AZ

AKTA və ETX Qazaxıstanda keçirilən kibertəhlükəsizliyə həsr olunmuş dair tədbirlərdə iştirak edib

Bakı, 13 sentyabr, AZƏRTAC

Qazaxıstan Respublikasının Almatı şəhərində “KazHackStan 2024” tədbiri çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin iştirakı ilə “Türk dünyasının rəqəmsal qalxanı: daha güclü təhlükəsizlik üçün tərəfdaşlıq” adlı panel müzakirəsi, habelə kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın müzakirə olunduğu qapalı iclas baş tutub.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan nümayəndələrinin iştirak etdiyi panel müzakirələri və qapalı iclasda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov, baş katib Fidan Əhmədova, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev və Audit və komplayens şöbəsinin müdiri Elman Muradov iştirak edib.

Panel sessiyada çıxış edən Elvin Balacanov və Elvin Şahverdiyev kibertəhlükəsizliyin təmin olunması, o cümlədən kibertəhdidlərə və kiberinsidentlərə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərə dair məlumat veriblər. Habelə, TDT çərçivəsində kibertəhlükəsizlik sahəsində tərəfdaşlığın genişləndirilməsini şərtləndirən amillərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra, TDT-yə üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin, həmçinin TDT-nin baş katibinin müavini Mirvohid Azimovun iştirakı ilə kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın müzakirə olunduğu qapalı iclas baş tutub. Təqdimatların dinlənildiyi ilk hissədə, iclas iştirakçıları Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi, ölkəmizin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiyasının əsas komponentləri, o cümlədən beynəlxalq reytinqlərdəki mövqeyimiz, habelə AKTA və ETX-nin fəaliyyəti barədə məlumatlandırılıb.

Eləcə də, AKTA tərəfindən ölkəmizdə daha öncə təşkil olunmuş tədbirlər çərçivəsində baş tutmuş müzakirələr zamanı TDT-yə üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə nümayəndələr tərəfindən səsləndirilmiş təkliflər, həmçinin ETX ilə TDT-yə üzv dövlətlərin müvafiq qurumları arasında həyata keçirilən əməkdaşlığa dair məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclas iştirakçıları tərəfindən TDT çərçivəsində kibertəhlükəsizliyin daha effektiv və səmərəli şəkildə təmin olunması məqsədilə təşkilata üzv və müşahidəçi dövlətlərin nümayəndələrindən ibarət müvafiq işçi qrupunun və birgə tərəfdaşlıq mexanizmlərinin yaradılmasının məqsədəuyğunluğu ifadə olunub.

Sentyabrın 11-dən 13-dək keçirilən “KazHackStan 2024” konfransı Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi və ölkənin, o cümlədən Mərkəzi Asiyanın ən böyük kibertəhlükəsizlik xidməti provayderlərindən olan TSARKA-nın təşkilatçılığı ilə baş tutur. Üç gün davam edən və minlərlə iştirakçısı olan tədbir çərçivəsində bir sıra panel müzakirələri, kibertəhlükəsizlik üzrə aidiyyəti mütəxəssislərin çıxışları, innovativ həll və texnologiyaların təqdimatı, eləcə də “KiberKümbəz” - komandalar şəklində kibertəhlükəsizlik sahəsində yarış həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
7
azertag.az

8Mənbələr