AZ

İstedadsız adamlarla dostluq eləyə bilmirəm – Xalq şairi Ramiz Rövşən

Müsahibimiz Xalq şairi Ramiz Rövşəndir.

Onunla söhbəti təqdim edirik.

– Ramiz müəllim, müsahibə üçun kinostudiyanı seçməyiniz yəqin ki, təsadüfi deyil. Sizi buraya çoxsaylı tellər bağlayır…

– Mənim ömrüm iki doğma məkanda keçib. 1971-ci ildən 1992-ci ilə qədər kinostudiyada işləmişəm. Əvvəl ssenarist, sonra redaksiya heyətinin üzvü. Daha sonra Moskva Ali Ssenari Kurslarında oxuyub gəldim. 1987-ci ildən 1992-ci ilə qədər kinostudiyanın baş redaktoru olmuşam. 1992-ci ildə Azərbaycan Tərcümə Mərkəzinə getdim. Bu günəcən ordayam.

– Kinostudiyanın adamsız, boş dəhlizlərini görəndə inanmaq olmur ki, nə vaxtsa burda həyat qaynayıb.

– Kədərli mənzərədir… Vaxtilə buranın 1200 işçisi olub. Bir də kinostudiya yaratmaq çox çətindir. Bu, sovet imperiyasından bizə qalandır.

Heç də hər xalqın milli kinosu yoxdur. Bizim milli kinomuz var, fundamental mədəniyyətimizin bir sahəsidir. Onu qorumaq, ciddi yanaşmaq lazımdır. Buna görə də, Azərbaycan dövlət dram teatrı kimi yeganə kinostudiyamıza da “milli” statusu verilməlidir.

– Ramiz müəllim, sizin xeyli ssenarilərinizə film çəkilib. Ssenarist-rejissor işbirliyi necə olmalıdır?

– Mənim uzun təcrübədən sonra gəldiyim həqiqət budur ki, ssenaristin rejissora ən böyük köməyi ona mane olmamaqdır. Çünki filmin müəllifi rejissordur. Amma bizdə sözə hörmət həmişə daha böyük olub və bəzən söz adamları bu “hörmət”in faciəsini yaşayıblar. Məsələn, 37-ci ildə repressiya vaxtı nə qədər yazıçı, ssenarist güllələnib, rejissora isə dəyməyiblər.

Stalin elə fikirləşirdi ki, rejissorun günahı yoxdur, ssenarist nə yazıb, o da onu çəkib. Halbuki ssenarinin bir cümləsinə dəymədən, bircə ştrixlə, detalla filmin bütün ideyasını dəyişmək mümkündür.

– Bir məşhur azərbaycanlı yazıçı demişdi ki, filmə baxdım, tanış gəlmədi, lap sonda titrlərdə adımı oxuyanda bildim ki, mənim ssenarim imiş.

– Hə, olur elə hallar. O dostumuz, deyəsən, iki rejissorla işləmişdi, biri başlamışdı, o biri bitirmişdi. Kinoda gərək bir rejissorla işləyəsən, əgər biri başlasa və digəri sona çatdırsa, filmi tanımayacaqsan.

– Kinostudiyada baş redaktor işlədiyiniz vaxtlarda öz ssenarilərinizə yaşıl işıq yandırdınızmı?

– Mən Moskvada ikiillik Ali ssenari kurslarını bitirib qayıdandan sonra 5 ildə 4 filmim çəkildi. Baş redaktor olanda isə ssenarilərin ekran taleyini artıq mən özüm həll edirdim. Ona görə də öz ssenarilərimi qəbul eləməyi ayıb sayırdım. Və 5 ildə mənim bir ssenarimə də film çəkilmədi. Mənim baş redaktor olmağımın zərbəsi ssenarist kimi ən çox özümə dəydi.

– Bəs dostlara necə, tərəfkeşlik etdinizmi?

– Tərəfkeşlik deyəndə ki, mənim istedadsız dostum olmayıb. Hansı sahədə olursa-olsun, mən istedadsız adamlarla dostluq eləyə bilmirəm. Çünki maraqsızdırlar. Kinoda da o cümlədən.

