AZ

Türkiyədə "Wikipedia problemi" necə həll olunmuşdu?

"2017-ci ildə Wikipedia Türkiyə hökuməti tərəfindən bu ölkədə bloklanmışdı. Buna səbəb olaraq, hökumət bəzi məqalələrdə PKK-ya dəstək verən və milli təhlükəsizliyə təhdid yaradan məqamların olduğunu bildirirdi.

Eyni zamanda Türkiyə Prezidenti R.T.Ərdoğanla bağlı təhqiredici materialların da bu platformada yer aldığı qeyd edilirdi".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.

O bildirib ki, qardaş ölkədə vikipediya bloklanmazdan öncə Türkiyə hökuməti bu məlumatların çıxarılmasını tələb etmiş, lakin Türkiyənin TrViki icması və idarəçiləri həmin məqalələrin silinməsini və ya redaktəsini qəbul etməyib.

"Bununla bağlı onlar arasında da ciddi fikir ayrılıqları olmuşdu, qütbləşmə yaranmışdı. O zaman Türkiyənin TrViki idarəçiləri və icması da bu problemi çözə bilməmişdi.

Yəni o zaman Türkiyədəki problem indi bizdə olduğu kimi icma daxilində deyil, hökumətlə Wikipedia icması arasındakı fikir ayrılığından yaranmışdı.

Nəticədə hökumət baltanı kökundən vuraraq Wikipedianı tam qapatmışdı.

Belə olan halda Wikipedianı idarə edən Wikimedia Foundation qurumu Türkiyənin Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Uzun müzakirələrdən sonra, 2020-ci ildə Məhkəmə "Wikimedia Foundation"in iddiasını əsaslı hesab edərək, girişin qapadılmasını ifadə azadlığının pozulması kimi dəyərləndirərək bloklanmanın qanunsuz olduğu haqda qərar çıxardı.
Eyni zamanda mübahisəli məqalələr də yenidən redaktə olunmuşdu".

Xatırladaq ki, texnobloqer Fərid Pərdəşünas bildirib ki, Azərbaycanda aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantların da olduğu 3 min şəhid məqaləsi vikipediadan silinib.

Onun sözlərinə görə, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən silinib və buna səbəb kimi şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğu əsas gətirilib.

Vikipedia fəalı Səmral Quluzadə isə bildirib ki, məqalələr tam silinmir, onlar vahid siyahılarda birləşdirilir. Bu proses mərhələli şəkildə həyata keçirilir. Aprel və sentyabr döyüşlərində, 20 Yanvar qırğınında və Xocalı faciəsində şəhid olanların ətraflı siyahısı hazırdır. İndi isə 44 günlük müharibədə şəhid olanların siyahısı təkmilləşdirilir. Vətən müharibəsində 3 minə yaxın insan şəhid olubsa, Birinci Qarabağ müharibəsində onların sayı 10 mindən çoxdur. Hər bir şəhid haqqında məqalə yaratmaq mümkünsüzdür.

 

Şahanə Rəhimli
Musavat.com

Seçilən
106
13
musavat.com

10Mənbələr