“Dövlətə məxsus orta ümumtəhsil məktəblərində cari və ya əsaslı təmir işləri üçün şagirdlərdən pul yığılması qanunvericiliyə ziddir. Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə görə, dövlət məktəblərində təhsil pulsuzdur və rəsmi büdcədən maliyyələşdirilir”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, “Təhsil haqqında” qanunun 13-cü maddəsinə görə, dövlət təhsil müəssisələrində şagirdlərdən təhsil haqqı və ya digər ödənişlər tələb edilə bilməz
“Məktəbin təmiri və digər texniki təminat məsələləri Elm və Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilməli və maliyyələşdirilməlidir. Elm və Təhsil Nazirliyi və digər dövlət qurumları məktəbin təmirinə dair ehtiyacları müəyyən edir və bu işlər üçün dövlət büdcəsindən vəsait ayrılır. Bu səbəbdən, şagirdlərdən və onların valideynlərindən bu məqsədlə pul yığılması qanunsuzdur”.
Ekspert bu tip məsələlərin dünya təcrübəsində necə olduğundan da danışıb:
“Bir çox ölkələrdə dövlət məktəblərində təhsil pulsuzdur və məktəbin maliyyə xərcləri dövlət büdcəsindən qarşılanır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində, ABŞ-da və Kanadada dövlət məktəblərində təhsil tamamilə pulsuzdur, məktəbin təmiri, texniki avadanlıqların təminatı və digər xərclər dövlət tərəfindən qarşılanır.
Bununla belə, bəzi ölkələrdə valideyn komitələri müəyyən könüllü ianələr toplaya bilərlər, lakin bu, məcburi deyil və valideynlərin razılığına əsaslanır. Azərbaycanda isə məktəblərdə belə rəsmi fondlar yoxdur. Nə kağız pulu, “printer” pulu, nə də zibil pulu, fond pulu, təmir pulu yığıla bilməz. Dövlət məktəblərində təmir və ya digər məqsədlər üçün şagirdlərdən pul yığılması qanuna ziddir və belə hallar aşkar edildikdə hüquqi məsuliyyətə səbəb ola bilər”.