Azərbaycanda bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələri hərrac yolu ilə satışa çıxarılır. Hərraca çıxarılan əmlakların qiyməti isə sahəsi və yerinə görə dəyişir.
Son zamanlar vətəndaşlar arasında bələdiyyələrin təşkil etdiyi hərraclara maraq artıb. Bir çox insan bu yolla torpaq sahəsi əldə edir və daha sonra tikintiyə başlayır. Bəs görəsən, bu mövzuda hansı nünanslara diqqət edilməlidir?
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bələdiyyə torpaqları hərraca çıxarılmazdan əvvəl, bələdiyyələr tərəfindən çıxarışla təmin olunmalıdır:
“Bələdiyyə torpaqları satılmadan öncə, ilk növbədə aidiyyəti bələdiyyə tərəfindən çıxarış əldə edilməlidir. Bələdiyyə ərazisində yaşayan sakinlərə normativ qaydada, alqı-satqı yolu ilə satış həyata keçirilə bilər. Qeyri-sakinlərə isə bu torpaqlar yalnız hərrac vasitəsi ilə satılmalıdır. İlk növbədə bələdiyyələr bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib, hərraca çıxarılacaq torpaq sahəsinin mülkiyyətinə dair çıxarış əldə etməli, daha sonra isə vətəndaşlarla alqı-satqı müqaviləsi imzalamalıdır”.
Ekspert qeyd edib ki, torpaq sahəsi alındığı zaman orada birbaşa tikintiyə başlamaq mümkün deyil:
“Satışlar bazar dəyərinə uyğun formada həyata keçirilməlidir. Bələdiyyələr müstəqil qiymətləndiricilər cəlb etməklə, ərazidə real bazar dəyərini müəyyən etməli və bu qiymətə uyğun satışı həyata keçirməlidirlər. Əgər hər hansı bir şəxs bələdiyyədən çıxarışla, yəni mülkiyyəti üzrə torpaq sahəsi alırsa, orada birbaşa tikintiyə başlaya bilməz. O, həmin torpaq sahəsində əgər fərdi yaşayış evi tikəcəksə, ilk öncə eksiz layihəsini hazırlatmalı, Arxitektura və Şəhərsalma Komitəsinə müraciət etməli, müsbət cavab aldıqdan sonra tikintiyə başlamalıdır”.