Rusiya ilə müharibə Ukraynada işçi qüvvəsini tükəndirir. Müəssisələr ənənəvi kişi işlərinə daha çox qadını işə götürməklə, həmçinin yeniyetmələrə, tələbələrə və yaşlı işçilərə müraciət etməklə kəskin işçi qüvvəsi çatışmazlığını örtməyə çalışırlar.
Valyuta.az xəbər verir ki, bu barədə beynəlxalq "Reuters" agentliyinin yeni materialında deyilir.
"Milyonlarla insan, əsasən də qadın və uşaqlar müharibədən xaricə qaçdığı və on minlərlə kişi ordu sıralarına səfərbər edildiyi üçün iş yerlərində yaranan böhran iqtisadi artımı və müharibədən sonrakı bərpanı təhdid edə bilər. Nazirliyin keçirdiyi sorğuya əsasən, iqtisadiyyatın 3000-dən çox şirkəti arasında, demək olar ki, müəssisələrin 60%-i əsas probleminin ixtisaslı işçi tapmaq olduğunu bildirib", deyə nəşr yazıb.
Metinvest metallurgiya şirkətinin davamlı inkişaf direktoru Tetyana Petruk agentliyə şərhində deyib: "Hazırda şirkətdə 4000-ə yaxın vakansiya var və kadr çatışmazlığı istehsala təsir edir".
"Kadr çatışmazlığını təkcə biz hiss etmirik. Regionlardakı bütün şirkətlər, o cümlədən bizim podratçılarımız bunu hiss edir", deyə Petruk bildirib.
Agentliyin sorğusuna qatılan iri Ukrayna şirkətləri işə götürmə və biznes təcrübələrini dəyişdirdiklərini, işləri avtomatlaşdırdıqlarını, mövcud işçilərin rotasiyası və iş təsvirlərini genişləndirdiklərini, təqaüdçüləri yenidən işə götürdüklərini və xüsusilə gənc işçilərə daha çox güzəştlər təklif etdiklərini bildiriblər.
Məsələn, "Silpo" şirkəti əvvəllər kişilərin üstünlük təşkil etdiyi digər vəzifələrə, o cümlədən yükləyicilər, ət emalçıları, qablaşdırıcılar və mühafizəçilər üçün qadınları getdikcə fəal şəkildə işə cəlb edir. Şirkətdə həmçinin altı qadın yük maşını sürücüsü işləyir.
Polad istehsalı kimi sahələrdə qadın işçilərin payı artır. Petruk deyir ki, qadın işçilərin "Metinvest"in işçi qüvvəsinin təxminən 30-35%-ni təşkil edir və şirkət bəzi yeraltı işlərdə də qadınları işə götürür. Həmçinin, əvvəllər gənclərə böyük diqqət ayıran şirkət peşə kollecləri ilə də əməkdaşlıq edir.
"Vodafone" mobil operatoru isə 12 şəhərdə 50-yə yaxın yeniyetməyə ilk iş təcrübəsini əldə etmək imkanı verən gənclər proqramında islahatlar aparıb.
Paşa Məmmədli