AZ

Putinin Bakıya səfərinin sirləri açılır – SENSASİON ŞƏRH

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərində İlham Əliyevin iqamətgahında gecələməsi bir çox analitiklər tərəfindən iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu göstərmək mesajı kimi qiymətləndirilmişdi. Bəziləri hətta bu məntiqdən çıxış edərək, rəsmi Bakının eyni münasibəti niyə strateji müttəfiqimiz Türkiyəyə göstərmədiyimizi sorğulayırdılar. “Middle East Eye” nəşrinin yaydığı bir məlumat isə məsələnin düşünüləndən daha dərin səbəblərdən irəli gəldiyini ortaya qoydu”.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib.
Heydər Oğuz qeyd edib ki, Böyük Britaniya mərkəzli nəşr birbaşa Putinin Bakı ziyarətilə bağlı hər hansı fikir irəli sürməsə də, onun yayımladığı bir məlumat Putinin Bakıda o şəkildə qarşılanmasının sirrinə kifayət qədər aydınlıq gətirir:
“Nəşr əslində Putinin 2 ildir Türkiyəyə gözlənilən səfərinin təxirə salınmasına işıq tutmağa çalışır. Məlumatda bildirilir ki, Rusiya prezidenti Ukraynanın təxribat ehtimalını əsas gətirərək Türkiyədən səfərin reallaşa bilməsi üçün 2 şərtin yerinə yetirilməsini istəyir:
1) Putini Türkiyəyə səfərində rus hərbi təyyarələri ilə müşayiət edilməsi;
2) Səfər çərçivəsində Putinin qalacağı otelin ABŞ və Qərb dövlətlərinə aid olmaması.
İddiaya görə, Türkiyə NATO müttəfiqi olduğundan Putinin ilk şərtini ümumiyyətlə yaxına buraxmayıb. Çünki bunun üçün rus hərbi təyyarələrini düşmən kimi tanıyan hava hücumundan müdafiə sistemlərini bağlamalı idi. Əks halda, Türkiyə istəməsə belə, onun ərazisindəki HHM sistemləri avtomatik dövriyyəyə girib Putini müşayiət edən hərbi təyyarələri vura bilərdi. HHM sistemlərinin deaktivizə edilməsinə isə təkcə Türkiyənin qərar verməsi mümkün deyil. Bunun üçün eyni şəkildə NATO-nun da razılığı alınmalıdır. NATO isə öz müttəfiqlərinin hava müdafiəsini təmin edən sistemlərin söndürülməsinə razı olmaz.
Digər şərt isə mövzumuzla bir başa əlaqədardır. Çünki Azərbaycanda da fəaliyyət göstərən ən böyük hotellər eynidir – Hilton, Sheraton və JW Marriott. Putinin bu hotelləri bir kənarda buraxıb daha zəif mehmanxanaları seçməsi Rusiyanın beynəlxalq imicinə mənfi təsir göstərə və hətta kinayə mövzusu ola bilərdi. “Middle East Eye” nəşrinin iddialarına inansaq, Putin məhz bu səbəbdən Türkiyənin təklif etdiyi digər alternativləri qəbul etməmişdi. Ankara Moskvaya Türkiyənin Xarici İşlər Nazirliyinə və ya Prezident Aparatına aid qonaq evlərində qalmaq təklifində bulunmuş, Putin isə bu təklifləri geri çevirmişdi. Digər bir alternativ Rusiyanın Türkiyədəki səfirliyinə aid qonaq evində qalmaq idi. Putin bunu da öz şanına yaraşdırmamışdı. Məsələyə bu aspektdən nəzər salanda Rusiya liderinin Bakıda da başqa yerdə qalmaq istəməməsi mümkündür. Bu vəziyyətdə ən uyğun məkan Prezidentin özünün yaşadığı iqamətgah ola bilərdi”.
Siyasi şərhçinin fikrincə, Putinin öz təhlükəsizliyindən ehtiyat etməsinin başqa arqumentlərlə əsaslandırılması təkcə həqiqətin təhrif olunması deyil, həm də rəsmi Bakının hərəkətlərini tamamilə başqa tərzdə göstərilməsidir ki, buna yol vermək olmaz:
“Çünki Rusiya Azərbaycan üçün Türkiyə və digər strateji müttəfiqlərimizdən bizə daha yaxın deyil və ola da bilməz. İlham Əliyev də bunu gizlətmir və hətta son prezident seçkilərindən sonra Azərbaycan mətbuatına verdiyi müsahibədə öz mövqeyini açıq şəkildə ortaya qoymuşdu. Səhv etmirəmsə, o, Real TV-nin rəhbəri Mir Şahinin sualını cavablandırarkən bildirmişdi ki, rəsmi Bakı çətin vəziyyətdə qalarsa, nə Qərbə, nə Çinə, nə də Moskvaya bel bağlamaz. Lazım olarsa, hər hansı dəstəyi Türkiyədən gözləyər. Nəzərə alsaq ki, Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi kimi hərbi strateji sənəd mövcuddur və bu sazişə görə, iki qardaş dövlət bir-birinə hərbi dəstək verməklə mükəlləfdir, ölkə başçısının nə demək istədiyini anlamaq mümkündür”.
Heydər Oğuz bəzi “rusqafalı”ların Azərbaycanı Rusiyaya bir köynək daha yaxın göstərməyə çalışmasının altında məkrli niyyətlərin dayana biləcəyini düşünür və hər şeyi olduğu kimi göstərməyin vacibliyinə inanır:
“Düzdür, rəsmi Bakının son zamanlar BRICS kimi Qlobal Cənuba məxsus qurumlara yönəlməklə və digər bir sıra addımlarla onsuz da özü barədə yanlış təsəvvürlərin formalaşmasına yol açır. Amma bu da bir həqiqətdir ki, ölkəmiz öz taleyini Qərbə və Türk dünyasına bağlayıb. Qərblə Türk dünyası arasında körpü rolu oynayır. Və bu istiqamətdə bizim əsas istinad nöqtəmiz də qardaş Türkiyədir. Bəzən Qərbə qarşı ritorikalarımız isə əslində bəzi Avropa dövlətlərinin ermənipərəst mövqeyinə verilmiş adekvat cavabdır və İlham Əliyev bunu Beynəlxalq Çernobbio Forumunda konkret ifadə etmişdi. O, moderatorun bir sualına verdiyi cavabda eynilə bu sözləri dilə gətirmişdi: “Bundan sadəcə bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq”.
Qısası, Rusiya prezidenti Putinin İlham Əliyevin evində gecələməsi rəsmi Bakının siyasi oriyantasiyasını dəyişməsi anlamına gəlmir. Bu zərurət Putinin aşırı təhlükəsizlik qayğılarının təzahürüdür və İlham Əliyev də onun təhlükəsizliyinə özü qədər zəmanət verdiyini nümayiş etdirmək üçün Rusiya liderini öz iqamətgahında ağırlamışdır”, – deyən Heydər Oğuz düşünür ki, Putinin müşayiətçi hərbi təyyarə istəyi olmasaydı, bəlkə Rəcəb Tayib Ərdoğan da öz həmkarını eyni şəkildə qarşılayıb, yola salardı.

Seçilən
31
1
arantv.az

2Mənbələr