Ola bilər ki, bəzən istədiyimiz tam alınmayıb. Amma həmişə istedadlı adamlarla işləmişəm. Xüsusən də, Hüseyn Mehdiyevlə. Hüseyn çox bənzərsiz və özünəməxsus rejissordur.

– Siz “Mozalan”da da işləmisiz. Sovet dövrünün şiddətli vaxtında tənqidi materiallar vermək cəmiyyətdə necə səs doğururdu?

– “Mozalan” Mərkəzi Komitənin bir layihəsiydi. Tənqidi layihəydi. Cəmiyyətə təsiri çox böyük idi. Çox sərt temalar qoyulurdu. “Mozalan”ın buraxılışlarından sonra elə adamlar işdən çıxarılırdı ki, inanmaq çətin olurdu.

ramiz

– Süjetlər necə yaranırdı?

– Bu, bəzən təbii axarda baş verirdi. Heç yadımdan çıxmaz, bir dəfə taksiylə kinostudiyaya gedirdim. Sürücü ilə söhbət elədik. Hardan olduğunu soruşdum. Dedi: “Kəlbəcərliyəm, amma Sumqayıtda oluram. İki il əvvəl Kəlbəcərə getdim. Sən demə, ürəyimdə problem varmış, xəbərim olmayıb. Bir də gördüm, Kəlbəcərin təmiz dağ havasıyla nəfəs ala bilmirəm. Dedim, tez məni burdan aparın. Mindirdilər məni maşına, Sumqayıta çatanda rahat nəfəs almağa başladım”.

Mən bu əhvalatı işdə danışdım, Sirus Təbrizli yumor dolu çox gözəl bir süjet fikirləşdi.

– Demək, ən yaddaqalan buraxılışlardan biri belə ərsəyə gəlib… Baş rolda İlham Əhmədov çəkilib.

– Hə, əslində adi əhvalatıydı, mənə danışmışdılar, amma mən ordakı o yumoru görməmişdim, o gördü.

“Bəxtiyar Vahabzadənin arzuladığı müstəqillik qazanılanda ən çox şərlənən özü oldu”

– Biz 20-ci əsrdə iki intibah dövrü yaşamışıq. Birinci intibah əsrin əvvəllərində olub, bizə Mirzə Cəlili, Sabiri, Haqverdiyevi, Üzeyir bəyi, Azərbaycan mədəniyyətinin bir çox görkəmli nümayəndələrini verib.

İkinci intibah da əsrin ortalarında, 60-cı illərdə olub. O intibah dövrü də bizə musiqidə Qara Qarayevi, Fikrət Əmirovu, Arif Məlikovu, ədəbiyyatda Rəsul Rzanı, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Əli Kərimi – saymaqla bitməz – qazandırıb. Rəssamlıqda, teatrda, kinoda da eləcə.

Birinci intibah bizə teatrı, ikinci intibah isə milli kinonu verdi. 60-cılar ədəbi nəsli də ikinci intibahın sonbeşikləridi.

O vaxt bir-birinin ardınca o qədər ciddi əsərlər çap olunurdu ki, hamısını oxumağa bəzən adam imkan tapmırdı.

Mən ən çox bədii ədəbiyyat oxuyanlardan biriydim. Məndən çox oxuyan da varıydı: gözəl tərcüməçi Natiq Səfərov. Natiq qədər dili duyan ikinci adam çətin tapardın və Natiq hətta o dövrdə də şikayətlənirdi ki, kitab oxuyan azdır. Həmişə məndən soruşardı: “Filan kitabı oxumusan?” Deyəndə ki, hələ oxumamışam, oxuyacam, qınaya-qınaya deyirdi ki, əşi, oxu da, sən oxumasan, kim oxuyacaq? Kitab təəssübkeşi idi.

Natiqdə yazıçılıq istedadı da vardı, eyni əhvalatı neçə cür, neçə variantda danışa bilərdi. Vidadi Məmmədov da belə istedad sahibi idi. O, çox kitab oxumamışdı, amma oxuduqları bəs idi ki, nəticə çıxarsın.

Kitab oxumağın yazıçıya ikitərəfli təsiri var. Mənə elə gəlir ki, Natiqə çox oxumağı mane oldu…

– Utandı yazmağa…

– Mən “utandı” deməzdim, iddiası çox böyük idi, bəlkə qorxdu ki, onu doğrulda bilməz. Mənə elə gəlir, Vidadi də içindəki iddiadan qorxdu, yazmadı.

