Belə ki, baş məşqçi Ədəhim Niftəliyev şəhər stadionunda futbolçuların və azarkeşlərin hücumuna məruz qalıb. İddialara görə, bunun səbəbi komandaya iki legioner cəlb etməsidi. Guya baş məşqçi serbiyalı və rusiyalı oyunçuya görə iki mingəçevirli gənci düşərgədən uzaqlaşdırıb. İnsident də həmin oyunçuların və onların yaxınlarının iştirakıyla yaşanıb. O da iddia olunur ki, çalışdırıcı və bəzi klub rəsmiləri yeni gələn legionerlərə görə menecerlərdən böyük miqdarda pul alıb. Bununla yanaşı, onların iştirak ərizələrinə salınmaları üçün PFL-in tələb etdiyi 10 min manat da o agentlər tərəfindən ödəniləcək.
Bəs deyilənlər nə dərəcədə doğrudu? Ədəhim Niftəliyevin fikirlərini öyrənməyi lazım bildik:
“Komandada işimə davam edirəm. Mingəçevirdə heç kim mənim qarşımı kəsib güldən ağır söz deyə bilməz. Bu şəhərin şərəfini qorumuşam, and içmişəm ki, bundan sonra da qoruyacam, sonacan vuruşacam. Kimsə nəsə deyibsə, cavabını alıb. Heç kim məni stadionda hədələməyib. Həmin gün məşqdən sonra futbolçuların hamısını yola salıb, rahat evə getmişəm. Bir-iki nəfər stadiondan kənarda özünü düzgün aparmadı, artıq hərəkətlər etdi, ardından Mingəçevirdə futbolu istəyən adamlar gəlib onları başa salıb göndərdi. Legioner məsələsinə gəlincə, serb var, "Baku Sportinq"in oyunçusudu. O klubla müqavilə bağlayıb, bizimlə icarə üçün danışıqlar aparır. Mən də Elman Sultanovdan öyrəndim, dedi ki, yaxşıdı, sadəcə, həmin mövqedə 4 hücumçu var, ona görə icarəyə verə bilərəm. Transfer hələ qüvvəyə minməyib, bəzi sənəd işləri qalıb. Orda pul məsələsi olması boş söhbətlərdi. AFFA tərəfindən verilən puldan başqa gəlir yerimiz yoxdu. Məbləğ barədə açıqlama verə bilməyəcəm, o məsələlərə rəhbərlik baxır. Klubda danışmışıq ki, oynamayan, ehtiyatda oturan futbolçularla yollar ayrılsın. Onların yerinə də mingəçevirli cavan uşaqlar cəlb edək. Artıq-əskik, yəni 10 min manat söhbəti olmayıb. Sadəcə, komandanı gəncləşdirmək istəyirəm, rəhbərliyə də strategiyamı bildirmişəm. Yaşlı oyunçunun yerinə 17 yaşlı gənci ehtiyat oyunçular skamyasında əyləşdirərəm, bilərəm ki, bakılı çıxıb gedəndə yerinə oynaya biləcək. Məni döyüblər, yaxud qarşımı kəsiblər – belə şey olmayıb. Hamı məni tanıyır, hər kəs qarşısında alnım açıqdı. Pisi odu ki, burda 3-4 nəfər var, onlar Mingəçevir futbolunu stadionun kənarından belə izləmir. Amma burda elə reklam edirlər ki, guya dahi futbolçu olublar, bizim futboldan xəbərimiz yoxdu. Hər rayonda belə ürəkbulandırıcı adamlar var, həmişə olacaq. Udsaq, da uduzsaq da, belə söhbətlər olub. Açıqlama verən kimdisə, gəlib üzümə dursun ki, mənə kimsə 10 min manat təklif edib. Alnım açıqdı, işimi görürəm”.
RÖYANƏ OĞUZ[b][/b]