Hazırda enerji istehlakının 84 faizi qalıq yanacaqlardan əldə edilir, lakin COP çərçivəsində həmin nisbəti azaltmaq üçün qlobal səylər davam edir. Paris Sazişi ölkələrin 2050-ci ilə qədər karbon neytrallığına çatmasını hədəfləyir.
Bunu AZƏRTAC-a açıqlamasında ADA Universitetinin müəllimi, yaşıl enerji üzrə ekspert Orxan Kərimzadə deyib.
Ekspertin sözlərinə görə, iqlim dəyişikliyinin yaratdığı problemlərə təcili cavab vermək üçün enerji keçidi indi xüsusi əhəmiyyət daşıyır. İstixana qazlarının emissiyaları 2021-ci ildə dünya üzrə təxminən 37 milyard ton CO2 təşkil edib və həmin emissiyalar temperaturun təhlükəli səviyyədə artmasına səbəb olur. Elmi proqnozlara əsasən, 1.5°C istilik artımının qarşısını almaq üçün dünya ölkələri emissiyalarını 2030-cu ilə qədər ən azı 45 faiz azaltmalıdır.
Qeyd olunub ki, COP konfransları, enerji keçidinin sürətləndirilməsi üçün ölkələrə təzyiq göstərən əsas beynəlxalq platformalardan biridir. Paris Sazişi çərçivəsində ölkələr 2100-cü ilə qədər qlobal istilik artımını 2°C-dən aşağıda saxlamaq məqsədini qəbul ediblər. Həmin hədəfə çatmaq üçün qlobal karbon emissiyalarını sürətlə azaltmaq və bərpaolunan enerji mənbələrinə keçmək əsas şərtlərdən biridir. Elmi tədqiqatlar göstərir ki, bərpaolunan enerji mənbələrinə keçid iqlim dəyişikliyi ilə mübarizədə ən təsirli yoldur. Texnoloji tərəfdən isə bu, mümkündür – son 10 ildə günəş və külək enerjisi texnologiyaları 90 faizə qədər ucuzlaşıb. Bu gün qlobal enerji istehsalının təxminən 29 faizi bərpaolunan mənbələrdən əldə edilir və həmin rəqəm hər il artır. Buradan belə sual yaranır: Bəs keçidin baş verməsi üçün tələb olunan, atılması vacib addımlar nələrdir? Siyasət və qanunvericilik: Hökumətlər təmiz enerji siyasətini həyata keçirməli və təmiz enerji texnologiyalarını dəstəkləməlidirlər. İnfrastruktur və investisiyalar: 2030-cu ilə qədər qlobal enerji keçidinə təxminən 4 trilyon dollar sərmayə tələb olunur. Bu, xüsusilə elektrik şəbəkələrinin yenidən qurulmasını və təmiz enerji texnologiyalarının genişləndirilməsini əhatə edir. Maliyyə dəstəyi: İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ildə təxminən 100 milyard dollar maliyyə yardımı təmin edilməlidir.
Paris İqlim Sazişi və Kioto Protokolunun
ölkələri qlobal istiləşməni məhdudlaşdırmaq üçün müəyyən öhdəliklər qəbul etməyə çağırdığını söyləyən O.Kərimzadə deyib: “Paris Sazişi çərçivəsində 2030-cu ilə qədər qlobal karbon emissiyalarının 55 faizə qədər azaldılması hədəflənib. Bu, ölkələr üçün bərpaolunan enerji investisiyalarını sürətləndirməyi tələb edir. Bəzi ölkələr və şirkətlər enerji keçidində ciddi addımlar atıblar. Məsələn, 2020-ci ildə Avropa İttifaqı elektrik enerjisinin təxminən 38 faizini bərpaolunan mənbələrdən əldə edib və 2030-cu ilə qədər həmin rəqəmi 60 faizə çatdırmaq hədəfini qoyub. Həmin addımlar karbon emissiyalarını azaltmağa və təmiz enerji infrastrukturunu inkişaf etdirməyə kömək olub. İnkişaf etməkdə olan ölkələr üçün enerji keçidinin maliyyə çətinlikləri və texnologiya çatışmazlığı ən əsas problemlərdəndir. Afrika qitəsində, məsələn bərpaolunan enerji potensialına baxmayaraq, texnologiya və maliyyə resurslarının məhdudluğu bu keçidi çətinləşdirir.
Ümumilikdə, enerji keçidi karbon emissiyalarını azaltmaqla ətraf mühitin qorunmasına böyük töhfə verəcək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hava çirklənməsi nəticəsində hər il 7 milyon insan həyatını itirir. Keçid nəticəsində hava keyfiyyətinin yaxşılaşması həmin rəqəmi əhəmiyyətli dərəcədə azalda bilər.
Digər tərəfdən, enerji keçidi uzunmüddətli dayanıqlı inkişafın təminatıdır. Bərpaolunan enerji mənbələri sonsuz resurslara əsaslandığı üçün enerji təminatında sabitliyi artırır. Bundan əlavə, həmin keçid iqtisadi inkişafa, yeni iş yerlərinin yaradılmasına və qlobal ekosistemlərin qorunmasına töhfə verir. Həmin məsələlərə dair statistik məlumatların mediada geniş müzakirəsi cəmiyyətin iqlim dəyişikliyi və enerji keçidi prosesləri ilə bağlı maarifləndirilməsi baxımından çox əhəmiyyətlidir”.