80 şirkətin rəhbəri Rüfət Kərimovla bağlı cinayət işində adı hallanan Naftalan şəhər bələdiyyəsinin sədri Elman Verdiyev hələ ki, vəzifəsində qalır.
Bələdiyyə sədri Qaynarinfo-ya açıqlamasında bildirib ki, işdən çıxarılmayıb.
O, adının korrupsiya cinayətində hallanmasına da münasibət bildirib. "Belə bir hal yoxdur. Mən də işdən çıxarılmamışam. Deyilənlər həqiqəti əks etdirmir. Adım heç bir cinayət işində hallanmır", deyə o bildirib.
Rüfət Kərimovun cinayət işi ilə bağlı mediada yayılan məlumatlarda bildirir ki, 20-yə yaxın vəzifəli şəxs onunla cinayət əlaqəsinə girib. Həmin şəxslərdən biri də Naftalan bələdiyyəsinin sədri Elman Verdiyev olub.
Məlumatlara görə, Rüfət Kərimovla əlbir olan vəzifəli şəxslər dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları onun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib.
Cinayətin üstünü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübariz İdarəsi açıb. Bildirilir ki, cinayət işində adı keçən şəxslər özlərini təqsirli biliblər. İdarə dövlətə dəymiş ziyanı onlara tam ödətdirib.
Seyid