– Bəlkə də Vidadi Məmmədov ona görə yazmadı ki, sonra dostlarını oz öldürücü ironiyasının qurbanına çevirə, hansısa cümləsini zarafat obyektinə döndərə bilməz…

– Bəlkə də sən deyəndi. Çünki yazan kimi tərksilah olunacaqdı. Yazandan sonra yazdığı ona mane olacaqdı.

İndi hamı ürəyini internetdə boşaldır, o vaxt belə bir yer bizim üçün çayxana idi. İndi internetdə tənqid yazırlar, heç kimin vecinə deyil. Amma çayxanada Vidadi Məmmədovun hansısa əsər haqqında dediyi mənfi fikir əsərin taleyinə çox ciddi təsir edə bilərdi.

Heç beş tənqidçinin yazısı o qədər təsir etməzdi. İndi bəzi cavanlara qəribə gələ bilər, amma o vaxt çayxanadakı intellekt səviyyəsi bəzən çox böyük ədəbi məclislərin səviyyəsindən daha yüksək olurdu.

ramiz

– Deyilənə görə, hətta müstəqilliyin ilk rüşeymləri də çayxanada qoyulub.

– Ordan Azərbaycan tarixinə adını yazmış çox görkəmli adamlar çıxdı. Çayxana insanların daha azad olduğu yer idi. Universitet auditoriyasında danışa bilmədiklərini orda danışırdın.

Yadıma gəlir ki, bizim universitet müəllimlərimiz çox azad fikirli, milli düşüncəli insanlar idi. Təkcə Bəxtiyar Vahabzadəni, Mir Cəlalı nəzərdə tutmuram. Xəlil Əlimirzəyev adlı müəllimimiz vardı, partiya tarixindən dərs desə də, milli ruhlu adam idi, millətçi idi.

Ya da elə Bəxtiyar Vahabzadəni götürək. İndi fikirləşirəm ki, o vaxt Bəxtiyar müəllimin cəmi 39 yaşı varmış. Yaşın məsuliyyəti o vaxt daha böyük idi.

– Bəxtiyar Vahabzadənin fəaliyyətinə bu gün barmaqarası baxanlar da var.

– Bəxtiyar Vahabzadə Azərbaycanda milli düşüncənin formalaşmasında ən böyük xidməti olmuş nadir şairlərdən biridir. Milli düşüncəli olduğu üçün vaxtilə Bəxtiyar müəllimə çox hücumlar olub. Amma elə ki, Bəxtiyar müəllimin arzuladığı müstəqillik qazanıldı, ən çox şərlənən, tənqid edilən də o özü oldu. Nə qədər acı olsa da, bu belədi.

2000-ci illərin əvvəlində də Rəsul Rza ilə Bəxtiyar Vahabzadəni çox tənqid edirdilər, şərləyirdilər. “525-ci qəzet”də iki böyük şairimizin müdafiəsinə bir neçə kəlmə dedim. Bəxtiyar müəllim mənə zəng edib təşəkkür elədi. Dedim, Bəxtiyar müəllim, nə demişəm ki. Dedi, söhbət nə deməkdən getmir, kimin deməyindən gedir. Dedim, kimik ki, sizin tələbənizik də. Dedi, Ramiz, müəllimlik, tələbəlik keçmişdə qaldı. Və bir söz dedi, o sözün mənasını mən sonra başa düşdüm. Dedi, indi yerin yiyəsi sənsən.

Səməd Vurğundan sonra ən böyük pərəstiş obyekti Bəxtiyar Vahabzadə olub. 60-70-ci illərdə Bəxtiyar müəllimin şöhrətini təsəvvür edə bilməzsiz. Küçədə adamlar onu görəndə arxasınca düşüb gedirdilər.

– Niyə sonradan hücumlar başladı? Səbəb nə idi?

– Ona olan hücumların səbəbi Səməd Vurğuna olan hücumların səbəbi ilə eyni idi. Səməd Vurğunun özündən çox ona olan xalq məhəbbəti kimlərisə darıxdırırdı. Belə bir xəstə təxəyyül var ki, guya kimsə kiminsə yerini dar edir. Yer davası edirlər.

