Xətai rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, t+ədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Bakı şəhəri Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Nicat Həsənov, məktəb direktorları, yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər iştirak ediblər.
Öncə müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki,əvvəlki illərdə olduğu kimi 2023-2024-cü tədris ili də bizim üçün uğurlu olub. Belə ki, 2023-2024-cü tədris ilində ali məktəblərə sənəd verən 3259 nəfər məzundan, 2408 nəfəri tələbə adını qazanıb. 61 nəfər məzunumuz 650 baldan yuxarı bal toplayıb. Bu rəqəm keçən il 17 olub. 9 məzunumuz məktəbi qızıl medalla bitirərək, 1 məzunumuz isə respublika fənn olimpiadasının qalibi olaraq ali məktəblərə daxil olub. Həmçinin, bu il şəhid və qazi övladları da yaxşı nəticələr göstərərək müxtəlif ali məktəblərə qəbul olublar. Rayonumuzda 4 şəhid və 2 qazi övladı da bu il ali məktəblərə qəbul olanlar sırasındadır.
İcra başçısı bildirib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə gəncləri təbrik edərək bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bugün də davam etməkdədir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir. Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır.
Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Həmçinin qeyd etdilər ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə rayon ictimaiyyətinin görüşü gəncləri daha da ruhlandırır: "Çox xoşbəxtik ki, buna müvəffəq ola bildik. Çalışacağıq ki, ali təhsilimizi də uğurla başa vurub respublikamızın inkişafına öz töhfəmizi verək”.
Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.