“Formula – 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ü 300-ə yaxın media nümayəndəsi işıqlandırır.
Bunların 200-ə yaxını beynəlxalq jurnalistlərdir. Dünya media nəhəngləri Sky Sports, Motorsport, Canal+, Netflix, The Sun və sair bu sırada yer almaqla 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşacaq.
Tədbirin promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən qurulmuş, hazırda 450 nəfərlik tutumu olan Media Mərkəzi jurnalistlərin ixtiyarındadır. Media Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə uyğun qaydada təsis edilir.
Qeyd edək ki, 2023 -cü il “Formula – 1” Azərbaycan Qran Prisini televiziya və sosial media platformalarından 90 milyon insan izləyib. “Formula – 1” tərəfindən təqdim edilən rəsmi statistikaya əsasən 2022 -ci ildə bu rəqəm 59 milyon olub. Ümumi olaraq azarkeş və turist sayında, eyni zamanda bilet satışlarındakı rekordu nəzərə alaraq, bu il Azərbaycan Qran Prisinin qlobal izləyici sayında da daha bir rekorda imza atılacağı istisna deyil.