Hər şairin öz yeri, öz sözü var. Məsələn, Rəsul Rza Azərbaycan poeziyasında keyfiyyət dəyişikliyi eləmiş iki şairdən biridir – digəri Mirzə Ələkbər Sabirdir. Bəxtiyar Vahabzadə bizdə milli hissi, milli özünüdərki formalaşdırmaqda xüsusi rol oynamış şairdir. Səməd Vurğunun “Azərbaycan” şeiri də bizim milli təfəkkurümüzdə çox böyük rol oynayıb…

– 90-cılar, 2000-cilər ədəbi nəsli bəzən 40-50-ci illər nəslinin yaradıcılığına şübhəylə yanaşır və yetərincə dərin olmadığını iddia edir…

– Ədəbiyyatda kimisə inkar etməklə özünü təsdiqləmək mümkün deyil. Mən təkrar-təkrar deməkdən yorulmuram, bu mənəvi ərazidəki yerin kvadratmetri yoxdur. Məsələn, mənə mane olan heç bir Azərbaycan şairi olmayıb. Mən heç bir Azərbaycan şairi haqqında – nə özümdən əvvəlki nəsil, nə həmyaşıdlarım, nə də özümdən sonra gələn nəsil haqqında bir kəlmə də olsun aşağılayıcı söz deməmişəm.

ramiz

– Gənc olanda da inkar etmək kimi bir cəhdiniz olmayıb?

– Lap gənc olanda da. Mən şairləri inkar etmirdim, başqa cür şeir yazmaq iddiasındaydım. 60-cı illərin sonu mənim ən eksperimental şeirlər yazan vaxtım idi. İlk kitabım tam eksperimental şeirlərdən ibarət idi. Hətta mən nəğməyə parodiya yazırdım, ənənəvi olan hər şeyə ironiya ilə yanaşırdım. Və birdən mənim nəğmələrim gəldi – “Kəpənək qanadları”.

O nəğmələr necə gəldi, mən özüm də bilmirəm. Təsəvvür etmirdim ki, o nəğmələri yazaram. Belə baxanda elə bil gəraylıdır, amma gəraylı deyil. Gəraylı olsaydı, aşıqlar indiyə qədər oxuyardı. O nəğmələr tamam fərqlidir. Alt qatında bütün dünya poeziyasının təcrübəsi olan, amma hava kimi yüngül və sadə şeirlərdir.

İlk nəğmələrimi yazdığım vaxtdan 55 il ötür. 1973-cü ildə 7 nəğməm “Qobustan”da çap edildi. Və son 55 ildə Azərbaycan poeziyasına bu nəğmələrin təsiri çox böyük olub. Bunun da davasını edənlər var…

Əslində, poeziyada əsas olan nə deməkdir, necə deməyi şeir özü gətirəcək. İndiki cavanların ən ciddi problemi necə deməklə çox məşğul olmalarıdır, olan-qalan gücləri də buna gedir. Mənə elə gəlir ki, müasir poeziyada poetik enerji çox azalıb. Oxucu da ona görə itirilib. Mən özüm oxucu itkisini heç vaxt hiss etməmişəm.

– Hər gələn nəsil sizin yaradıcılığınızla bağlı iddialı fikirlər söyləməyi özünə borc bilir. Bu fikirlərə münasibətiniz necə olur?

– İddia idmanda olar, ədəbiyyatda nə iddia? Niyə mənə qarşıdır iddia davası, niyə başqa şairə qarşı yoxdur? Çempiona qarşı olar da iddia. Onlar yəqin məni poeziyanın çempionu sayırlar. Amma rəhmətlik Rəsul Rza demişkən: “Sənət idman deyil ki, qazansın çox tullanan”. Bu yanaşma çox qısqanc və yanlış yanaşmadır.

Mən yenə fikrimdə qalıram ki, şair kitablarda olduğu qədər deyil, yaddaşlarda olduğu qədərdir. Əgər sən insanların yaddaşını götürmüsənsə, o insanlar sənin şeirinlə yaşaya bilirlərsə, şeir artıq ədəbiyyat faktından həyat faktına çevrilir. Mənim oxucularımın səviyyəsi çox müxtəlifdir; filosoflar da var, həkimlər də, hakimlər də, hətta məhkumlar da.

