AZ

Daniel Olmo qısa müddətə sıradan çıxdı

“Barselona”nın ispan hücumameylli yarımmüdafiəçisi Daniel Olmo La Liqanın 5-ci turunda “Jirona” ilə səfər oyununda (4:1) zədələnib.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Oyuna başlanğıc heyətində daxil olmuş ispan yarımmüdafiəçi 47-ci dəqiqədə qol vurub. Daha sonra Daniel zədələnib və 61-ci dəqiqədə Erik Qarsiya ilə əvəz edilb.

İlk müayinədən sonra təxminlərə görə, Olmo ombasının arxa səthindəki fəsadlar səbəbindən 10 günə qədər meydana çıxmaya bilər.

Beləliklə, Olmo zədə səbəbindən “blauqrana”nın iki oyununu buraxa bilər – bu, “Monako” ilə Çempionlar Liqası oyunu və “Vilyarreal” ilə İspaniya La Liqasının oyunudur.

“Barselona” Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Olmo bu mövsüm “Barselona”nın heyətində 3 oyuna çıxıb, 3 qola imza atıb.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 40 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
arena.az

10Mənbələr