AZ

Bakı sakinləri və qonaqla üçün ilk dəfə “Boeing 787 Dreamliner” uçuş simulyatoru nümayiş etdirilir

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakıda “Azərbaycan Hava Yolları” QSC (AZAL) və ABŞ-nin “Boeing” şirkətinin birgə layihəsi çərçivəsində ilk dəfə “Boeing 787 Dreamliner” uçuş simulyatoru vətəndaşlar və şəhərin qonaqları üçün nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, “Boeing 787 Dreamliner” uçuş simulyatoru “Boeing 787” təyyarəsinin standart ekranlar konfiqurasiyasının və naviqasiya ekranlarının görüntüsünü dəqiqliklə əks etdirir. Simulyatorun proqram təminatı, displeyləri, sükan, mühərrik idarəetmə düyməsi və pedalları təyyarənin idarəetmə kabinəsini imitasiya edir. Simulyatoru idarə edərkən qonaqlar ABŞ-nin “Boeing Field” aerodromuna “eniş edə” və “Boeing 787”nin innovativ texnologiyaları ilə tanış ola bilərlər.

Qeyd edək ki, sentyabrın 15-nə kimi vətəndaşlar gün ərzində nümayiş simulyatorundan istifadə edə bilərlər.

Bu seriyaya üç model daxildir: “Boeing 787-8” 248 sərnişin tutumuna və 13 min 530 km-ə qədər uçuş məsafəsinə malikdir. “Boeing 787-9” 296 sərnişin üçün nəzərdə tutulub və uçuş məsafəsi 14 min 10 km-ə qədərdir. “Boeing 787-10” isə 336 sərnişin daşıya, 11 min 730 km-dək məsafə qət edə bilir.

“Boeing 787” təyyarələrinin göyərtəsində sərnişinlərin yüksək rahatlığı hava rütubətinin və təzyiqinin aşağı hündürlüyə uyğun saxlanılması, daha yaxşı görüntü üçün böyük illüminatorlar, turbulentliyin təsirini azaldan innovativ texnologiyalar sayəsində təmin edilir.

“Boeing 787” təyyarələri yanacaq sərfiyyatını və emissiyaları köhnə modellərlə müqayisədə 25 faiz azaltmağa imkan verir. Bu üstünlüklər sayəsində “Azərbaycan Hava Yolları” daxil olmaqla, dünyanın 89 aviaşirkəti “Boeing 787” təyyarələrini həm mövcud, həm də yeni marşrutlarında istifadə edir. 2011-ci ildə istismara veriləndən sonra, “Boeing 787” dünyada 400-dən çox yeni birbaşa marşrutun açılmasına və 919 milyondan artıq sərnişinin daşınmasına imkan yaradıb.

Boeing” şirkəti 787 təyyarə ailəsi üçün 1900-dən çox sifariş alıb. Sifarişlərin yarıdan çoxu “Azərbaycan Hava Yolları” kimi artıq donanmasında 787 seriyalı təyyarə olan aviaşirkətlərdən gəlib. AZAL sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin etmək üçün ən son texnologiyaları cəlb etməyə davam edir. Aviaşirkət inkişaf strategiyasının bir hissəsi olaraq təyyarə parkını yeniləməyi və 2030-cu ilə qədər 8 ədəd “Boeing” markalı hava gəmisini əldə etməyi planlaşdırır.

Seçilən
58
16
azertag.az

10Mənbələr