Vaqif Səmədoğlu ilə çox yaxın idik. Əslində, bizim elektoratımız da çox yaxın idi. Vaqif ilk dəfə mənim şeirlərimi oxuyanda dedi, ay can-ay can, indi məndən əl çəkib səndən yapışacaqlar. Məndən yapışdılar, amma Vaqifdən də əl çəkmədilər.

– Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlunun adları çox vaxt eyni sətirdə yer alır. Sizi yaxınlaşdıran nədir?

– Biz çox fərqli şairlərik. Bizi əsas doğmalaşdıran “ölüm” mövzusudur. Sovet vaxtı bu, demək olar ki, qadağan edilmiş mövzuydu. Şeirlərimizdə Allaha xitab da çox olurdu – daha bir qadağan edilmiş tema da bu idi.

– Yəqin ki, Vaqif Səmədoğluya sizdən və Vaqif Bayatlıdan fərqli olaraq, şair kimi tanınmaq daha asan idi, çünki Səməd Vurğunun oğluydu.

– Yox, Vaqifi Səməd Vurğunun oğlu olduğuna görə nə qədər qınayanlar vardı. Deyirdilər, niyə sərbəst yazır, atası kimi yazmır?! Bu mənada biz Vaqifdən daha azad idik.

Vaqif qədər atasını sevən ikinci adam çətin tapardın. Məndə də ata kultu çox güclüydü, atam şair olmasa da…

Səməd Vurğun kultu çox böyük idi. Mənim atam Səməd Vurğunun şəklini divara yox, qapının üstünə vurmuşdu.

İndiyə qədər də, orta statistik azərbaycanlını nəzərdə tuturam, kiminsə uşağı şeir yazanda ata demir ki, oğlum böyüyüb Ramiz Rövşən ya Vaqif Səmədoğlu olacaq. Deyir, Səməd Vurğun olacaq. İndi Səməd Vurğuna da hücum eləyənlər çoxdu. Amma ona qarşı olan bu sevgi, pərəstiş zədələnsə, poeziyamız nə qazanacaq? Heç nə.

Vaqif Səmədoğlununsa həyatının çox ağır, çətin günləri olub. Həyatının lap axırında ailə rahatlığı tapdı. Onacan çox pərakəndə bir ömür yaşayıb.

ramiz

– Musiqiçiliyi də varmış…

– Gözəl musiqiçi idi. Musiqi ardınca getsəydi, bəlkə də dünya şöhrətli musiqiçi olardı. Görünür, şeir daha böyük xəstəlikdir.

– Son illərdə deyəsən yazmağa ara vermişdi.

– Yox, Vaqif həmişə yazıb. O, şeiri gündəlik kimi yazırdı. Onunla fərqimiz bu idi. Vaqifdə oxucu kompleksi də yox idi. Azərbaycanda, bəlkə də onun kimi demokratik ruhlu şair olmayıb. Mən bu mənada fərqliyəm. Şeirlərimdə oxucuya sanki bir az hökm var: oxu!

– O, oxucuya nə kimi azadlıq verirdi?

– Deyirdi, istəyirsən oxu, istəyirsən oxuma. Xarakteri belə idi. Amma axırda nə yazdı? Yazdı ki, “şair kimi yox, şeir kimi qalmaq istəyirəm yaddaşlarda”. Şair nə deyir-desin, şeir oxunmaq istəyir axı. Və Vaqif şeir kimi də yaddaşlarda qalıb.

“Şair kimi tanınmasına tərbiyəsi və əxlaqı mane oldu”

– Yadıma gəlir ki, bir dəfə çayxanadan çıxmışdıq, Vaqif Bayatlı mənə bir qovluq şeir verdi ki, baxarsan. Evə gedəndə elə avtobusda başladım oxumağa, əlimdən qoya bilmədim. Həddən artıq sevindim, elə bil qardaş tapdım. Özü də fərqli. Dili fərqli, yanaşması fərqli. Çox heyran oldum o şeirlərə. Dostlara da oxudum.

