AZ

44 günlük müharibənin tarixi önəmi: “Azərbaycan əlinin uzun müddət havada qalması ilə barışmayacaq” - ŞƏRH

44
2020-ci il 27 sentyabr tarixində Azərbaycan xalqı ideologiyasından və kimliyindən asılı olmayaraq vahid şəkildə birləşərək möhtəşəm bir həmrəylik nümayiş etdirdi. 44 gün ərzində “dəmir yumruğ”a çevrilən bu birlik müharibənin ağrı-acılarına da birgə sinə gərdi, qələbəyə də birgə sevindi. Artıq 27 sentyabr – Anım Gününün və 8 Noyabr Zəfər Gününün 4-cü ildönümlərini qeyd etməyə hazırlaşırıq.
Bəs bu 4 il müddətində illərlə işğal altında qalmış Qarabağ hansı islahatlardan keçib? Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı hansı addımlar atılıb? Ümumiyyətlə, qələbə regiona nələr gətirdi? Milli Məclisin deputatı Ceyhun Məmmədov 1news.az -a açıqlamasında bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bir çox aspektdən xüsusi önəm daşıyır: “Bu qələbə ilə Azərbaycan xalqı tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi və “güclü Ermənistan”, “güclü Ermənistan ordusu” mifini aradan qaldırdı. Ermənilər əslində İrəvanı, Zəngəzuru, sonrakı dövrdə Qarabağı işğal etdilər. Düşünürdülər ki, onlar uzun illər bizim bütün ərazilərimizi işğalda saxlaya biləcəklər. Amma Azərbaycan həyata keçirdiyi tədbirlərlə bu prosesin qarşısını qəti şəkildə aldı və bütün dünyaya göstərdi ki, Ermənistan bu ərazilərdə insanlıq əleyhinə cinayətlər törədib, ərazilərimizi dağıdıb. Vətən müharibəsində qələbə ilə Azərbaycan bölgədə yeni reallıq yaratdı. Bütün dünya Azərbaycanın bu qələbəyə necə nail olması barəsində müzakirə aparır. Təbii ki, qələbə Azərbaycanı daha da gücləndirdi və xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan Vətən müharibəsində çox böyük və tarixi qələbə qazandı. Son 200 illik tariximizdə ilk dəfə torpaq itirmədik, əksinə itirilmiş torpaqlarımızı geri qaytardıq”. Deputat sülhün Azərbaycanda daha çox Ermənistanın lehinə olacağını vurğulayıb: “Bu gün sülh ən çox Ermənistana lazımdır. Ermənistan anlamlıdır ki, bu gün onlar sülh üçün ciddi səylər göstərməlidirlər. Çünki Ermənistan özü blokadada qaldı və ciddi problemlər yaşadı. Münasibətlərin bərpasından sonra regional əməkdaşlıq, Zəngəzur dəhlizinin açılması və digər məsələlər Ermənistan iqdisadiyyatının dirçəlməsi üçün vacibdir. Bu şans uzun illər olmayacaq. Azərbaycan əlinin uzun müddət havada qalması ilə barışmayacaq”. Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran politolq Əziz Əlibəyli 44 günlük müharibənin bütün hallarda yeni bir dönəmin başlanğıcı olduğunu söyləyib: “Dövlətlər üzrə hesablasaq, münasibətlər kontekstində baxsaq, daha çox regional münasibətlərə böyük təsir göstərdi və Qafqazda indiyə qədər mövcud olmuş siyasi mənzərəni dəyişdirdi. Məsələn, "bundan sonra Qafqazın gələcəyi nə cür olacaq?" sualına cavab vermək üçün müharibədən sonra Cənubi Qafqazda aktorların dəyişməsinə baxmaq lazımdır. Çünki Azərbaycan müttəfiqləri ilə birgə müharibənin qalibi olduğuna görə yeni formalaşan vizionda Azərbaycanın əsas söz sahibinə çevrilməsi təbiidir. Bununla yanaşı, Ermənistan məcburdur ki, yeni siyasi vizionun tələblərinə uyğun bir şəkildə davransın. Ən azından sülhə təhdid yarada biləcək proseslərdən kənar qalsın, qalıcı sülh müqaviləsinin imzalanmasına gətirib çıxaran prosesi uğurla icra etsin, kommunikasiyanın açılmasına ciddi dəstək olsun. Ən əsası özünün daxili hüquqi mənzərəsini dəyişdirsin. Gələcəkdə Ermənistan özünün ideoloji problemlərini qonşu dövlətlərin ərazisinə iddia ilə təşkilatlandırmasın. Şübhə yoxdur ki, bu bir kontekstdir. İkinci baxımdan ermənilərin müharibədən sonra kütləvi şəkildə azərbaycanlıları qətlə yetirməsinin nümunələri ortaya çıxır. Müharibə dönəmində sərhəddən kənar bölgələrə: Gəncə, Bərdə, Tərtərə bombaların atılması və yüzlərlə mülki insanın ölməsi, bu prosesin indi də mina cinayəti ilə davam etməsi kimi faktları bütün dünya görmüş oldu”. Ə.Əlibəyli Ermənistanın sülhə daha çox ehtiyac duyduğunu və bunun onlar üçün önəmindən bəhs edib: “Münasibətlərin yaxşılaşmasına gəlincə, Ermənistanın bütövlükdə kommunikasiyalara ehtiyacı var. Ermənistan Azərbaycanla müharibə apardığı və torpaqlarını işğal etdiyi üçün Türkiyə ilə də sərhədsiz qalıb. Azərbaycan ərazisini işğal etmək Ermənistanı gücləndirmədi, əksinə daha da zəiflətdi. Bu məntiqlə baxdıqda, bu Ermənistanın Qarabağ kimi ağır bir yükdən xilas olması demək oldu. Güclü Türkiyə və Azərbaycan ilə qonşuluqda salamat yaşamaq və gələcəyini normal qurmaq şansı əldə etdi”. Müəllif: Ayşən İsmayılova Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması” mövzusunda hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
1news.az

2Mənbələr