Asiyanın bir çox ölkəsində can itkisi və böyük dağıntılara səbəb olan Yagi qasırğası Myanmanın mərkəzi bölgəsindəki Kayah, Kayin, Mandalay, Mon və Şan əyalətlərində də fəlakətə səbəb olub.
News24.az xəbər verir ki, ölkəni idarə edən xuntanın sözçüsü general-mayor Zav Min Tun verdiyi açıqlamada tayfun nəticəsində həyatını itirənlərin sayının 113-ə, yaralıların sayının isə 64-ə yüksəldiyini bildirib.
Ölkədə 320 mindən çox insan müvəqqəti sığınacaqlara yerləşdirildiyi halda, 66 min ev, 375 məktəb və 1 monastır dağıdılıb. Yollar və digər infrastrukturlar su altında qalıb.
Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi Radio Free Asia Myanmada ən azı 160 nəfərin öldüyünü, hakim xuntaya yaxın sosial media hesabları isə təkcə Mandalay bölgəsində 230 nəfərin öldüyünü iddia edib.
Günel Məlikzadə