Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilməsi bizi şanlı Qələbəmizə qovuşdurdu
Hərbi qüdrətimizin bugünkü səviyyəsi, heç şübhəsiz, vaxtilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Məhz Ümummilli Liderin gərgin fəaliyyəti və prinsipial mövqeyi nəticəsində ordumuzda güclü təşkilatlanma aparıldı, islahatlar nəticəsində Silahlı Qüvvələrimiz dövlətin dayağına çevrildi. Bu missiya cənab İlham Əliyev Prezident seçildikdən sonra da qətiyyətlə davam etdirildi və ordumuzun qüdrətini ən yüksək səviyyəyə qaldıra bildi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət var. Hərbi qulluqçuların vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu diqqətin təzahürüdür. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ən müasir standartlara cavab verən hərbi ləvazimatlarla, silah-sursatla təchiz edilməsi, savadlı, cəsarətli, vətənpərvər hərbi kadrların yetişdirilməsi və sair sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusuna çevrilməsi ilə nəticələndi.
Məhz bütün bunların nəticəsidir ki, rəşadətli ordumuz 2016-cı ilin aprel ayının 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, sürətli əks-hücuma keçərək düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi və xalqımız uzun illərdən sonra qələbə sevincini yaşadı. Ordumuzun növbəti uğurlu əməliyyatı 2018-ci ilin mayında Günnüt zəfəri idi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinə şahid oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər,Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi.
Bakının Azadlıq meydanında 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş möhtəşəm Zəfər paradı 44 günlük Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişinə çevrildi.
Vətən müharibəsi zamanı doğma torpaqlarımızın azad edilməsi uğrunda 2900-dən çox əsgər və zabitimiz şəhid olub. Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev imzaladığı sərəncamlara əsasən, ümumilikdə, 159 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib. Prezidentin 2023-cü il 25 iyun tarixli sərəncamları ilə Müdafiə Nazirliyinin daha 131 hərbçisi orden və medallara layiq görülüb.
Prezident İlham Əliyev Vətən müharibəsində tarixi Qələbənin böyük əhəmiyyətini və bütün nəsillər üçün nümunə olmasını nəzərə alaraq onun əbədiləşdirilməsinə xüsusi diqqət ayırır. Ali Baş Komandan respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini daim hörmət və ehtiramla anır, valideynlərinə, ailələrinə, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizə, veteranlara diqqət və qayğı göstərir. Dövlətimizin başçısının 2020-ci il dekabrın 3-də imzaladığı “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncam bu ehtiramın əyani təcəssümüdür.
İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni komando bölmələri yaradılır. Bu yenilik ordumuzun gücünə güc qatır. Hazırda Silahlı Qüvvələrimizin türk ordu modelinə keçidi, komando bölmələrinin yaradılması prioritet istiqamətdir və bu məqsədlə atılan davamlı addımlar öz bəhrəsini verir. Ordumuz öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqda davam edir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək yenə də tez-tez Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutur, təxribatlar törədirdi. Separatçılar Laçın rayonunun Zabux, Sus və başqa kəndlərindən çıxmırdılar. Görünür, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyəti, ağır itkiləri ermənilərə yaxşı dərs olmamışdı. Deməli, yenə də düşmənə layiq olduğu yeri göstərmək lazım idi. Revanşistləri məhv etmək, mövqelərimizdən geri oturtmaq üçün 12 sentyabr 2022-ci ildə ordumuz uğurlu "Qisas" əməliyyatına başladı. Ermənistan ordusuna bir-birinin ardınca güclü zərbələr endirildi. Ağır itkilərə məruz qalan düşmən bir günün içində dayandığı mövqelərdən geri çəkilmək məcburiyyətində qaldı. Əlverişli yüksəkliklər, həmçinin Laçın rayonunun Ermənistanın şərti sərhədlərinə yaxın olan kəndləri işğalçılardan azad edildi. 12 sentyabr 2022-ci il tariximizə "Qisas" əməliyyatının keçirildiyi gün kimi yazıldı.
Həmişəki rəzil məqsəd və niyyətlərindən əl çəkməyən, hələ də xam xəyallarla yaşayan separatçılar yenə də gizli yollarla Qarabağa silah-sursat daşıyır, bu gözəl diyarda miskin varlıqlarını uzatmağa çalışırdılar. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.
2023-cü ilin noyabrın 8-də Xankəndi şəhərində keçirilmiş Zəfər paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun məğlubedilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev Xankəndidəki Zəfər meydanında xalq, ordu, dövlət birliyinin təcəssümünü və böyük Qələbəni təsdiqlədi. Qarabağda ucalan azadlıq bayrağı isə müzəffər ordumuzun şərəf əsəri, milli kimlik simvolu kimi dəyərləndirilir.
Azərbaycanın Ordusunun 2020-ci ilin sentyabrın 27-də başlanmış mübarizəsi 2023-cü ilin sentyabrında böyük Zəfərlə yekunlaşdı. Silahlı Qüvvələrimiz Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Əslində, keçən əsrin 80-ci illərin sonunda başlayaraq torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.
Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş ordumuzdan daha da güclüdür. Ordumuz üçün yeni silah və texnikalar alınır və bu sahəyə lazımi qədər dövlət vəsaiti ayrılır. Buna əyani sübut kimi cari il fevralın 9-da Ali Baş Komandan İlham Əliyevin Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olmasını və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləməsini göstərmək olar. Prezident İlham Əliyev həmin gün hərbi obyektdəki müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunan PUA Akademiyasında yaradılan şəraitlə tanış oldu.
Azərbaycanda yerli və beynəlxalq səviyyəli təlimlər təşkil olunur. Belə ki, bu ilin iyununda ölkəmizdə Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Qafqaz Qartalı - 2024” beynəlxalq taktiki-xüsusi təlimi keçirildi. Təlimlər üç ölkənin xüsusi təyinatlılar arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə töhfə verdi. Həmçinin mühəndis, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə və digər taktiki-xüsusi təlimləri təşkil olundu. Azərbaycan Ordusunun hərbi qulluqçuları, eyni zamanda, “Efes-2024” və digər beynəlxalq hərbi təlimlərdə iştirak edirlər.
Bu gün prioritet məsələlərdən digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Hazırda həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır.
Silahlı Qüvvələrimizin artan gücü bizi bir daha əmin edir ki, ölkəmizin müdafiə qüdrəti bundan sonra da yüksələcək, sərhədlərimiz daha etibarlı şəkildə qorunacaq, müstəqilliyimiz və suverenliyimiz əbədi olacaq. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış rəşadətli ordusu və Müzəffər Ali Baş Komandanı ilə qürur duyur, yeni uğurlar və qələbələr gözləyir.
Yaqut Ağaşahqızı, “İki sahil