Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Tərtərdə əməliyyat keçirib. Əməliyyat tədbir zamanı Anar Məmmədov, Elşad İbrahimli, Həbibə Həbibli, Xeyri Həcər, Emin Məmmədov və Nurəddin adlı sahibkar tutulublar.
Redaktor.az musavat.com-a istinadla xəbər verir ki, həbs olunanlar ünvanlı sosial yardımların saxta sənədlər əsasında təyin olunmasında ittiham olunurlar.
Tutulanlardan Anar Məmmədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Tərtər şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan onu bu postda Emin Məmmədov əvəzləyib. Anar Məmmədov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tərtər şöbəsinin müdiri vəzifəsinə keçirilib.
İstintaqın qənaətinə görə Anar Məmmədov, ardından Emin Məmmədov DSMF Tərtər şöbəsinin müdiri işlədikləri dövrdə həmin şöbədə sektor müdiri və əməkdaşları vəzifələrini tutan Elşad İbrahimli, Həbibə Həbibli və Xeyri Həcər, sahibkar Nurəddin adlı şəxslə əlbir olub saxta sənədlər əsasında ünvanlı sosial yardım təyinatı aparmaqla külli miqdarda büdcə vəsaitini mənimsəyiblər.
Həbs olunan Anar Məmmədovun Tərtər rayonunun keçmiş deputatı Sahib Alıyevin yaxın qoyumu olduğu da bildirilir.