AZ

UNESCO: Sudanda münaqişə tərəfləri mədəni irs abidələrini talan edir

UNESCO:

Bakı, 13 sentyabr, AZƏRTAC

UNESCO silahlı münaqişənin davam etdiyi Sudanda mədəni irs abidələrinin talan olunması ilə bağlı həyəcan təbili çalıb.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, 2023-cü ilin aprelində hərbi əməliyyatlar başlayandan bəri UNESCO bu böhranın Sudanın mədəni irsinə, mədəniyyət obyektlərinə və sənətçilərinə təsirini yaxından izləyir. Son həftələrdə muzeylərin, mədəni irsin və arxeoloji obyektlərin, habelə şəxsi kolleksiyaların talan edilməsi ilə bağlı xəbərlər fonunda mədəniyyətə qarşı bu təhlükə görünməmiş səviyyəyə çatıb.

UNESCO silahlı münaqişə tərəflərinə mədəni sərvətlərə zərər verilməsinə və talana son qoyulmasına, həmçinin irs abidələrindən hərbi məqsədlər üçün istifadə edilməsi hallarının aradan qaldırılması ilə bağlı beynəlxalq humanitar hüquqa riayət olunmasına dair öhdəlikləri xatırladıb. Təşkilat 2019-cu ildən İtaliya hökumətinin maliyyə dəstəyi ilə UNESCO tərəfindən bərpa işləri koordinasiya edilən Sudan Milli Muzeyindəki talan xəbərlərindən xüsusilə narahat olduğunu bildirib. Burada yüksək tarixi və maddi dəyəri olan mühüm tarixi antik əşyalar, heykəllər və arxeoloji kolleksiyalar var. Eyni zamanda, Sudanın qədim tarixinin yadigarı olan bir neçə digər mühüm kolleksiyanın Xəlifə Ev Muzeyi və Nyala Muzeyindən oğurlandığı bildirilir. Təşkilat zərərin həcmini müəyyən etmək üçün bu hesabatları araşdırır.

Təşkilatın mətbuat açıqlamasında qeyd olunub: “UNESCO regionda və bütün dünyada mədəni sərvətlərin ticarəti ilə məşğul olan qrupları və incəsənət əsərləri bazarını Sudandan mədəni sərvətlərin idxalı, ixracı və ya mülkiyyət hüququnun ötürülməsində iştirak etməkdən çəkinməyə çağırır. Bu mədəni əşyaların hər hansı qeyri-qanuni satışı və ya yerdəyişməsi Sudan mədəni kimliyinin bir hissəsinin yoxa çıxması ilə nəticələnəcək və ölkənin qədim irsinin bərpasını təhlükə altına salacaq”.

 

 

Seçilən
121
1
azertag.az

2Mənbələr