AZ

Bakı konfransı iqlim dəyişikliyi ilə mübarizəni yeni mərhələyə yüksəldəcək

İstiləşmə qlobal sağlamlıq üçün ən ciddi təhlükə sayılır

İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə yüksəlib. Buna səbəb, əsasən, istilik effekti yaradan qazların – karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının artması ilə birbaşa bağlı olub. 

Sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə məhz karbon qazının ümumi miqdarının 28 faiz, metanın miqdarının 60 faiz artması qeydə alınıb. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə respublika ərazisində orta illik temperatur 0,4–1,30 dərəcəyə qədər çoxalıb. İqlim dəyişikliyi fonunda ölkəmiz daşqın, qar uçqunu, tufan, qasırğa, dalğalanma, güclü külək, quraqlıq, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalıb. İqlim dəyişmələri həm regional həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırıb, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olub, yoluxucu  və xroniki xəstəliklərin miqyası genişlənib.

Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı son hesabatında 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişikliyini vurğulayıb. Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşmənin minimuma endirilmə cəhdi uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyi və  turşuluğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsi əsrlər boyu davam edəcək.

Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci ildə ratifikasiya edib. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının “Əlavə 1” qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi bu   Konvensiya  qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürüb və bu vəzifələr sistemli şəkildə yerinə yetirilib. 

Azərbaycanda  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  Kioto Protokolu 2000-ci ildə təsdiqlənib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilən “Doha əlavəsi” isə 2015-ci il aprelin 14-də  Azərbaycan Respublikasının Milli Məclisində  ratifikasiya olunaraq ölkə Prezidenti tərəfindən imzalanıb.  

BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində  dünya liderlərinin qəbul etdikləri “2030-cu ilədək Dayanıqlı İinkişaf sahəsində Gündəlik”də qarşıdakı  on beş ildə ölkələrin “heç kəsi kənarda qoymamaq” prinsipinin diqqətdə saxlanılması, sosial-iqtisadi məsələlərlə yanaşı, iqlim dəyişmələrinə qarşı mübarizənin vacibliyi, eləcə də dünya ictimaiyyətinin səfərbər olması kimi məsələlər xüsusi vurğulanıb. Azərbaycan Respublikasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris İqlim Sazişi 2016-cı il aprelin 22-də  imzalanıb və həmin ilin oktyabr ayında ratifikasiya edilib.  

Azərbaycan Respublikası 2015-ci ilin oktyabrında Paris İqlim Sazişinin 4-cü maddəsinə əsaslanaraq BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə “Milli səviyyədə Müəyyən edilmiş Töhfələr” sənədini təqdim edib  və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, ­1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 35 faiz həcmində azaldılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Respublikamız 2021-ci ildə Qlazqo şəhərində keçirilən BMT-nin İqlim ­Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasında (COP26) isə 2050-ci ilə qədər isə qaz emissiyalarının 40 faiz  azaldılması qərarını verib.   

Yeri gəlmişkən, Paris İqlim Sazişi iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin əsas hüquqi çərçivəsini təşkil edir. Sazişin əsas məqsədi, qlobal istiləşmənin sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox artmasının qarşısını almaq və həmin artımı 1,5 dərəcə  ilə məhdudlaşdırmaqdır. Bunun üçün ölkələr öz milli iqlim planlarını hazırlayır və həmin planlar çərçivəsində istixana qazı emissiyalarını azaltmaq, enerji səmərəliliyini artırmaq, bərpaolunan enerji mənbələrinə keçidi gerçəkləşdirmək və meşəlik əraziləri qorumaq üzrə öhdəliklər götürürlər.  

Paris İqlim Sazişi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında məsuliyyətin bölüşdürülməsi məsələsinə xüsusi diqqət yetirir. Saziş hər bir ölkənin iqlim dəyişikliyinə töhfəsini və onu azaltmaq üçün fərqli imkanlarını nəzərə alaraq ədalətli keçidin reallaşdırılmasını tələb edir. İnkişaf etmiş ölkələr maliyyə və ­texnologiya sahələrində inkişaf etməkdə olan ölkələrə dəstək verməyə prioritet məsələ kimi yanaşırlar.  

Sazişin uğurla həyata keçirilməsi üçün bir neçə əsas strategiya var. Burada, ilk növbədə, istixana qazı emissiyalarının azaldılması və karbon neytrallığının təmin edilməsi prioritetdir. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinin istifadəsinin artırılması və enerji səmərəliliyinin təkmilləşdirilməsi vacibdir. Eyni zamanda, karbon tutulması və saxlanması texnologiyalarının inkişaf etdirilməsi, meşəlik ərazilərin qorunması və yenidən meşələndirilməsi layihələri də  mühüm önəm daşıyır.

2100-cü ilədək qlobal temperaturun 2 dərəcədə saxlanılması iqlim dəyişikliyi ilə mübarizədə dünya ictimaiyyətinin əsas hədəfidir. Paris İqlim Sazişi  həmin məqsədin reallaşdırılması üçün qlobal səviyyədə ortaq fəaliyyətlərin həyata keçirilməsini təmin edir. 

İqlim dəyişikliyi ilə mübarizədə uğur qazanılması yalnız müəyyən strategiyaların səmərəli şəkildə həyata keçirilməsi və bütün ölkələrin ədalətli və bərabər şəkildə məsuliyyət götürməsi ilə mümkün olacaq. Bu  məqsədə çatdıqda bəşəriyyət daha sağlam, davamlı və təhlükəsiz bir gələcək qura biləcək. Respublikamız da həmin sahədə böyük irəliləyiş əldə edib. Günəş, külək enerjisi sahəsindəki layihələrin həyata keçirilməsi bunun bariz nümunəsidir.

Qeyd edək ki, 1990–2022-ci illər üzrə aparılan araşdırmalara əsasən, Azərbaycan 2022-ci ildə baza ili (1990) ilə müqayisədə (udulmalarla) 34,2 faiz atılmaların azaldılmasına nail olub. Bu, ölkədə ətraf mühitin yaxşılaşmasında müasir texnologiyalardan istifadə edilməsi, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutdan daha təmiz yanacaq olan təbii qaza keçilməsi, məişət tullantılarının idarəsinin təkmilləşdirilməsi, müasir avtomobil yollarının çəkilməsi, aqroparkların yaradılması, yeni meşə massivlərinin salınması, az karbonlu enerji səmərəliliyinin gerçəkləşdirilməsi istiqamətində atılan addımlarla reallaşıb.   

Bütün bunlarla bərabər, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlı 4-cü  və “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlı 5-ci istiqamətlərin reallaşdırılması çərçivəsində hazırda 30 illik işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və SMART infrastrukturun formalaşdırılması kimi layihələr   həyata keçirilir. Belə ki, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” zonasının yaradılması, “ağıllı” şəhər və kənd təşəbbüsləri uğurla gerçəkləşdirilir.  

Xatırladaq ki, hazırda iqlim dəyişmələri ilə mübarizədə həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır. Bundan əlavə, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında “Az karbonlu inkişaf üzrə Milli Strategiya”, “Milli Adaptasiya Planı” və digər önəmli sənədlər hazırlanır.  

Seçilən
144
xalqqazeti.az

1Mənbələr