O vaxt “Ulduz”un baş redaktoru Yusif Səmədoğlu idi. Dedilər, gedək Yusifə də oxuyaq. Yusifə də oxuduq, çox bəyəndi. Çap olunandan sonra Vaqif xeyli populyarlaşdı.

Mənim bir dostum vardı, Rafiq Həsənov, indi rəhmətə gedib. Ən sadiq oxucularımdan idi. Bir dəfə dedi ki, Ramiz, mən ömrümdə bircə dəfə oxucu kimi sənə xəyanət eləmişəm. Vaqif Bayatlının birinci kitabı çıxanda iki ay o kitabı başımın altına qoyub yatmışam. Dedim, fikir eləmə, elə mən də onda sənin günündəydim. Vaqif ədəbiyyata gələndən sonra belə sevildi. Bu gün də sevilir, çoxlu oxucuları var.

Dediyim kimi, Vaqifin şeir dili də çox bənzərsizdir. Məsələn, ilk şeirlərindən birində analar ocaq başında oturub söhbət edirlər.

Hərənin sözündən bir dərd qanılar,Ətraflı

Biri balasını tərifləyəndə

Yana baxa-baxa susub qalanlar

Ağlayar üzünün bir tərəfində.

Üzünün bir tərəfində ağlamaq! Çox gözəl bədii obrazdır. Vaqifin şeirləri bu cür poetik ifadələrlə doludur.

– Ramiz müəllim, bir gözəl şairimiz də vardı, Ələkbər Salahzadə. Böyük poetik gücə malik bu şair niyə yetərincə tanına bilmədi?

– Mən həmişə demişəm ki, Ələkbər şairlər üçün şairdi. Rus poeziyasında Xlebnikov haqqında deyirlər bu sözü. Deyəcəyim fikir çoxlarına qəribə gələcək. Ələkbərin populyar şair olmasına mane olan onun tərbiyəsi və əxlaqı idi. Əlbəttə, bu o demək deyil ki, şair əxlaqsız olmalıdır…

Onun içində hardasa dərində olan bir utancaqlıq vardı. Sanki emosional yazmaqdan utanırdı. Ələkbəri oxuyanda dediklərindən başqa demədiklərini də görürsən… Mən cavan şairlərlə bütün görüşlərimdə deyirəm Ələkbəri oxusunlar.

Ümumiyyətlə, 60-cılar poeziyası Azərbaycan ədəbiyyatına predmetləri gətirdi. Məsələn, İsa İsmayılzadə yazırdı ki:

Mən bir termos şüşəsiyəm,

Çilik-çilik olmuşam, tökülmüşəm içimə.

Ələkbər Salahzadə yazırdı:

Gəzə-gəzə cibləri

Uyuyur qutuda kibrit çöpləri.

qəhvəyi papaqları

üyüdülmüş od, qurudulmuş od,

Yuxuları alov-alov qızarmada,

Yatır Prometeyin gənc əsgərləri

qaranlıq kazarmada.

Tam səmimi deyirəm, o vaxt bizim aramızda heç kəs bir-birini qısqanmırdı. Hər gözəl hekayə, şeir hamı üçün hadisəyə çevrilirdi. Vidadinin “Vağzalda” və “Çarpaz bucaqlar” hekayələri, Dilsuzun “Yol” hekayəsi, Mövludun, Seyranın, lap bizdən əvvəlki nəsil olsun – Anarın, Əkrəmin, Elçinin, İsinin yazdıqları… Hamı o yazılara sevinirdi, müzakirə edirdi.

Biz sözə sevinirdik. Əsas onu yazan adam deyildi, söz idi. O dövr getdi. O adamların da çoxu dəyişdi. Mənə elə gəlir, o vaxt sözə münasibət daha bakirə idi. Sözlə daha çox yaşayırdı adamlar.

ramiz

– Müasir bədii nümunələr daha çox görünmək, populyarlıq cəhdindən doğulur, nəinki sözə sevgidən.

– Mən qiymət vermək istəmirəm. Hər halda, bu gün əgər oxucu itirilibsə, bu böyük minusdur.

