AZ

Elektromobillərin sayı sürətlə artır

Hazırda dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da elektriklə işləyən nəqliyyat vasitələrinə maraq getdikcə artır. Bu səbəbdən də ölkəmizdə elektromobillərdən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlər nəzərdə tutulur. 

Bununla yanaşı, 2024-cü il martın 7-də isə dövlət başçısı “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” sərəncam imzalayıb. Sözügedən sənədə əsasən, hökumətə bir ay ərzində elektrik şarj stansiyalarının yerləşdirilməsi və quraşdırılması yerlərini müəyyən etmək tapşırılıb.

Son illərdə hökumətin gerçəkləşdirdiyi bir sıra dəstək mexanizmləri elektromobil həvəskarlarının saayının artmasına səbəb olur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ildə ölkəyə 88 elektromobil idxal olunmuşdursa, sonrakı illərdə onların sayı kəskin artaraq 2023-cü ildə 3 min 102-yə çatıb. Bütövlükdə, 2017-2023-cü illərdə Azərbaycana 4 min 236 elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib. Bu ilin ­yanvar-iyul aylarında isə ölkəyə 1792 belə avtomobil gətirilib. 

Hazırda ölkəmizdə elektrik mühərrikli avtomobillərin şarj edilməsi üçün enerjidoldurma məntəqələrinin yaradılması da sürətlə davam etdirilir. Artıq Bakıda 4 məntəqədə (“İçərişəhər”, “Yasamal 120” yarımstansiyalarının ərazisində, Tədris və İnnovasiylar Mərkəzində, Xəzər rayonunun Buzovna qəsəbəsində) enerjidoldurma cihazları quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib. Bununla yanaşı, Yevlax, Salyan və Qəbələ rayonlarında, eləcə də işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd və Xocalıda da belə məntəqələr quraşdırılıb.

Bu ilin sonunadək isə ölkə üzrə 147 enerjidoldurma məntəqəsinin quraşdırılması nəzərdə tutulub ki, bunun da 69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və Şərqi Zəngəzurun payına düşür. 

Seçilən
124
xalqqazeti.az

1Mənbələr