərini həyata keçirməsinə hər addımda maneələr qoyur. Bu istiqamətdə növbəti addım tikilməkdə olan “Akkuyu” AES üçün pulu ödənilən avadanlıqların tədarükünün gecikdirilməsi olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “TRTHaber” telekanalının Mersin vilayətində ölkənin ilk atom elektrik stansiyasının açılışına həsr olunmuş reportajında deyilir.

Kanal xatırladır ki, bundan əvvəl Berlində Türkiyənin “Altay” tankları üçün enerji bloklarının tədarükü məsələsində problemlər yaradılıb, sonra onlar Ankaranın “Eurofighter” hərbi təyyarələrinin tədarükü ilə bağlı müraciətinə baxılmasını uzatmağa başlayıblar. Almaniya daha sonra MİLGEM freqat tikintisi proqramı çərçivəsində Türkiyəyə olduqca mühüm sistemlər tədarük etməkdən imtina edib.

“İstisna edilmir ki, Berlin rəsmi səviyyədə səsləndirilən arqumentlərdən tamamilə fərqli məqsədlər güdür”, - deyə “TRTHaber”in reportajında deyilir. Reportajda Prezident Rəcəb Tayyib Ərdoğanı iyulda NATO sammitinə müşayiət edən jurnalistlərlə söhbətində siyasətçinin səsləndirdiyi fikirlərə diqqət yetirilir.

Türkiyə lideri bildirib ki, Almaniya gömrüyü “Akkuyu” atom elektrik stansiyası üçün “Siemens” şirkətinin istehsal etdiyi turbinlərin tədarükünə icazəni gecikdirir. “Bu məsələ Türkiyənin ciddi narahatçılığına səbəb olub. Mən Almaniya kansleri Olaf Şoltsla söhbətdə bu məsələni yenidən gündəmə gətirdim və o, məsələni şəxsi nəzarətinə götürəcəyinə söz verdi”, - deyə Ərdoğan bildirib.

“Türkiyə dövlət başçısının yuxarıdakı sözlərindən təxminən iki ay sonra artıq Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Berlinin mövqelərindən narazılığını bildirib. Energetika naziri açıq şəkildə bildirib ki, “Akkuyu” AES layihəsinin icrasında gecikmələrin səbəbi “Siemens” şirkətidir”, - deyə reportajda qeyd edilir.

“Akkuyu” AES layihəsi mövzusunun Rusiya əleyhinə sanksiyalarla əlaqələndirilməsinin əsassız olduğunu vurğulayan Mərmərə Universitetinin professoru Selami Kuranın sözlərindən sitat gətirilir: “Mersin vilayətində atom elektrik stansiyasının tikintisi hələ Ukraynada müharibədən əvvəl başlayıb. Bu, sırf türk dövlətinin obyektidir. Ölkəmizə ziyan vurmaq cəhdi və hüquq normaları pozuntusu mövcuddur”, - deyə o vurğulayıb.

Telekanal xatırladır ki, “Akkuyu” AES üçün avadanlıqların tədarükü ilə bağlı gecikmələr fonunda “Rosatom” Çindən turbinlər sifariş etmək qərarına gəlib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Анкара 

 

Seçilən
83
1
azertag.az

2Mənbələr