"Təəssüflər olsun ki, belə ürəkağrıdan faktlar getdikcə çoxalır. Cəmiyyət buna ictimai qınaq və ictimai maraq göstərmədiyinə görə çox hallarda intihar hallarının əsas səbəbi gizlənilir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, filankəsin ürəyi dayandı, filankəs ürək xəstəliyindən öldü, özünü asdı və buna əsas səbəb kimi borc, yaxud sevgi məsələləri götürülür: "Amma arxasında duran səbəbləri araşdıranda görürsən ki, daha çox real, virtual qumara qurşanmaq, meyillilik bir çox gənclərimizi əlimizdən alır. Bu, nəinki oğlanlar, qızlara da şamil olunur.
Son otuz ildə müstəqillik dönəmindən bu yana dövlət olaraq vətəndaşlara verdiyimiz liberal azadlıqların sonu, məhz bu tipli hadisələrin çoxalmasına səbəb olur. Dövlət insanlara nə qədər komfortlu həyat şəraiti yaratdısa, böyük uğurlar əldə etdisə, əksinə, fərdlər getdikcə sanki uçuruma yönəlir. Bu, bütün dünyada belədir. Yaponiya, Cənubi Koreya ölkə olaraq ən çox inkişaf etmiş dövlətlərdir. Amma orada intihar halları çoxalır. Müqayisə etmək istəmirəm. Amma onların özünəməxsus problemləri var, bizim də öz problemlərimiz var. Araşdırmalar göstərir ki, Yaponiyada həddindən artıq komfortlu həyat, eyni zamanda insanların kredit və ipotekaya otuzdurularaq bütün ay boyu işləməsi onları depressiyaya aparır. Azərbaycanda isə əksinə, son illərdə tənbəllik, işsizlik və öz bəxtlərini lotoreya, qumar oyunlarında sınanmaqla hər şey əldə etmək həvəsi intihara aparıb çıxarır. Son vaxtlar Daxili İşlər Nazirliyi və bir çox dövlət qurumları, onlayn və şəbəkəüstü cinayətkarlıqla ciddi mübarizə Azərbaycan dövlətinin əsas prioritet məsələlərindən biridir. Bir neçə dövlət qurumu yaradılıb, internetdə pensionerləri və savadsız insanları aldadan cinayətkar dəstələrinin ifşa olunması, cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müxtəlif xəbərlər eşidirik. Amma hələ ki, bu sahəyə sanki elə bir diqqət görmürük. Bu, bir az texniki cəhətdən çətindir. Hər kəsin smartfonuna polis nəzarəti qoya bilmərik. Amma istək olanda hər cür imkanlar var".
"Niyə Azərbaycanda intim saytlara "ban" qoyuldu, amma onlayn kazinolar və oyun saytlarına "stop" qoyulmur? Azərbaycanda kazino oyunları ilə bağlı sərt qanunlar var. İndiyə qədər də biz azsaylı cəmiyyətlərdənik ki, dövlət olaraq bu oyunları istər real, indi də onlayn qadağan edirik, amma cəmiyyət olaraq ona meyilimiz getdikcə çoxalır. Düşünürəm ki, bunun bir neçə səbəbi var. Birincisi, psixoloji səbəbdir. İkincisi odur ki, uzun müddət imperiyaların nəzarəti altında olmuşuq və millətimiz əsarət altında olub. Qulların quldara çevrilməsi psixologiyası burda da özünü göstərir. Genetik kodlarımızda tez azad olunmaq, tez varlanmaq, bəy kimi yaşamaq, xan kimi dövran sürmək düşüncə tərzi hələ də durur. Digər tərəfdən birdən-birə varlanmaq hərisliyi hər zaman insanlara çox pis təsir edib. Təhsilsizlik, elmə marağın az olması, cəmiyyətin intellektual səviyyəsinin aşağı olması birdən-birə göydən, Allahdan, lotoreyadan varlanmaq istəyi bizim gənclərimizi də yoldan çıxarıb. Gənclərimiz bununla əlaqədar çox böyük ictimai-psixoloji tərbiyəyə, əxlaqi-mənəvi tərbiyə ilə bağlı boşluğa düşüblər və bu boşluğu doldurmaq üçün kütləvi informasiya vasitələri, internet, bloggerlər, televiziya, mətbuat və sosial şəbəkələr böyük işlər aparmalıdır.
Dövlət qurumları istər Ailə, Uşaq və Qadın Komitəsi, istər Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, xüsusilə Elm və Təhsil Nazirliyi bu yöndə QHT-lərlə birlikdə işləməlidir. Əgər biz insanı itiririksə, bu, Qarabağı itirməkdən də pis fəsaddır. Təsəvvür edin ki, Qarabağı otuz ildən sonra qaytara bildik, amma itirdiyimiz insanları qaytara bilərikmi? Psixoloji cəhətdən nə qədər əldən çıxmış gənclərimiz var. Bir tərəfdən narkotik, digər tərəfdən energetik içkilər, bir tərəfdən də real və onlayn qumar gənclərimizi az qala əlimizdən alır. Gizli kazinolar, gizli qumarxanalar və açıq onlayn kazinolar, oyunlar gənclərimizi əlimizdən alır. Bununla bağlı dövlətin müəyyən addımları, sərt qayda-qanunları var. Amma bu qayda-qanunlarla yanaşı ictimai reaksiya, ictimai nəzarət, valideyn və məktəb nəzarəti də gücləndirilməlidir. Eyni zamanda ,kütləvi informasiya vasitələrində tez-tez bununla bağlı maarifləndirmə, həm də yeni formada müəyyən işlər, aksiyalar həyata keçirilməsi vacibdir", - deyə o əlavə edib.