AZ

102-ci baza Ermənistandan çıxarılır- hazırlıq gedir...

Image

Ermənistanın “Zvartnots” beynəlxalq hava limanındakı Rusiya sərhədçilərinın çıxarılmasından sonra növbənin bu ölkə ərazisindəki digər rus hərbi obyektlərinə çatacağına dair verilən proqnozlar özünü doğruldur. Hələ o vaxt bir sıra Rusiya vəzifəli şəxsləri, millət vəkilləri Rusiya sərhədçilərinin “Zvartnots”dan çıxarılmasını sərt tənqid etmişdilər. 

Onlar iddia edirdilər ki, bu, yalnız başlanğıcdır və Ermənistan nəticədə bütün Rusiya qoşunlarının onun ərazisindən çıxarılmasını tələb edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan o vaxt hökumətin indilik belə bir niyyətinin olmadığını demişdi. Amma onun yenə yalan danışdığı üzə çıxır. Indi Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərindən çıxarılması məsələsi gündəmə gəlib. Bundan sonra, şübhəsiz ki, 102-ci bazanın da Ermənistandan çıxarılması aktuallaşacaq. 

Ermənistan parlamentinin spikeri Alen Simonyanın dedikləri onu göstərir ki, artıq İrəvanda bu məsələlər müzakirə olunur. Simonyan deyib ki, Ermənistan hökuməti Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə qalmasının məqsədəuyğunluğu barədə düşünməlidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna reaksiya verib və qeyd edib ki, Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərindən çıxarılması Ermənistanın təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Onun sözlərinə görə, regionda situasiya “tamamilə aydınlaşanadək” Rusiya sərhədçiləri oradan çıxarıla bilməz: “Görünür, Alen Robertoviç Nikol Paşinyanın mətbuat konfransını diqqətlə izləməyib. Rusiya sərhədçilərinin Ermənistan sərhədlərində yerləşdirilməsinə dair razılaşma 1992-ci ildə qeyri-müəyyən müddətə imzalanıb. Rusiya sərhədçiləri orada olmalarının mühümlüyünü dəfələrlə isbat ediblər”. Diplomat xatırladıb ki, iki ölkənin sərhəd mühafizə xidmətləri tərəfindən genişmiqyaslı və səmərəli əməkdaşlıq həyata keçirilir: “Görünür bu, İrəvandakı bəzi siyasətçiləri qıcıqlandırır”. Zaxarova bir daha qeyd edib ki, Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd qeyri-müəyyən xarakter daşıyır: “30 ildən artıqdır ki, Rusiya sərhədçiləri Ermənistan Respublikasının sərhədlərini qoruyur və onların mövcudluğunun, xüsusən də sərhədi qanunsuz keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasının vacibliyini dəfələrlə təsdiqləyiblər. Sərhədçilərin Ermənistan ərazisindən çıxarılması respublikanın təhlükəsizliyinə mənfi təsir göstərəcək”. XİN nümayəndəsi onu da qeyd edib ki, Ermənistan parlamentinin sədri belə məsələləri müzakirə etmək üçün kifayət qədər səriştəli deyil. Zaxarova deyib ki, Ermənistanın qonşuları ilə münasibətləri sabit deyil və təhlükəsizlik barədə düşünməkdə fayda var: “Bu məsələdə ekspert olmayanlar yumşaq divanda oturub öz fikirlərini ifadə edə bilərlər, amma belə məsələlərdə Ermənistanın sərhədlərini mühafizə etmək üçün həyatını təhlükədə qoyanları dinləmək daha düzgün olardı”.

Bununla yanaşı, Ermənistan birmənalı şəkildə də Zəngəzur dəhlizinə Rusiya sərhədçilərinin nəzarət etməsini istəmir. Baş nazir Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bu məsələyə bir daha toxunaraq qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib: “10 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. Əgər sabah Ermənistan qərar versə ki, onlar olmamalıdı, onlar olmayacaq da”. Baş nazirin sözlərinə görə, 10 noyabr bəyanatında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya sərhədçilərinin edəcəyi göstərilib. “Harada yazılıb ki, FTX-nin sərhəd xidməti yerində olmalıdır? Belə şey yazılmayıb. Hətta Rusiya sərhədçilərinin Ermənistanda olması nəzərdə tutulsa belə, bu, Ermənistanın qərar verəcəyi məsələdir”. Bu açıqlaması ilə Paşinyan da rus sərhədçilərinin ölkəsindən çıxarılmasının mümkünlüyünü dilə gətirib. Eynilə 102-ci baza məsələsinin də aktuallaşdırılacağı şübhə doğurmur. Düzdür, politoloqlar Ermənistanın Gümrü şəhərindən 102-ci rus hərbi bazasının tez bir zamanda çıxarılmasının qeyri-mümkün olduğunu bildirir. Bu, çox mürəkkəb bir məsələdir və qısa müddət ərzində həlli mümkün deyil. Qeyd edək ki, Dmitri Medvedevin prezidentliyi dövründə Gümrüdəki 102-ci rus hərbi bazasının müddəti 2044-ci ilə qədər uzadılıb. Hər iki tərəf bununla bağlı müqavilə də imzalayıb. Buna görə də bazanın çıxarılması  çox zaman aparacaq bir məsələdir. Rusiyanın hərbi-siyasi dairələrində bəzi ekspertlər hesab edir ki, Gümrüdəki 102-ci hərbi baza Moskva üçün o qədər ciddi əhəmiyyər daşımır. Onlar vurğulayırlar ki, Rusiyanın Türkiyə ilə yüksək səviyyəli münasibətləri var. Həmçinin belə bir fikir səsləndirirlər ki, Gürcüstanın işğal altında olan bölgələri - Abxaziya və Cənubi Osetiyada rus hərbi bazaları Gümrüdəki hərbi bazanın əhəmiyyətini azaldıb. Lakin bazanın mövcudluğu Rusiyanın Ermənistan üzərində təsirini saxlaması üçün vacibdir. Elə bu səbəbdən Qərb bazanın çıxarılmasını tələb edir. Ermənistan buna zəmin hazırladığından, Moskva-İrəvan münasibətlərinin daha gərgin xarakter alması gözlənilir.

Samirə SƏFƏROVA





Seçilən
70
baki-xeber.com

1Mənbələr