AZ

Azərbaycanda üzümçülük niyə inkişaf etmir? - ARAŞDIRMA

Üzümçülük kənd təsərrüfatının ən qədim sahələrindən biri olub, əsasən şərabçılıq məqsədilə istifadə olunur. Bu sahə dünya iqtisadiyyatında və mədəniyyətində mühüm yer tutur. Üzüm həm təzə halda, həm də quru meyvə, şərab və digər məhsullar şəklində geniş istifadə olunur. Azərbaycan kimi üzümçülük potensialı yüksək olan ölkələr üçün bu sahə həm yerli iqtisadiyyatın gücləndirilməsi, həm də beynəlxalq ticarətdə rəqabətliliyin artırılması üçün mühüm bir sahədir. Eyni zamanda, bu, iqtisadi cəhətdən yüksək gəlir gətirən sahələrdən biridir. Şərabçılıq isə əlavə bir sənaye sahəsi kimi böyük iqtisadi potensiala malikdir. Rəsmi məlumata əsasən, avqust ayının 1-nə kimi tarlalardan 5,8 min ton üzüm yığılıb, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz azalma deməkdir. Son günlər isə üzümçülüklə məşğul olan bir qrup fermer isə qiymətlərin aşağı olmasından narazıdırlar. Fermerlər deyir ki, məhsulun ucuzlaşması fonunda qazanc əldə etmək çətinləşir və buna görə də bu sahəyə olan maraq azalır. Bəs, üzümçülüyü necə inkişaf etdirmək olar?

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov İqtisadiyyat.az-a açıqlamasında məhsulların qiymət məsələsinin heç bir dövlət qurumuna, o cümlədən də Kənd Təsərrüfatı Nazirliyinə aidiyyətinin olmadığını və qiyməti bazarın tənzimlədiyini deyib.

O bildirib ki, bazarda qiymətin ucuzlaşması və yaxud da bahalaşması tələb və təklifdən asılıdır: “Qiymətlərə məhsulun sortu, keyfiyyəti və s. kimi məsələlər də təsir göstərir. Hazırda “kardinal”, “ağ kişmiş”, “qara kişmiş”, “viktoriya”, “moldovan”, “dərbəndi”, “ağadayı” və digər üzüm sortlarının ən aşağı topdansatış qiyməti 1 manatdır. Həm də üzüm hələ təzə-təzə yetişir. Kim neçəyə satır və neçəyə alırsa, onu nazirlik və yaxud da hər hansı bir dövlət qurumu müəyyənləşdirmir. Bunu bazar müəyyənləşdirir”.

V.Hüseynov onu da əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyinin əsas funksiyası kənd təsərrüfatı məhsulları istehsalını subsidiyalaşdırmaqdır: ”Aqrar Subsidiya Şurasının qərarında üzümçülüklə də bağlı verilən əmsallar öz əksini tapıb. Yerli üzüm bağlarının salınmasına dövlət dəstəyi ilə bağlı oradan ətralı məlumat əldə etmək mümkündür”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə İqtisadiyyat.az-a açıqlamasında üzüm və şərab istehsalı ilə məşğul olanların üzləşdiyi problemlərdən danışıb.

Ümumiyyətlə ölkədə bu sahədə atılan addımlardan bəhs edən ekspertin sözlərinə görə, üzümçülüklə məşğul olan fermerin satdığı məhsulun qiyməti ona sərf etmirsə, bu, çox ciddi problemlərin olduğundan xəbər verir:

“Məhsulun qiymətini süni olaraq artırmaq da mümkün deyil və heç bir dövlət qurumu bunu həyata keçirə bilməz. Alıcıları da baha qiymətə üzüm almağa vadar etmək olmaz. Deməli, problem məhsuldarlığın aşağı olmasında, digər ölkələrdə bazarların axtarılmamasındadır. Bununla hökumət və onun strukturları məşğul olmalıdır. Kənd Təsərrüfatı Nazirliyi fermerin, kəndlinin xərcinin azalması, gəlirinin artması və istehsal marağında olması üçün hansı tədbirlərin, hansı siyasətin yürüdülməsini müəyyənləşdirməlidir. Kənd Təsərrüfatı Nazirliyi fermerin xərcini artıran amillərin və məhsuldarlığın artmamasının səbəblərini araşdırılmalı və buna cavab tapmalıdır. Nazirliyin tərkibində Aqrar Tədqiqatlar Mərkəzi fəaliyyət göstərir. Onlar məhsulun maya dəyərinin artma səbəbini müəyyən etməli və qiymətlərin həm istehsalçı, həm də istehlakçıya sərfəli olması üçün hansı tədbirlərin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflərini verməlidirlər ki, dövlət proqramı qəbul edildikdə onu nəzərə alsınlar”.

