Dünyada Azərbaycan yeganə ölkələrdəndir ki, heç bir kənar qüvvələrin köməyi və yardımı olmadan zəngin iqtisadiyyat qura bilmişdir. Təbii ki, bu iqtisadiyyat da birdən-birə yaranmamışdır.
Heç kimə sirr deyil ki, Azərbaycanın 20 faiz ərazisi düz 30 ilə yaxın erməni işğalı altında qalıb. Belə bir mürəkkəb siyasi-hərbi durumda ölkəmiz həm müdafiə qabiliyyətini yüksəltməli, həm də iqtisadiyyatını yüksək səviyyədə qurmalı idi. Təbii ki, bütün bunları həyata keçirmək üçün Azərbaycana çox güclü, uzaqgörən və müdrik bir siyasətçi lazım idi. Bu siyasətçi də xalqın tələbi ilə hakimiyyətə gətirildi. Yəni Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin sükanı arxasına keçəndən sonra ölkəmizin siyasi, iqtisadi, hərbi və sosial problemləri zaman-zaman həll edilməyə başlandı.
Bir çox dövlətlər elə təsəvvür edirdilər ki, Azərbaycan iqtisadi böhrandan, müharibə şəraitindən öz gücü ilə çıxmağı bacarmayacaq. Amma Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcəyini bütün dünya siyasətçilərindən, iqtisadçılarından daha yaxşı görürdü. O görürdü ki, ölkəmizin çox zəngin yerüstü və yeraltı sərvətləri və digər dünyanın ehtiyac duyduğu məhsulları var. Sadəcə bu məhsulları emal etmək, hazırlamaq və sonra da dünya bazarına çıxarmaq lazım idi. Heydər Əliyev Əsrin müqaviləsi neft kontraktına imza atmaqla çox ağıllı bir siyasi gediş etdi. Yəni Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, İngiltərənin BP şirkəti ilə birgə Azərbaycan xam neftinin çıxarılması, emalı və dünya bazarına inteqrasiya olunması çox önəmli bir əhəmiyyət kəsb etdi.
Artıq 1993-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatı iri addımlarla inkişaf etdi. Uzun müddət istehsalını dayandırmış fabrik, zavod və bir çox müəssisələr ölkə rəhbərliyinin verdiyi göstəriş əsasında yenidən işləməyə başladı. Avropa ölkələri gördülər ki, Azərbaycan nə Ermənistandır, nə də Gürcüstan, ən azından ona görə ki, Azərbaycan nefti və qazı kəmər vasitəsilə Avropaya göndərilir və bundan isə həmin ölkələr istifadə edirlər.
Heç şübhəsiz, ölkəmizdə iqtisadiyyatın daha yüksək sürətlə inkişafının təmin edilməsi üçün yeni-yeni investorlara, sərmayəçilərə böyük ehtiyac vardı. Düzdür, elə sahələr vardır ki, həmin sahələrdə Azərbaycan dövləti və iş adamları yatırımlar edirdi və yüksək məhsuldarlıq da əldə olunurdu. Belə bir durumda İtaliyanın, Fransanın, Macarıstanın, Bolqarıstanın, Türkiyənin, Rusiyanın onlarla şirkəti Azərbaycanda sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatın müxtəlif sahələrinə sərmayələr qoymağa başladılar. Hər bir şirkət və iş adamı öncə onu düşünür ki, qısa zaman kəsiyində qoyduğu sərmayəni əldə edə bilsin və bundan sonra izafi dəyər qazansın.
Məhz həmin şirkətlər də gördülər ki, Azərbaycana yatırılmış milyonlarla dollar vəsaitlərini az bir müddətdə geri qaytardılar və üstəlik də əlavə gəlir əldə etməyi bacardılar. Təbii ki, bütün bu iqtisadi addımların uğurla nəticələnməsi Azərbaycanın dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya olunmasına bir təkan verdi. Məhz o təkanın nəticəsi idi ki, 2000-ci ildən sonra Avropa ölkələri, xüsusən İtaliya, Türkiyə və Rusiya Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə daha böyük yatırımlar etdilər. Bu da onunla əlaqədar idi ki, Azərbaycanın 20 faiz torpağının işğal edilməsinə baxmayaraq, onun iqtisadiyyatı hər cür imkana malik idi. Əlbəttə, belə bir mövcud şəraitdə sərmayəçiləri ən çox düşündürən əlavə izafi dəyər idi. Və bu izafi dəyər də müəyyən zaman kəsiyindən sonra əldə edildi.
