Bu gün Azərbaycan Yazıçılar Birliyində bu qurumun üzvü, “Qızıl qələm” mükafatı laurеatı Qənbər Şəmşiroğlunun 90 illik yubileyi keçirilib.
525.az xəbər verir ki, ölkənin tanınmış ədəbiyyat adamlarının, Milli Məclisin deputatlarının və media nümayəndələrinin qatıldığı tədbiri giriş ilə AYB katibi Rəşad Məcid açıb.
Rəşad Məcid bildirib ki, 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olan Qənbər Şəmşiroğlu həyatının uzun dövrünü dövlətə xidmətdə keçirsə də ata-babadan ona keçən şairlik istedadını davam etdirib.
Onun 90 illiyinin AYB də keçirilməsinə toxunan Rəşad Məcid bunun rəmzi mənasının olduğunu deyib:
“Çünki, Qənbər müəllim bu binaya bağlı adam idi. Tez-tez gəlirdi”.
Tədbirin aparıcısı BDU-nun dekanı, şair Ələmdar Cabbarlı Qənbər Şəmşiroğlunun yaradıcılığına toxunub.
Onun sözlərinə görə, Qənbər Şəmşiroğlu şair kimi tanınıb sevilsə də həm nasir olub:
“Onun qələmə aldığı yazılarda klassik Azərbaycan ədəbiyyatının nümunəsi görünüb. O, həmçinin ictimai xadim kimi də sevilib”.
Tədbirdə çıxış edən professor Şahlar Əsgərov, yazar Əlövsət Ağalarov , deputat Jalə Əliyeva və başqaları Qənbər Şəmşiroğlu yaradıcılığından danışıb.
Qənbər Şəmşiroğlunun oğlu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov da atası haqqında xatirələrini bölüşüb.
Atası ilə fəxr etdiyini vurğulayan Cavid Qurbanov onun dövlət adamı kimi xalqa xidmətindəki yerindən danışıb. Bildirib ki, istər Heydər Əliyev, istərsə də İlham Əliyev hökuməti dövründə ailəsi hər zaman dövlətin diqqətini görüb:
“Bizim ailə ilə bağlı 16 Prezident sərəncamı, fərmanı var. Atam , mən də dövlətimizin bu diqqətinə görə Prezidentimizə minnətdarlığımızı ifadə edirik”.
Azərbaycanın Qarabağ probleminin bitdiyini vurğulayan Cavid Qurbanov 65 yaşının tamamının anti-terror əməliyyatlarına təsadüf etdiyini xatırladıb:
“Doğum günümdə Ağdaban kəndi işğaldan qurtuldu. Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza təşəkkür edirəm”.
Eyni zamanda xalq şairi Sabir Rüstəmxanlı da Qənbər Şəmşiroğlunun yaradıcılığı haqqında danışıb. Onun sözlərinə görə, Qənbər Şəmşiroğlunun istedadlı şair olmasının səbəbi ona ata-babasından keçən irslə bağlıdır:
“Dədə Şəmşirin irsini oğlu Qənbər Şəmşiroğlu davam etdirdi. Sevindirici haldır ki, dövlət adamı, vəzifə adamı olmasına baxmayaraq, Cavid Qurbanov da bu yolu davam etdirir”.
Bizi İnstagramda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta