AZ

Suraxanı rayonunda şəhidlərin və qazilərin məktəbli övladları ilə görüşlər keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Suraxanı Rayon İcra Hakimiyyəti yeni tədris ilinin başlanması ilə əlaqədar bir sıra tədbirlərin təşkilini planlaşdırır. Bu tədbirlər çərçivəsində yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla, həmçinin şəhid və qazilərin övladları, evdə təhsil alan, autizm və digər xəstəliklərdən əziyyət çəkən fiziki və əqli qüsurlu məktəblilərlə görüşlərin keçirilməsi nəzərdə tutulub. İlk tədbir sentyabrın 13-də Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəhid və qazilərin övladları, həmçinin evdə təhsil alan və xüsusi qayğıya ehtiyacı olan məktəblilər iştirak ediblər.

Tədbir zamanı iştirakçıların uğurları və cəmiyyətə göstərdikləri nümunəvi töhfələr vurğulanıb, həmçinin onların gələcək planlarından bəhs edilib və müvəffəqiyyət qazanmış məzunlara xüsusi təbriklər ünvanlanıb.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev məzunların əldə etdikləri yüksək nəticələrin ölkənin təhsil sisteminin inkişafında böyük rol oynadığını və bu uğurların gələcək nəsillərə örnək olduğunu diqqətə çatdırıb. O, iştirakçılara gələcək təhsil və karyera yollarında göstəriləcək dəstəkdən, imkanlardan danışıb. Şəhid və qazi övladlarının, eləcə də xüsusi qayğıya ehtiyacı olan məktəblilərin cəmiyyətin ayrılmaz hissəsi kimi uğurlarının hər zaman dəstəklənəcəyi bildirilib.

Tədbir səmimi söhbətlər və iştirakçılara müxtəlif hədiyyələrin təqdim olunması ilə davam etdirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
azertag.az

1Mənbələr