Ölkəmizdə yaranmış sabitlik, əmin-amanlıq xarici investorların Azərbaycana gəlişini bir qədər də sürətləndirdi. Onlar tək Bakı şəhərində deyil, başqa sözlə demiş olsaq, neft sənayesinə deyil, həm də yeni-yeni fabrik və zavodların tikintisinə də vəsait ayırdılar. Xüsusən Sumqayıt şəhərində Çin Xalq Respublikası bir neçə müəssisənin yenidən qurulmasına və Azərbaycan xammalı hesabına yeni məhsulların istehsal edilməsinə xüsusi diqqət yetirdi. Bu isə o deməkdir ki, artıq Çin kimi böyük bir dövlət Azərbaycan iqtisadiyyatına yatırım etməkdən çəkinmir, bu sahədə öz maraqlarını təmin etmək üçün sərmayəni daha da artırırlar.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində həm iqtisadiyyat, həm sənaye, həm də tikinti sektoruna xaricdən gələn şirkətlər kifayət qədər investisiya yatırdılar. Bu investisiyaların yatırılması ona zəmin yaradırdı ki, Azərbaycan iqtisadiyyatı çox zəngindir və ölkəmizin qapısı xoş məramla məmləkətimizə gəlib iş görmək istəyən şirkətlərin üzünə açıqdır.
Elə ölkələr var ki, uzun illərdir müstəqillik qazanıb, böyük ərazisi var, amma zəngin iqtisadiyyatı yoxdur. Azərbaycan isə balaca bir ölkə olmasına baxmayaraq, həm dünya siyasətində, həm iqtisadiyyatında, həm də müdafiə sahəsinin yenidən qurulmasında önəmli addımlar atır. Bu heç də asanlıqla başa gəlməyib. Ulu Öndər Heydər Əliyevdən sonra 20 ilə yaxın hakimiyyətdə olan prezident İlham Əliyev də Azərbaycan iqtisadiyyatının dünyaya inteqrasiya olunması üçün çox böyük işlər görüb. Bunun nəticəsi kimi Azərbaycanın beynəlxalq iqtisadi konfranslarda, eləcə də digər mötəbər təşkilatlarda öz mövqeyini sərgiləməsi və dünyanın məşhur şirkətlərinin Azərbaycana dəvət edilməsi xüsusi əhəmiyyət kəsb edib.
Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycanda elə bir siyasi-iqtisadi, sosial mühit formalaşıb ki, hər bir xarici dövlət burda sərmayə qoymaq üçün böyük maraq göstərir. Eyni zamanda 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ savaşı və 2023-cü il sentyabrın 19-20-də Qarabağda antiterror əməliyyatının uğurla aparılması ərazi bütövlüyümüzü tamamilə təmin etdi və bundan sonra məşhur şirkətlərin ölkəmizə marağı bir qədər də artdı.
Artıq Azərbaycan həm İslam, həm də Türk dünyasında öz yerini daha da möhkəmləndirib. Çünki Türk dünyası da, İslam dünyası da yaxşı bilir ki, ölkəmiz ümumbəşəri dəyərlərə və insanlığa çox yüksək dəyər verməklə öz iqtisadiyyatını ən yüksək səviyyədə təşkil etməyi bacarıb. Heç də təsadüfi deyil ki, bütün bu dəyərlərimiz həm Türk dünyası, həm də İslam dünyası tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda prezident İlham Əliyev Türk və İslam dünyasını birləşdirən çox böyük siyasətçilərdən biridir. Bu gün dünyanın gözü Azərbaycana tikilib, çünki Azərbaycan zəngin dövlət olmaqla yanaşı, həm də bəşəri dəyərlərə, beynəlxalq hüquq normalarına və insan hüquqlarına çox böyük hörmətlə yanaşır.
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.