Oxucular bəzən sözümüzdən elə mənalar çıxarırdılar ki, heç özümüzün ağlımıza gəlmirdi. Ümumiyyətlə, oxucular çox vaxt şairlərin ağlına da gəlməyən mənaları şeirdə tapırlar. Şairin yazdığı ilə oxucunun oxuduğu eyni deyil. Çox oxucular sənin şeirlərini səndən də dərin hiss edirlər. Şairdən ağıllı oxucular çoxdur.

Bizim dostluğumuzun, bir-birimizə saf münasibətimizin bir nümunəsi də o idi ki, bizdə ironiyadan, zarafatdan incimək yox idi. Mənim bir dostum vardı, rəhmətlik Hacı. Mənim ən böyük təbliğatçım idi. Dostumuz Kamal Abdulla demişkən, soruşanda ki, Hacı, saat neçədir? Deyirdi, Ramiz Rövşəndən böyük şair yoxdu, saat 2-di.

Yeganə adam idi ki, mən ona təzə şeirlərimi oxuyurdum. Tutaq ki, gecə saat 2-də şeir yazmışam. Zəng edirdim ki, Hacı, qulaq as. Şeiri oxuyurdum, o da tərifləyirdi. Hərdən görürdün, qeyd də edirdi ki, filan sözə bir də bax, bəlkə onu ayrı sözlə əvəz edəsən. Mənim ilk reaksiyam belə olurdu ki, Hacı, mən sənə şeir oxuyuram, qulaq asasan, o qeydləri saxla özünə.

Amma məndə şübhə əmələ gəlirdi ki, həmin misrada o söz ona niyə yerində görünmədi? Həm də bunu Hacı deyib axı. Və elə olurdu ki, mən o sözü dəyişirdim. Bir müddət keçirdi. Bir məclisdə oturanda həmin şeiri oxuyurdum. Baxırdım ki, Hacı da diqqətlə qulaq asır. Dəhşət yaddaşı vardı. Həmin o düzəltdiyim yerə gələndə, Hacı tez deyirdi: “Salaməleykim!” Hə, Hacının “salaməleykim” dediyi misralarım var…

– Sizin Əmircandakı eviniz çox belə məclislərin, zarafatların şahidi olub…

– Hə, orta məktəbdə oxuyandan bəri atam ad günlərimi qeyd edirdi. Universitetdə oxuyanda da tələbə yoldaşlarım ad günlərimə yığışırdı. Adi, ikimərtəbəli ev idi. Tələbə yoldaşlarımın çoxu kənddən gələn uşaqlar idi. Məclis gecəyə kimi uzananda elə bizdə qalırdılar.

Böyük otaqda yatırdıq, iki çarpayı vardı. O çarpayıların üstündə dava gedirdi.

Nənəm yerdən də beş-altı dəst yorğan-döşək salırdı. O vaxt üçün beş-altı dəst yorğan-döşək artıq var-dövlət əlaməti sayılırdı. Ona görə də belə təsəvvür yaranmışdı ki, Ramizgil çox varlıdır (gülür). Mənimlə bağlı miflərdən biri də bu idi.

“Allah sözünə görə məni çap etmirdilər”

– Ramiz müəllim, sizin uzun müddət bir kitabınız olub. Kiçik bir kitab idi, amma şeirlərin çoxu ədəbi mühitdə tanınırdı, sevilirdi. Ozünüz kitab çıxarmaq istəmirdiniz?

– Yox, məni çap etmirdilər axı. Mənim iki kitabımın arasında 17 il fərq var. O illərdə “Allah”, “ölüm” ifadələri olan şeirləri çap etdirmək çətin idi. Sonra bir az yumşalma oldu.

– Mətbuatda dərc edilən kimi diqqətləri özünə çəkən şeirlərdən biri “Ayrılıq”dır. Bu şeir adamlara o qədər doğmalaşdı ki, hamı onun ünvanını axtarmağa başladı.

– Şeir bir ünvana yazılmır axı. Təbii ki, şeirlərin əksəriyyətində bir tərcümeyi-hal məqamı olur. İnsan sevən vaxtlarında şeir yazmaz. Şeir ayrılıqdan sonrakı boşluqları doldurmaq üçün gəlir. Şeiri bir ünvana yükləmək onu daraltmaqdır. Şeir ona görə oxunur və sevilir ki, orda minlərlə insan öz taleyini görür. Şeirdə ümumiləşdirmə gücü var.

