Azərbaycan 2024-cü il ərzində iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli addımlar atır, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edərək qlobal səviyyədə təsirli bir rol oynayır. İqtisadiyyat Nazirliyinin himayəsi altında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) COP29-u fəal şəkildə dəstəkləyərək əməkdaşlıq və tədbirlərin təşviqinə yönəlmiş müxtəlif tədbirlər planlaşdırır.
Fins.az xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən beynəlxalq “Davamlı İnkişaf və İqlim İnnovasiyaları Forumu”da deyib.
Onun sözlərinə görə, "Bakı İqlim Dəyişikliyi ilə Mübarizə Həftəsi" çərçivəsində AZPROMO bir sıra tematik dəyirmi masalar təşkil edəcək və bu müzakirələr “sıfır emissiya ilə gəmiçilik”, “davamlı maliyyələşdirmə”, “süni intellekt” və “dövri iqtisadiyyat prinsipləri” mövzularını əhatə edəcək:
"Bu tematik müzakirələr innovasiyaların təşviqinə, iqlim dəyişikliyinə davamlılığın artırılmasına və Azərbaycanda və beynəlxalq miqyasda “yaşıl” artım təşəbbüslərinin sürətləndirilməsinə yönələcək. Tematik dəyirmi masalar müxtəlif tərəflər arasında, o cümlədən biznes, dövlət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığı təşviq edəcək və AZPROMO-nun Azərbaycanın davamlı inkişaf məqsədlərinə çatmaq üçün praktik nəticələr əldə etməyə ümid edir".
T.Hacılı bildirib ki, COP29 çərçivəsində "Bakı İqlim Maliyyələşdirmə, İnvestisiyalar və Ticarət Dialoqu" (BICFIT) həyata keçiriləcək:
“14 noyabrda COP29-da maliyyə, investisiya və ticarət günü çərçivəsində COP29 sədri tərəfindən nəzərdə tutulmuş 14 təşəbbüsdən biri olan 'BICFIT Dialogue'nu həyata keçirəcəyik. Bu proqram çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə strategiyalarını müzakirə etmək üçün yüksək səviyyəli dialoqlar və iclaslar təşkil olunacaq.
Eyni zamanda, AZPROMO, Ümumdünya İqtisadi Forumu (WEF) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə İqlim Biznes İnvestisiyaları və Filantropiya Platformasında iştirak edəcək. Bu platforma biznes liderlərinə, filantropistlərə və investorlara iqlim dəyişikliyi ilə mübarizəyə və davamlı inkişaf məqsədinə sadiqliklərini nümayiş etdirmək imkanı verəcək. Uzunmüddətli proqram çərçivəsində “İqlim Maliyyələşdirmə Təşəbbüsü” təqdim ediləcək, WEF ilə birgə müzakirə sessiyası isə xarici investorlardan iqlim məqsədlərinə dəstək verənləri müvafiq yerli şirkətlərlə əlaqələndirəcək və birgə layihələrin həyata keçirilməsinə kömək edəcək.
Bundan əlavə, “Ticarət və İnvestisiya Evi” pavilyonlarında Ümumdünya Ticarət Təşkilatı (WTO) ilə birgə “yaşıl” maliyyə və ticarət, davamlı sənaye istehsalı, karbonun azaldılması və digər əlaqədar mövzulara həsr olunmuş tədbirlər təşkil olunacaq.
"'Yaşıl' texnologiyalara keçid, davamlı təchizat zəncirləri və iqlimə davamlı biznes modelləri yalnız etik bir imperativ deyil, həm də uzunmüddətli iqtisadi artımın açar faktorudur,” - deyə Hacılı qeyd edib.
T.Hacılı onu ad qeyd edib ki, AZPROMO-nun birbaşa xarici investisiyaların təşviqi və ixracın dəstəklənməsi rolu qlobal tendensiyalarla əlaqəlidir:
“Hazırda Azərbaycanın bərpa olunan enerji sektorunda xarici investisiyalar külək və günəş enerjisi istehsalını inkişaf etdirir, ölkəni ekoloji cəhətdən təmiz enerji istehsalı sahəsində regional liderə çevirir,” - AZPROMO-nun nümayəndəsi bildirib.
T.Hacılı, biznesin qlobal davamlı inkişaf səylərinin təşviqində fəal rol oynamalı olduğunu vurğulayıb:
“Hökumətlər və beynəlxalq təşkilatlar iqlim dəyişikliyi probleminin həllinə daha çox diqqət yetirərkən, müəssisələr fəaliyyətlərini davamlı inkişaf məqsədləri ilə uyğunlaşdırmalıdır. Bu, dövri iqtisadiyyat üsullarının tətbiqi, karbon qazı emissiyalarının azaldılması və davamlı gələcək üçün innovasiyaların tətbiqini əhatə edir. Bu şəkildə, iqtisadi artım və ətraf mühitin qorunması arasında tarazlıq yaradılacaq".
Fuad Mədətov
Fins.az