Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın İrandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.BUTA.TV xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb. “Ukrayna münaqişəsi ilə bağlı qeyri-konstruktiv bəyanatlardan və İrana qarşı sanksiyaların tətbiqindən sonra Tehrandakı Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın diplomatik nümayəndə heyətlərinin başçıları bu gün Xarici İşlər Nazirliyinə çağırılıb”, - məlumatda bildirilib. Görüşdə İran XİN-in Qərbi Avropa ölkələri idarəsinin rəisi Məcid Nili Əhmədabadi ölkəsinin Ukrayna münaqişəsi ilə bağlı açıq və bəyan edilmiş mövqeyini bir daha vurğulayıb: “Əvvəllər də qeyd edildiyi kimi, İran İslam Respublikasının Rusiyaya ballistik raket satışı ilə bağlı hər hansı iddia tamamilə əsassız və yalandır”.