Peyğəmbərimizin dünyayı təşriflərinin il dönümü ilə əlaqədar Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə axşam namazından sonra Şəhidlər Məscidində Mövlud tədbiri keçirildi.
İnterpress.az xəbər verir ki, tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı, Sultan Əhməd Məscidinin Baş İmamı Hasan Kara, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən iş adamları və Azərbaycan ictimaiyyətinin çox sayda nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık iştirakçılara mövlud haqqında geniş məlumat verdi. İhsan Açık öz çıxışında belə dedi:
“Bu gün Peyğəmbər Əfəndimizin dünyayı təşriflərinin 1453-cü il dönümüdür. Bu münasibətlə buraya Onu anmaq, Onu anlamaq və Onun həyatından örnək almaq üçün yığışmışıq. Peyğəmbərimizi tanımaq qulluqda ən böyük zirvədir. Onu anlamadan, Onun izindən getmədən, Onun həyatından ibrət almadan nə imanımız kamil bir iman olar, nə Quranı tam olaraq idrak edə bilərik, nə də qulluğumuz həqiqi mənada bir qulluq olar. Bizə imanı, ibadəti, əxlaqı, bir sözlə İslamı həyatımızın bütün mərhələsində necə yaşayacağımızı öyrədən Rəsulullah (s.ə.s) Əfəndimizdir”.
Natiq öz çıxışında xüsusi olaraq qeyd etdi ki: tarixdə həyatının tamamı ən incə detallarına qədər öyrənilən yeganə peyğəmbər və yeganə şəxs Həzrət Muhamməd Mustafadır (s.ə.s). Onun bütün feil, söz və duyğuları anbaan təqib edilərək tarixin şərəf lövhələrinə qızıl hərflərlə qeyd edilmişdir. Peyğəmbərimizin 23 illik nəbəvi həyatı Qurani-Kərimin canlı bir təfsiridir.
Peyğəmbərimizin Mövludu münasibəti ilə Diyanət İşləri Başqanlığının “Peyğəmbərimiz və Şəxsiyyət İnşası” adlı silsilə tədbirlər keçirdiyini qeyd edən İhsan Açıq bu tədbirin də onun bir hissəsi olduğunu dedi.
İhsan Açıq çıxışının sonunda – 15 sentyabr Bakının işğaldan azad olunmasının da il dönümü olduğunu qeyd etdi və bu vəsilə ilə başda Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitləri olmaqla vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda edən əziz şəhidləri rəhmət və ehtiramla yad etdi, onların müqəddəs ruhlarına dualar oxudu.
Daha sonra çıxış edən Sultan Əhmət Məscidinin Baş İmamı Hasan Karaya tədbir iştirakçılarını Mövlüd münasibəti ilə təbrik etdi və başda Qafqaz İslam Ordusunun şəhidləri olmaqla Azərbaycan və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini rəhmət və ehtiramla yad etdi.
Sultan Əhmət Məscidinin Baş İmamı Hasan Kara Peyğəmbərimizin Mövludu münasibətilə və əziz şəhidlərimizin ruhlarına bağışlamaq üzrə Qurani-Kərimdən surələr oxudu. Sonra isə oxunmuş olan xətimlər Peyğəmbərimizin və əziz şəhidlərimizin ruhlarına hədiyyə edildi, dualar oxundu.
Tədbirin sonunda iştirakçılara ehsan süfrəsi açıldı və hədiyyələr verildi.