ABŞ Sovet İttifaqının dağılmasından qısa bir müddət sonra Ermənistanla diplomatik əlaqələr qurdu. Birləşmiş Ştatlar 1991-ci il dekabrın 25-də Ermənistanın müstəqilliyini tanıdı və 1992-ci ilin fevralında Ermənistanda səfirliyini açdı. Hazırda dünyada ən böyük əməkdaşa sahib ABŞ səfirliyi də məhz 2 milyonluq Ermənistandadır. ABŞ-dakı erməni lobbisi həm 1991-ci ildə Ermənistanın müstəqillik qazanmasından əvvəl, həm də müstəqillik illərində ölkəsinin maraqlarını yüksək səviyyədə təmsil edib və etməkdədir. Bu istiqamətdə onlar yalnız yəhudi lobbisindən geri qalırlar. Ermənistana göstərilən ABŞ hökumətinin yardımlarının həcmində lobbinin rolu böyükdür. Araşdırmalara görə, bu yardımların göstərilməsinə Spitakda baş verən zəlzələ təkan verib. Sonrakı illərdə ABŞ hökuməti Azərbaycan və Gürcüstanla daha çox əməkdaşlıq eməsinə baxmayaraq, Rusiyanın birbaşa təsir dairəsində olan Ermənistana, otuz ilə yaxın onların işğalı altında olan Qarabağa yüz milyonlarla dollar məbləğində birbaşa maddi yardım göstərib. Ermənistana yardımlar bu gün də davam edir.
ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Müvafiq sənədi Beynəlxalq İnkişaf Agentliyi – USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan sentaybrın 11-də imzalayıblar. Yardımın artırılmasında məqsəd Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. Yardım ayrılan sahələr arasında fəlakət risqlərinin idarəedilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf əsas yer tutur. USAID bunu da bildirib ki, agentlik Ermənistanın, geosiyasi oriyentasiyasının dəyişməsi də daxil, dəyişən ehtiyaclarına uyğun şəkildə İrəvana dəstəyini davam etdirəcək. Xatırladaq ki, baş nazir Nikol Paşinyan bu il aprelin 5-də USAID-in rəhbəri Samanta Paueri qəbul etmişdi. Pauer o vaxt bildirmişdi ki, USAID Ermənistana davamlı maliyyə dəstəyi göstərməyə hazırdır.
Maraqlıdır, Birləşmiş Ştatlar rəsmilərinin bəyanatlarında hər zaman Ermənistanla münasibətlərin qarşılıqlı hörmət və ümumi maraqlara əsaslandığı vurğulanır. ABŞ Ermənistanda öz siyasətini demokratik institutların və iqtisadi qurumların daha da inkişaf etdirilməsinə, insan hüquqlarına hörmət və hüququn üstünlüyünün təmin edilməsinə yönəltdiyini bildirir. ABŞ otuz ildən çoxdur ki, infrastrukturun, səhiyyənin və sosial xidmətlərin inkişafı adı altında Ermənistan iqtisadiyyatına davamlı olaraq investisiya yatırır, saysız-hesabsız saziş və müqavilələr imzalanır. Lakin nə müqavilələr, nə yatırılan sərmayələr, nə də göstərilən əvəzsiz yardımlar Ermənistanda nə yoxsulluq səviyyəsinin və miqrasiyanın ciddi azaldılmasına, nə də ki, iqtisadiyyatın inkişafına və investisiya axınının artmasına səbəb olur.
Əlbəttə, istənilən halda humanizm, siyasi tərəfdaşlıq və digər prizmalardan yanaşanda ABŞ-ın kritik dönəmlər yaşayan ölkələrə yardım ayırması təbiidir. Ancaq ortada bu faktlar da var ki, ABŞ heç də humanizm prinsiplərindən çıxış etmir, onun özünün ikili yanaşmaları var. Söhbət ondan gedir ki, hansısa bir erməninin Qarabağdan könüllü köçüb getməsinə görə ciddi “narahatlıq” keçirən Amerika rəsmiləri, xüsusilə konqresmenlər 30 il erməni separatçılarının darmadağın etdiyi Qarabağın bərpasına, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə ötən 4 il ərzində heç bir vəsait, yardım ayırmayıb. Bu isə onu göstərir ki, ABŞ bu yanaşmasında da səmimi deyil.
Qeyd edək ki, USAID bu yaxınlarda Ermənistanda dəyəri 23,1 milyon dollar olan yeni proqramların icrasına başlayıb. Eləcə də erməni mediasında yer alan son xəbərlərə görə, USAID Qarabağdan könüllü çıxan erməniəsilli şəxslərə əlavə olaraq 1 milyon dollar yardım göstərəcək. Bundan əvvəl də belə yardımlar olub. 2020-ci ildən indiyədək erməni sakinlərə 28 milyon dollar dəyərində humanitar yardım ayırıb. USAID-in Ermənistan üzrə missiya direktorunun müavini vəzifəsini icra edən Metyu Laird vurğulayıb ki, ABŞ hökuməti yaranmış çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistana kömək etmək öhdəliyinə malikdir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayından USAID və ABŞ hökuməti müxtəlif yardımlar - qida, psixososial dəstək verib. Yenə də ikili mövqe və qərəzli münasibət. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olanda, yüz minlərlə insan öz doğma torpaqlarından qovulanda təşkilat susmağa üstünlük verdi. Onun mövqeyi ABŞ hökumətinin mövqeyindən fərqlənmədi. Bir milyona yaxın azərbaycanlı bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistanın yanında dayanıb. Erməni lobbisinin ciddi təsiri altında olan qurum daim Ermənistana dəstək nümayiş etdirib.
Yeri gəlmişkən, ABŞ və onun himayəsində olan USAID-in Azərbaycana qərəzi xüsusilə 44 günlük müharibə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi ilə daha da güclənib. Təşkilatın direktoru Samanta Pauerin bədnam anti-Azərbaycan fəaliyyətini yada salmaq kifayətdir. Qarabağda etnik təmizləmə həyata keçirildiyini dəfələrlə iddia edən Pauer ədalətsiz və ikili mövqeyi ilə seçilib, bölgəni könüllü olaraq tərk etmiş erməni sakinlərin vəziyyətini də təhrif edib. Agentlik direktoru rəsmi Bakının həmin sakinlərə Azərbaycana inteqrasiya ilə bağlı açıqlamalarını heç yada da salmayıb.
Qeyd edək ki, Beynəlxalq İnkişaf Agentliyi əsasən mülki xarici yardım və inkişafın idarə edilməsinə cavabdehdir. 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb. Düzdür, təşkilat müxtəlif biznes layihələrində iştirak etsə də, qaçqın düşən insanlarımızla bağlı hər hansı bir proqram həyata keçirməyib, onlara yardım göstərməyib.
Sevinc Azadi, “İki sahil”