AZ

Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur

Bu qurumun yürütdüyü siyasət bizim milli maraqlarımızla tərs mütənasibdir

Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması müəyyən dövlətləri və təşkilatları, xüsusən də ermənipərəst dairələri ciddi narahat edir. Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında demokratik dəyərlərə ikili standartlarla yanaşmaq tendensiyası getdikcə güclənir.

Azərbaycan Avropa Şurasına üzv olarkən əsas məqsədlərindən biri də bu idi ki, sözügedən təşkilat işğal faktına aydın və qətiyyətli reaksiya versin, ona son qoyulması üçün Ermənistana qarşı konkret addımlar atılsın. Bu, Azərbaycanın Avropa Şurasından əsas gözləntiləri idi. Lakin faktiki olaraq bizim Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı. Çünki bizə qarşı ikili standartlar siyasəti davam edir. Artıq elə bir zaman gəlib çatıb ki, nə Avropa, nə də avropalı siyasətçilər üçün demokratiyanın önəmi qalmayıb. Avropa bütün dünyaya demokratiya carçısı olduğunu söyləyir.  Amma bütün proseslərə bu prizmadan yanaşdığını iddia edən Avropa nədənsə heç də həmişə bu "andına" sadiq qalmır. Masa üzərinə şəxsi maraqlar gəldikdə, əksər hallarda "andlar" nə yazıq ki, unudulur. Bu gün bir sıra beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası və Avropa İttifaqı özlərini dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə çalışırlar. Görəsən, bu qurumlar otuz ilə yaxın bir dövrdə bir milyondan artıq azərbaycanlının hüquqlarının kobud şəkildə pozulmasını görmürdülərmi? Axı, hər dəfə bu qurumların nümayəndələri ölkəmizə gələndə öz doğma ata-baba ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərlə görüşür, onların yaşayış tərzləri ilə yaxından tanış olurdular.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Qərbin bəzi ölkələrini ciddi şəkildə narahat edib. 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində Avropa Şurasının Parlament Assambleyası (AŞPA) heç vaxt işğalçı dövlət olan Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Amma indi - təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəmizdən, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələnmiş 2023-cü ilin 19 sentyabrında Qarabağda birgünlük lokal antiterror tədbirlərindən sonra xalqımız və dövlətimiz AŞPA və digər Avropa strukturları tərəfindən təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzə qalıb. Erməni lobbisinin əlində alət olan AŞPA-nın üzdəniraq deputatları ölkəmizi qaralamaq üçün heç bir fürsəti əldən vermir, həyasızcasına Azərbaycanı Qarabağın erməni əhalisinin “etnik təmizləməsində” və onların buradan zor gücünə qovulmasında ittiham edirlər. Halbuki ermənilər Qarabağı könüllü surətdə tərk edən zaman bölgəyə səfər etmiş dünyanın ən böyük və nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin müşahidə missiyası onların Ermənistana öz istəkləri ilə, heç bir zorakılıq halları olmadan köçmələrini bəyan etmişdi. 

Nə yazıq ki, sərgilənən ikiüzlü siyasətin fonunda kölgədə qalan Avropa ədaləti  saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmir. Azərbaycan nümayəndə heyəti AŞPA-nın zalında bəyanat verib Assambleyada fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmasını bildirdikdən sonra bu qurumun ölkəmizin təmsilçiliyinin məhdudlaşdırılması barədə qəbul etdiyi qətnamə uğursuz addımlardan biridir. Bu səmərəsiz beynəlxalq təşkilatdakılar unutmamalıdırlar ki, Azərbaycana qarşı nümayiş etdirilən bütün bu ikili standart siyasəti faydasızdır və Bakı milli maraqlarına, nüfuzuna kölgə sala biləcək istənilən addıma imkan verməyəcək.

Azərbaycan öz gücü ilə işğaldakı torpaqlarını azad edib və artıq həmin ərazilərə Böyük Qayıdış başlayıb. Bu isə sanki Avropanı xeyli əndişələndirir. Çünki keçmiş münaqişə vəziyyəti ermənipərəst Avropaya Cənubi Qafqaz regionunda öz mövcudluğunu qoruyub saxlamağa və məkrli maraqlarını təmin etməyə imkan verirdi. Onlar məhz İkinci Qarabağ müharibəsinədək işğalçı, bu gün isə məğlub ölkə həyatını yaşayan Ermənistandan istifadə edərək hələ də Cənubi Qafqazda möhkəmlənmək istəyirlər. Lakin onların bütün bu vandal hərəkətlərinə rəğmən ölkəmiz dimdik ayaqdadır və bizə qarşı atılan bütün qeyri- adekvat addımlara vaxtında, həm də artıqlaması ilə cavab verir.

Qondarma «dağlıq qarabağ respublikası» özünü buraxdığını elan etdikdən sonra hələ də AŞPA-nın artıq tarixin zibilliyinə atılmış separatçılar müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Təşkilat  Azərbaycan torpaqlarının işğalı dövründə bu qondarma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsi üçün məsuliyyət daşıyır.

Məhz bu cür qərəzli və obyektivlikdən uzaq fəaliyyəti ilə bəzi Avropa ölkələri də nüfuzlarına sarsıdıcı zərbə vurur, erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin əlində oyuncağa çevrildiklərini göstərirlər.

AŞPA-nın yürütdüyü siyasət Azərbaycanın öz milli maraqları çərçivəsində aparmağa çalışdığı siyasətlə tərs mütənasibdir. Bütün ərazimiz üzərində suverenliyimiz təmin edildikdən sonra Azərbaycanın AŞPA-ya heç bir ehtiyacı yoxdur. Dünyada 200-ə yaxın müstəqil dövlət var və onlardan yalnız 46-sı bu qurumun üzvüdür.

Ümumiyyətlə, hazırda dünyada davam edən ən qanlı müharibələrin də qızışdırıcıları ABŞ və onun marionetkaları olan Avropa ölkələridir.  Onlar sözdə dünyada sülhə çağırış etsələr də əslində Ukraynada və Qəzzada başlayan müharibələrin başa çatmasına, atəşkəs elan edilməsinə birbaşa mane olurlar. 

Şəmsiyyə Əliqızı,  «İki sahil»

Seçilən
173
1
ikisahil.az

2Mənbələr