1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dantenin Ev muzeyi (Casa di Dante) Florensiyanın mərkəzində, şəhərin köhnə orta əsr məhəlləsində yerləşir. Bu məkan orta əsr ədəbiyyatı həvəskarları və Aligyeri yaradıcılığının pərəstişkarları arasında çox məşhurdur. Muzeyi Dantenin büstü ilə bəzədilmiş fasadı ilə tanımaq olar. "İlahi komediya"nın yaradıcısına və italyan dilinin atasına həsr olunmuş muzeydə 2005-ci ildə genişmiqyaslı bərpa işləri aparılıb. İş üçün vəsait xeyriyyə fondu tərəfindən ayrılıb, həmçinin yerli sakinlərdən ianələr toplanılıb. Yanğın nəticəsində muzeydə olan ən qədim mebellərin və qiymətli sənədlərin əksəriyyəti itib. Təəssüf ki, Dantenin özünə aid heç bir əşya günümüzə qədər gəlib çatmayıb.
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
600 illik yubileyə hədiyyə
Mənbələrə görə, əslində bu binanın böyük intibah şairi ilə birbaşa əlaqəsi də yoxdur. Muzey 1910-cu ildə Dantenin evinin bünövrəsi üzərində tikilib. Ona görə də muzeyə gələnlər orijinal mebellərə heyran olmaq, Aligyerinin vaxtilə bu balkonda necə oturduğunu təsəvvür etmək haqda düşünmürlər. Buna baxmayaraq, hətta əmin skeptiklər də ev-muzeyi mütləq ziyarət edirlər. Maraqlıdır ki, Dante bu evin qonşuluğunda xəyallarının ilhamı ilə - Beatrice Portinare ilə ilk dəfə tanış olub.
Muzeyə gələnlər yaxınlıqdakı Santa Margherita kilsəsinin divarına vurulan Dante lövhəsinə məktublar yazır, açarlar bağlayırlar. İnsanlar görkəmli şairin yaradıcılığının ilahi gücündən imdad diləyirlər.
Əfsanələrdən başqa heç nə qalmayıb
1321-ci ildə - Dantenin ölümündən sonra qardaşı Françesko evin bir hissəsini Mardolli ailəsinə satıb və onlar da öz zövqlərinə uyğun olaraq binanı yenidən tikiblər. Sonradan bu evin yeni sahibləri olub və onların hər biri tikilinin görünüşünə və daxili bəzəyinə özünəməxsus bir element qatıb. Nəticədə Dantenin ilkin evindən əfsanələrdən başqa heç nə qalmayıb. Onun yerində bir neçə dağınıq bina yaranıb.
19-cu əsrdə paytaxt Florensiyaya köçürülüb, bu da şairin 600 illik yubileyinə təsadüf edib. Şairin qeyri-adi şəxsiyyətinə maraq yenidən canlanıb və xüsusi komissiya Dantenin hansı evdə yaşadığını sənədləşdirib. Bu hadisələrdən sonra paytaxtın yenidən Romaya köçürülməsi əvvəllər tərtib edilmiş mədəni və tarixi layihənin ləğvinə səbəb olmur. Layihə daha da inkişaf etdirilir və 1911-ci ildə Florensiya meriyası tarixi binanı satın alır və orijinal ev tikilir. Ev muzeyin yuxarı terrasından orta əsr Florensiyasının gözəl mənzərəsindən həzz almaq olur.
Dante təkcə şair deyildi
Dante Aligyeri Ev Muzeyinin sərgisi binanın üç mərtəbəsində yerləşir. Ekspozisiya elə tərtib olunub ki, təkcə şairin həyat və yaradıcılığını deyil, həm də onun mövcud olduğu və ilham aldığı tarixi-mədəni mühiti işıqlandırır.
Muzey Dantenin həyat və yaradıcılığı ilə tanış olmaq istəyənlər üçün əvəzolunmaz rəsmlər və Bottiçellinin "İlahi komediya"sının nüsxələri, Dantenin möhtəşəm əsərlərinin müxtəlif nəşrləri, həmçinin fotoşəkillər və müxtəlif sənədləri nümayiş etdirir.
Muzeyin bələdçisi məlumat verir: "Dante təkcə şair deyildi, O, gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdu. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdi. Cəza olaraq 1301-ci ildə şair-siyasətçini heç vaxt geri dönə bilmədiyi məmləkətindən qovurlar. O, didərgin həyat sürür. Dante ömrünün son 6 ilini Ravennada yaşayıb".
Şairin sürgün edildiyi vaxtdan qalan otaqlar
Binanın birinci mərtəbəsində - Dantenin mənsub olduğu Həkimlər İncəsənətinə və Əczaçılar Gildiyasına həsr olunmuş zalda xəstələr üçün məlhəm və iksirlərin hazırlanmasında istifadə olunan bitkilərin, çiçəklərin, distillələrin və mineralların sərgisi var.
İkinci mərtəbəyə qalxanda, şairin sürgün edildiyi vaxtdan qalan otaqlar açılır, böyük florensiyalı tarixçilərin kitablarının sərgisi, orijinal nəşrlər və 1337-ci ildə çap olunmuş "Codex Trivulzio"ya daxil edilmiş "İlahi komediya"nın surəti nümayiş olunur. Bu otaqlar Dantenin sürgünündən bəhs edir. Maraqlı eksponatlar arasında Aligyeri haqqında hökmü tapa biləcəyiniz məhkəmə qərarlarının ictimai kitabının bir nüsxəsi də var. Eksponatlar arasında Dantenin şəxsən iştirak etdiyi Kampaldino döyüşünün maketi də yer alıb.
Qonşu otaqda ziyarətçilər qədim mebellərlə təchiz olunmuş yataq otağını görə bilərlər. Məhz elə bir otaqda Dantenin özü yaşaya, dincələ və yeni əsərləri üçün ideyalar yarada bilib. Muzeydə Dante və onun sevimli Beatriçası arasındakı münasibətlərin inkişafına həsr olunan sərgi də nümayiş olunur.
Üçüncü mərtəbədə Qustav Dörenin illüstrasiyaları ilə "İlahi komediya" haqqında film nümayiş etdirilir.
Muzeyin yuxarı mərtəbəsində ziyarətçilərə Dantenin əsərlərinin nüsxələri, eləcə də İntibah zadəganlarının geyim nümunələri təqdim olunur.
Muzey əməkdaşı bildirdi ki, muzey Dantenin həyat və yaradıcılığı haqqında bilikləri geniş ictimaiyyətə çatdırmaq üçün maarifləndirməyə böyük diqqət yetirir: "Uşaqlar və yeniyetmələrə yönəlmiş bir sıra fəaliyyətlər təqdim edir, gəncləri yaradıcı və cəlbedici şəkildə Dantenin obrazı ilə yaxınlaşdıran maarifləndirici seminarlar proqramı həyata keçirir. "İlahi viktorina", "Dante və orta əsrlər", "İlahi komediya tapmacası", "İlahi komediyada astrologiya və numerologiya" və s. proqramlar bu qəbildəndir".
Muzey bazar ertəsindən başqa hər gün işləyir. Muzeyə giriş biletinin qiyməti 8 avrodur.
Hər gün muzeyə 1000-dən artıq insan gəlir. Yay aylarında ziyarətçilərin sayı daha çox olur.