V.Məhərrəmov Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı ilə bağlı bir neçə dövlət proqramının qəbul olunduğunu xatırladıb. O bildirib ki, 2017-ci ildə qəbul olunan proqramda şərab ixracının 5 dəfə artırılması nəzərdə tutulub: “Amma ixracımız hələ də 2016-cı il səviyyəsindədir. Həmçinin Azərbaycan istehlakçıları da bir o qədər şəraba meyilli deyillər. Bu, çox ciddi problemdir. Süfrə üzümü ilə bağlı vəziyyət də eyni yerdədir. Baxın, Moldova kimi bir ölkə Sovet hökumətinin vaxtında daha çox üzüm istehsal edirdi, artıq şərab istehsalını kəskin aşağı salıb və digər sahəyə diqqət yetirib. Bu araşdırma nəticəsində həm də fermerlərə digər məhsul istehsalı ilə məşğul olmalarını təklif etmək olardı. Nə qədər çoxlu belə variant var ki, bunları Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan qurum nəzərə almalıdır. Qurum heç vaxt deməməlidir ki, bazarda qiyməti biz müəyyən etmirik. Hər kəs üçün aydındır ki, heç bir nazirlik bazarda qiyməti müəyyən etmir, qiyməti bazar özü müəyyənləşdirir. Nazirlik hansı siyasəti yürütməlidir ki, kənd təsərrüfatı ilə məşğul olan fermer istehsalın marağında olsun və onun sahəsi gəlirli olsun, yaxud da bazara çıxarılan məhsulun qiyməti digər ölkələrlə müqayisədə elə də yüksək olmasın? Bax görün nə qədər görüləcək işlər var”.

Ekspert açıqlamasında həmçinin üzümün yetişdirilməsi prosesindən də danışıb. O söyləyib ki, bu məhsulu yetişdirmək uzun müddət tələb edir: “Yəni uzun illər investisiya yatırılır, kapital qoyuluşu həyata keçirilir və məhsul əldə etdikdən sonra onlara sərf edilən qiymətə tələb olunmadığını görürlər. Həmçinin hökumətin də buna görə onlara yardımı nəzərdə tutulmayıb. Belə olan halda sahibkarlar və fermerlər bu sahədən məcburən imtina etməli olurlar. İmkan vermək olmaz ki, kortəbii olaraq bütün süfrə üzümünün istehsalı ilə məşğul olanlar bağlarını ləğv etsinlər. O sahə ilə məşğul olanlar araşdırmalıdırlar, gedib onlara məsləhət verməlidirlər, çıxış yolunu axtarmalıdırlar”.

Qeyd edək ki, bir müddət əvvəl Aqrar Subsidiya Şurası 2024-2025-ci təsərrüfat ili üçün dəstəklənən bitkilərin siyahısını genişləndirib. Siyahıya üzüm bitkiləri də əlavə edilib. Belə ki, qərara əsasən, üzüm bağları 2024-cü ilin sentyabrın 1-dən 2025-ci ilin mayın 31-dək, torpaq elektrik keçiriciliyi göstəricisi 2 dS/m-dən az olan və ən azı 2 hektar sahədə olan süfrə və texniki üzüm bağlarına 8 min manat əkin subsidiyası veriləcək. 2021-ci il sentyabrın 1-dən salınan bağlara 700 manat, ondan əvvəl salınmış bağlara görə isə 250 manat subsidiya nəzərdə tutulub.

 

Sadiq Cavadov

Seçilən
228
1
iqtisadiyyat.az

2Mənbələr