“Ayrılıq” şeiri təkcə bir qadınla kişinin ayrılmağı haqda deyil. O mahiyyətcə daha genişdir. Ona görə də populyardır.

– Üz-üzə gələndə bu misraları deyən adamlar tanıyıram: “Yenə bu şəhərdə üz-üzə gəldik, neyləyək, ayrıca şəhərimiz yox”…

– “Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla”.

Bilirsən, nə qədər başdaşına yazıblar bu misraları? Toylarda da oxunur. Amma mənim ən çətin, ən ümidsiz məqamlarımda dadıma çatan Müşfiqin bu misraları olub:

Tərlansan, göydən enməzsən,

Torpaqlarda sürünməzsən.

Mən dönərəm, sən dönməzsən,

Yaşa könül, yaşa könül.

– Bu günlərdə sosial şəbəkədə trend bir mövzu vardı, söz ustadlarından misralar söyləmək. Ən çox nümunə gətirilənlərdən biri siz oldunuz. Bu misraya da çox söykəndilər:

Üz tutduğum adamlar da

Üzümə durdular mənim.

Bir quyuya salladılar,

İpimi qırdılar mənim.

Üzüdonüklüyündən əziyyət çəkdiyiniz dostlarınız olubmu?

– Günel, sən təsəvvür etməzsən, nə cür adamlar mənə deyib ki, Ramiz müəllim, o şeir elə bil mənim haqqımda yazılıb. Cəmiyyətin çox tanıdığı, çox məşhur insanlar deyib.

Elə dostlarım olub, əlbəttə, olub. Anarın bir sözü var, deyir: “dostları itirmişik, eləsi var ki, ölüm əlimizdən alıb, eləsi var həyat”.

Ölümün əlimizdən aldığı dostlar elə o cür də qalıb bizim üçün. Ölüm insanı dəyişmir ki. Həyatın aldığı dost bütün dəyərini itirir. O daha ağrılıdır, daha kədərlidir. İnsan bağışlamağa meyillidir. Mən ümumiyyətlə kinli adam deyiləm. Mənə elə gəlir, bu yaşda sən insanlara ancaq güc ötürməlisən. Hamının problemləri var, mənim də əsəbiləşən vaxtlarım olur, amma mən onları özüm həll edirəm. Şair işıq verməlidir adamlara.

ramiz

– Ramiz müəllim, vətən haqqında sizin iki fərqli şeiriniz var. Biri “Vətən, səni sevmək çətindir” və “Vətənə tərif”. Necə oldu ki, özünüz dediyiniz kimi, “hirsli şeirlər”dən sonra vətənə tərif yazdınız?

– İş elə gətirib ki, mən cavanlıqdan vətənə hirsli şeirlər yazmışam. Mənim ən çox sevdiyim adam da, ən çox küsdüyüm adam da atam olub.

Kimi çox sevirsənsə, kimdən çox umursansa, ondan küsürsən də. Atama olan münasibət eynən vətənə olub məndə. Mənim şeirlərim vətən haqqındakı məşhur şeirlərə sanki alternativ kimi yazılıb.

Abbas Səhhət deyir ki:

Vətəni sevməyən insan olmaz,

Olsa ol şəxsdə vicdan olmaz.

Mən deyirəm ki:

Səni sevmək çətindir, Vətən…

Vətən haqqında başqa şeirim də var. Məsələn, məşhur bayatıya şeiri mən 20 yaşımda yazmışam.

Əzizim, vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qürbət ölkə,

Ölməyə vətən yaxşı.

Bu sözləri mən qarğış saymışam. Yazmışam ki:

Lap beşikdə, bələkdə

eşitdik bu qarğışı:

“Gəzməyə qürbət ölkə,

Ölməyə vətən yaxşı”.

Axırda deyirəm ki:

Biz də bəndənik axı

Bizə nə dərd, nə qəm ver.

Ölməyə yox, ilahi,

Yaşamağa vətən ver.

Bu şeiri 20 yaşımda necə yazmışam, indi özümə də inanılmaz görünür… Xoşbəxtəm ki, 74 yaşımda o böyük qələbədən sonra axır ki “Vətənə tərif” şeirini yaza bildim…

ramiz

Seçilən
75
millitv.net

1Mənbələr