GAİM-in universitetə hazırlıq kursunun 31 abituriyenti Gürcüstanın müxtəlif dövlət universitetlərinin tələbəsi adını qazanıb.
Onlardan 17 nəfəri dövlət qrantı qazanaraq tam ödənişsiz ali təhsil almaq imkanı əldə edib.
Abituriyentlərdən Murad Budaqov mümkün 80 baldan 74 bal toplayaraq qəbul imtahanında azərbaycanlılar arasında ən yüksək nəticə göstərib.
“Ətrafında rəqabət apara biləcəyin potensiallı insanlar varsa sağlam rəqabət ən böyük stimuldur” fikrinə söykənərək Murad Budaqov: “Xəyallarımı reallaşdırmağın yalnız bir yolu var idi - o da mükəmməl təhsil. Mən bunu bacardım. Təhsil aldığım müddətdə bütün fənləri yaxşı öyrənməyə, hərtərəfli biri olaraq formalaşmağa çalışırdım”,- deyib.
“Gürcüstanda təhsil sahəsində davamlı xarakter alan islahatlar, həyata keçirilən tədbirlər həm təhsil sisteminin yenilənməsinə, həm də keyfiyyətinin yüksəlməsinə şərait yaradıb. Bu isə ilk növbədə ali məktəblərə qəbul imtahanlarında özünü göstərir. Belə ki, orta ümumtəhsil məktəblərinin məzunlarının göstərdikləri nəticələr ilbəil yaxşılaşır. Bu ilin qəbul prosesində də ciddi uğurlara imza atan məzunlarımız olub. Fürsətdən istifadə edib tələbə adını qazanmış məzunlarımızı səmimi qəlbdən təbrik edirəm”,- deyə Mərkəzin rəhbəri Murad Muradov öz sevincini bölüşüb.
"Cebheinfo.az"